“2 yüksək mövqeli respublikaçı senator Trampın Moskva ilə yaxınlaşmaq cəhdindən ehtiyat edir. Hər iki partiyanın deputatları isə seçilmiş prezidentin xarici siyasətinin potensial təsirlərindən narahatlığını ifadə edir” – “The Wall Street Journal” bloqunda jurnalistlər Felisiya Şvars və Kristina Piterson yazır.
Çərşənbə axşamı silahlı qüvvələrin işi üzrə senat komitəsinin sədri Con Makkeyn bəyan edib: “Növbəti dəfə ABŞ-Rusiya münasibətlərində “yenilənmə” Putin və Əsədin törətdiyi Suriya vətəndaşlarının qətliamında iştirak etmək mənasına gəlir. Bu qüdrətli ABŞ üçün qəbul edilməzdir”.
Senat komitəsində xarici əməliyyatlar üzrə alt komitənin sədri senator Lindsi Qrehem deyib ki, Trampın Moskvaya münasibətini müsbət qarşılamır və onun öz kursunu müəyyən edənə qədər Putinin vəziyyətdən faydalanacağından ehtiyatlanır.
“Məni Rusiya narahat edir, – Qrehem bəyan edib. – O, beynəlxalq arenada zərərli aktyordur. Onu dayandırmaq lazımdır. Biz Krımı güzəştə getməməliyik”.
Jurnalistlərlə görüşündə Qrehem əlavə edib: “Qorxuram ki, əgər biz tezliklə “yol hərəkəti qaydaları” haqda onlara xəbərdarlıq etməsək, Qərbi Ukraynanın daha dərinliklərinə girəcəklər. Məni narhat edir ki, onlar Əsədi hakimiyyətdə saxlamaq üçün hər şeyə cəhd edirlər”.
Senator Con Makkeyn qeyd edib ki, Tramp Putinin münasibətləri düzəltmək çağırışlarına etibar etməməlidir.
“Ölkəsini tiraniyaya sürükləmiş, siyasi rəqiblərini öldürmüş, qonşu ölkələrin ərazilərinə soxulmuş, Amerikanın tərəfdaşlarını təhdid etmiş KQB-nin keçmiş agentinin bəyanatına əvvəlki sözlərinə nə qədər inanmışıqsa, o qədər inanmalıyıq”, – o deyib.
Demokratlar da narahatdır ki, Tramp xarici siyasətin öhdəsindən gələ biləcək, ya yox. “Trampın xarici siyasət barədə fikirləri məndə yuxusuzluq yaradır”, – senator Kris Merfi bəyan edib.(azadliq.info)