İçeriğe geçmek için "Enter"a basın

Ötən Həftə 5 fotoda: Səfirin qətli, Biləsuvarda etiraz və yeni tariflər

25-12-2016

Ötən həftənin əsas xəbərləri, Ankarada Rusiya səfirinin qətli, Berlində Milad bazarına hücum, Azərbaycanda yeni elektrik və qaz limitlərinin təyini, Biləsuvarda elektrik enerjisinin qiymətinə etiraz aksiyası və Putinin illik geniş mətbuat konfransı ilə yadda qalıb.

Andrey Karlovu vuran silahlı bu fotoda onun arxasında dayanıb

1. Həftə Ankarada Rusiyanın səfiri Andrey Karlovun qətli ilə başlayıb. Onu güllələmiş 24 yaşlı Mevlüt Mert Altıntaş Rusiyanın Suriyaya müdaxiləsinə etiraz edib.

Səfirə atəş açdıqdan sonra o, “Suriyanı unutmayaq, Hələbi unutmayaq, Allahu əkbər!” qışqırıb.

Polis şübhəlinin kimliyini yük maşınının oturacağında tapılmış şəxsiyyət vəsiqəsinə əsasən təyin edib

2. Berlində Milad bazarına yük maşını ilə hücum nəticəsində 12 nəfər ölüb və 49 nəfər yaralanıb. Özünü İslam Dövləti adlandıran qruplaşma hadisəni onun döyüşçülərindən birinin törətdiyini deyib.

Cümə günü Milan polisi hücumda şübhəli Anis Amri-ni güllələdiyini açıqlayıb.

Yeni qərara əsasən, qaz limiti 1500 kubmetrdən 1700 kubmetrə, elektrik limiti isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb

3. Dekabrın 22-də Tarif Şurası Azərbaycanda elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limiti artırıb. Şura bunu prezident Əliyevin tapşırığına əsasən edildiyini bildirib.

“…əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi istehlakçılar əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır”, qurum məlumat verib.

Biləsuvarda yaşayan məcburi köçkünlər elektrik enerjisinin limitinə etiraz edib

4. 22 dekabrda Biləsuvarda yaşayan Cəbrayıl rayonundan məcburi köçkün düşmüş vətəndaşlar elektrik enerjisinin limitinin bitməsi səbəbilə işıqların kəsilməsinə etiraz edib.

Polislə qarşıdurma nəticəsində 9 polis yaralanıb, onlardan altısına ilk tibbi yardım göstərilib, üçü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı 3 fəal saxlanılıb, onlar barəsində cinayət işi açılıb, Baş Prokurorluq bildirir.

Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin ilin ən böyük və təxminən 4 saatlıq ənənəvi mətbuat konfransını keçirib

5. Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin ilin ən böyük – 1600 jurnalistin iştirak etdiyi – və təxminən 4 saat çəkən ənənəvi mətbuat konfransında Türkiyə-Rusiya münasibətlərindən danışıb.

O söyləyib ki, 2015-ci ildə rus təyyarəsinin Türkiyə prezidentinin bilgisi olmadan vurulması barədə şübhələri olsa da, səfirin qətlindən sonra onun fikirləri dəyişib.

Cənab Putin ABŞ-la bağlı bildirib ki, Trump və onun komandasının timsalında ABŞ-la “konstruktiv münasibətlər” qurmaq istəyir.

Mənbə : BBC Azərbaycanca

Ötən Həftə 5 fotoda: Səfirin qətli, Biləsuvarda etiraz və yeni tariflər