İçeriğe geçmek için "Enter"a basın

Erməni nazirin Azərbaycanlı kriminal dəstəsi – “Bizim bəzi biqeyrətlərimiz də…”

09-10-2016

ukrayna
Soydaşlarımıza sui-qəsdlərin gerçək səbəbləri…

Oktyabrın 3-də Ukraynanın Dnepropetrovsk şəhərində əslən Goranboydan olan Firuz İbrahimov adlı iş adamına sui-qəsd edildiyi xəbərinin yayılması və Azərbaycan mediasında da dərhal bu cinayətin sifarişçisi kimi, başqa bir goranboylu iş adamının – Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müavini olan və indiyədək adı müxtəlif kriminal olaylarda hallandırılan Qulam Ələkbərovun göstərilməsi ictimai diqqəti yenidən Ukraynadakı soydaşlarımızın vəziyyətinə yönəldib…
Məlumat üçün bildirək ki, son iki il ərzində Ukrayna ərazisində yaşayan azərbaycanlı biznesmenlərlə bağlı iniyədək görünməmiş olaylar yaşanır: varlı azərbaycanlılar gah “naməlum qruplar” tərəfindən güllələnir, özləri və ya ailə üzvləri girov götürülərək sərbəst buraxılmalarının qarşılığında yüksək məbləğdə pulları əllərindən alınır; gah malik olduqları biznes obyektlərinə gecə basqınları təşkil edilir, əmlaklarına ziyan vurulur, oğurlanır; gah da naməlum şəraitdə və ya hansısa kiçik bir konfilikt səbəbindən qətlə yetirilir, davamlı sui-qəsdlərə məruz qalırlar…
Təkcə indiyədək mediada yayılan xəbərlərin ötəri statistikasını aparsaq, görərik ki, son iki ildə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 böyük restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud övladları ya oğurlanıb, ya sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədəcə nümayişkaranə şəkildə öldürülüb…

Və təbii ki, bu qanlı cinayətlərin əksəriyyəti də ört-basdır edilib, cinayətkarlar “tapılmayıb”, tapılanların arxasından isə adəti üzrə “azərbaycanlıların öz əlləri” çıxıb…
Ancaq Ukraynadakı soydaşlarımızdan biri son günlər yenidən aktuallaşan bu mövzuyla bağlı Strateq.az-ın əməkdaşına olduqca ilginc açıqlamalar verib.
Ukrayna ilə biznes əlaqəsi olan və bu səbəbdən də adının çəkilməsini istəməyən soydaşımız deyib ki, son 2 il ərzində azərbaycanlı iş adamlarına qarşı baş verən bütün bu cinayətlərin arxasında birbaşa və dolayısıyla əslində Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakov durur:

“Avakov gələnə qədər Ukraynada bu problemlərlə üzləşmirdik. Əkisnə, Ukrayna azərbaycanlı biznesmenlər üçün qazanmaq baxımından ideal məkanlardan sayılırdı. Ancaq Avakovun Daxili İşlər naziri təyin olunmasından sonra biz, faktiki olaraq, dövlət terroruyla üzləşmişik. Azərbaycanlı iş adamlarının öldürülməsi, oğurlanması, işgəncələrə məruz qalması, döyülərək əmlaklarının ələ keçirilməsi faktlarının hamısının arxasında Ukrayna polisinin əli var. Polisin içərisində “Avakovun dəstəsi” adlı xüsusi bir qrup yaradılıb. Bu qrupun işi sırf azərbaycanlı və türk biznesmenləri izləmək, onların fəaliyyətləri, əmlakları, sərvətləri, eləcə də ailə üzvləri barədə məlumatlar toplamaq və Avakovun özünə təqdim etməkdir. Bu informasiyanı bizə onların fəaliyyətindən xəbərdar olan gürcü dostlarımızdan biri verib və məqsəd də bizi xəbərdar etmək idi. Sonradan başımıza gələnlər onun məlumatlarını tam təsdiqlədi”.

Soydaşımızın söylədiyinə görə, Bakı ermənisi olan Avakov Ukraynanın Daxili İşlər naziri təyin ediləndən sonra Ukrayna polisində də bir neçə önəmli vəzifəyə, o cümlədən paytaxt Kiyev və vilayət polis idarəsinin rəisi vəzifəsinə erməni əsilli şəxsləri təyin edib, paralel olaraq da erməni diasporunun və kriminal aləmdəki “erməni mafiyası”nın Ukraynada fəaliyyətinə münbit şərait yaradıb:
“Son vaxtlar bu erməni polis rəisləri ciddi şəkildə Azərbaycandan qaçıb getmiş, barəsində cinayət işi olan və ya müxtəlif səbəblərdən Azərbaycana gələ bilməyən bəzi vətəndaşlarımızı, xüsusən də kriminal avtoritetləri öz tərəflərinə çəkməyə başlayıblar. Bizdə dəqiq məlumatlar var ki, Avakovun dəstəsi hansı “qanuni oğru”yla, onun adamlarıyla işbirliyindədir. Avakov, milli zəmində toqquşma yaratdığı nəzərə çarpmasın deyə, həmin azərbaycanlı kriminalların tapılıb ona verilməsini və onların əliylə cinayətlərin təşkilini tapşırıb. Təəssüf ki, bizim bəzi biqeyrətlərimiz də, guya, cinayət aləmindəki hansısa “qardaşlıq” prinsipinə əsaslanaraq, onların dəyirmanına su tökməklə məşğuldurlar. Ancaq biz dəqiq bilirik ki, Avakovun dəstəsi onları necə – hansı vədlərlə öz tərəflərinə çəkə, ələ ala bilib. Ukraynada artıq bir neçə gəlirli ərazi bölünərək, haqq yığılması işi həmin kriminal azərbaycanlılara tapşırılıb, onlar da birinci elə özümüzünkülərdən başlayıblar. Ən varlı azərbaycanlılar müəyyənləşdirilərək, onlara haqq qoyulub, verməyəcəkləri təqdirdə öldürüləcəkləriylə hədələnirlər. Hətta çox nümayişkaranə şəkildə də bir neçəsinə sui-qəsd təşkil ediblər ki, başqalarına da dərs olsun və tələb ediləni dinməzcə gətirib versinlər”.

Soydaşımızın söylədiyinə görə, baş verən bu cinayətlərin arxasında Avakovun durduğuna dair Ukraynada yaşayan azərbaycanlılar diaspora xəttiylə Ukrayna hakimiyyətini məlumatlandırmağa çalışıb, hətta bu ölkədə etiraz aksiyası da keçiriblər: “Biz – Ukraynadakı Azərbaycan diasporası Avakovun əməlləri barədə gürcü dostlarımızla birgə xeyli material toplayıb Ukrayna rəhbərliyinə çatdırmışıq, bu məsələdə lazımi materiallar ciddi şəkildə Ukraynada korrupsiyaya qarşı mübarizəyə girişmiş Odessanın qubernatoru Saakaşviliyə də verilib. Ancaq Avakov heç cür sakit dayanmır və o, indi bizim kriminalları qabağa verməklə, belə təəssürat yaratmağa çalışır ki, guya, elə azərbaycanlılar özləri bir-birini mal-mülk üstündə qırır. Ancaq Ukraynadakı azərbaycanlılar yaxşı bilirlər ki, bütün bu işlərin arxasında məhz Arsen Avakov durur”.

Soydaşımız onu da bildirib ki, əgər Ukrayna Daxili İşlər nazirinin bu özbaşınalıqlarına tezliklə son qoyulmasa, azərbaycanlı iş adamları pullarını və bizneslərini bu ölkədən çıxaracaqlar: “Bizi açıqca talayırlar. İndi Ukraynada elə vəziyyət yaranıb ki, ya biz illərlə vəsait, zaman tələb edib qurduğumuz biznesimizi, pullarımızı bu ölkədən çıxarmalı, ya da özümüzü qorumaq üçün Ukrayna hakimiyyətində güclü himayəçilər tapmalı, qazancımızı onlarla bölməliyik…”.
Mövzunu davam etdirəcəyik.(Strateq.az)

Erməni nazirin Azərbaycanlı kriminal dəstəsi – “Bizim bəzi biqeyrətlərimiz də…”