[r32]
15 Noyabr, 2017 23:51 xeber
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda baş verən zəlzələ barəsində rəsmi məlumat yayıb.
“Report” Xidmətin saytına istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.
***
Azərbaycanda zəlzələ baş verib.
“Report”un yerli bürolarının məlumatına görə, yeraltı təkanlar Mingəçevir, Gəncə, Yevlax, Bərdə, Qax, Zaqatala və Lənkəran daxil olmaqla respublikanın Qərb, Şimal-qərb və Cənub zonalarında hiss olunub.
İlkin ehtimala görə, zəlzələnin gücü 4 bal olub və təxminən 35-40 saniyə davam edib.
***
Bu dəqiqələrdə Azərbaycanda zəlzələ olub.
Bu barədə musavat.com-a Göyçay sakinləri məlumat veriblər.
Məlumata görə, yerli vaxtla 23:48-də baş verən zəlzələ 4 bal gücündə qiymətləndirilir.
Sakinlərin sözlərinə görə, zəlzələ nəticəsində bəzi evlərdə çat yaranıb.
Xəsarət alan yoxdur
***
Moderator.az xəbər verir ki, indicə Tərtərdə zəlzələ olub.
Əhali yer titrəyişindən evlərini tərk edib. Dağıntı olub-olmaması barədə hələlik məlumat yoxdur. Əhali həyəcanla növbəti dalğanın olub-olmamasını gözləyir.
Zəlzələ bütün Qərb bölgəsində də hiss olunub. Gəncədən saytımızla əlaqə saxlayan şəxslər ölkənin ikinci paytaxtında da titrəyişlərin hiss ediləcək səviyyədə olduğunu bildiriblər. Amma hələlik zəlzələnin gücü barədə hər hansı məlumat yoxdur.
***
Bərdədə 5,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkan güclü olduğu üçün Qərb, Şimal-qərb və Aran bölgəsində bir neçə rayonda hiss edilib.
Rəşad Fərzəliyev adlı sosial şəbəkə istifadəçisi zəlzələ anında çəkdiyi videonu paylaşıb: