Teleməkanda böyük qalmaqal
Azərbaycan teleməkanında ən reytinqli hesab edilən verilişlər insan taleləri ilə bağlı layihələrdir. Uzun illər ATV kanalında yayımlanan “Səni axtarıram” verilişi reytinq göstəricisində öndə olub. Bu günlərdə verilişboyu göz yaşı tökən tamaşaçılara o qədər də xoş olmayan görüntülər təqdim olundu. Meydan TV-nin yayımladığı həmin kadrlar proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.
Xatırladaq ki, “Səni axtarıram” layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırdı. Bundan sonra veriliş ANS-də işıq üzü gördü. Hazırda isə “Xəzər” TV-də yayımlanır.
Azərbaycan televiziya məkanında insan taleləri ilə bağlı olan verilişlər təkcə “Səni Axtarıram”la bitmir. Bir müddət öncə yayımı dayandırılan “Ümid var”, İlham Mirzəyevin aparıcılıq etdiyi “Etiraf” verilişi də geniş auditoriyası olan, insanları emosionallaşdıran verilişlərdən idi. Hazırda ATV telekanalında yayımlanan “Bizimləsən” verilişi də məhz bu konseptdədir.
Sosial şəbəkələrdə geniş müzakirə olunan bu qalmaqalla bağlı araşdırma aparıb müxtəlif ekspert rəylərini, yanaşmaları, habelə rəsmi şəxslərin mövqelərini təqdim etməyə çalışmışıq.
Nuşirəvan Məhərrəmli: «Kadrarxası görüntülərə mən hələ 2014-cü ildə baxmışam”
““Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”. Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub: “Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı, hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik”.
N. Məhərrəmli qeyd edib ki, MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir: “Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbi ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar daha doğru olar”.
“Hazırda Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı bizə hər hansı neqativ məlumat daxil olmayıb” – deyə, MTRŞ sədri qeyd edib.
Arif Əliyev: «Bu həm peşəkərlar üçün, həm də hökümət üçün ciddi problemlər yaradır»
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev “Bizim Yol”a açıqlamasında bildirdi ki, bu cür verilişlərin yayılmasına qadağa qoymaq həm düzgün deyil, həm də səmərəsizdir: “Ancaq bunların çox aşağı səviyyəli verlişlər olması həqiqətdir. Efiri başdan ayağa tutub. Həmin proqramlar cəmiyyətin həm intellektual təbəqəsi, həm də peşəkərlar üçün, həm də hökümət üçün ciddi problemlər yaradır. Belə verilişlərin 99,99 faizi saxtakarlıqlar və tamaşa olunma üzərində yaradılıb. Bu təkcə Azərbaycanın, Moskvanın xəstəliyi deyil. Bu, hər yerdə istifadə olunan reytinq xatirinə, reklam cəlb etmək xatirinə, daha çox göz yaşı tökmək xatirinə istifadə olunan texnologilardır. Xarici ölkələrdə bu cür texnologiyalardan istifadə edən və belə verilişləri hazırlayan həmkarlarından adətən jurnalist təşkilatları, jurnalistlər bir qədər kənar dayanırlar. Peşə münasibəti, peşəkarların bir-birinə münasibəti həmişə bu məsələdə meyar rolunu oynayır”.
A.Əliyev deyir ki, belə məsələlərdə auditoriya meyarı əsas rollardan birini oynayır: “Auditoriya nə zaman ki, aldadıldığını xəbər tutur, o zaman əlbəttə ki, buna pis münasibət bəsləyir. Bilirsiniz, maliyənin yönəldilməsi məsələsi də çox önəm daşıyır. Hökümətlər bir çox ölkələrdə televiziyanın və ya mətbuatın inkişafına bu və ya digər vasitələrlə yardım göstərir. Azərbaycan höküməti telekompaniyalara vəsaitlər ayırdı ki, seriallar çəkilsin. Gəlin baxaq görək, hansı keyfiyyətdə hansı seriallar hazırlanır? Çəkilən seriallar da adıgedən verilişlərdən demək olar ki, heç nə ilə fərqlənmir. Sadəcə bunun serial olduğunu bilirsən, verilişin isə insanalr həqiqət olduğunu düşünür. Odur ki, hökümət ya da jurnalist qurumları maliyyə məsələsinə baxanda əlbəttə bu kriteriyanı əsas tutmalıdırlar ki, keyfiyyətli jurnalistikanın, verilişlərin inkişafına yönəldilsin. Daha bu cür serialları, verilişləri artırmasınlar”.
Qulu Məhərrəmli: “Bu cür saxta epizodlar olan verilişlər gözdən düşür”
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli də qəzetimizə açıqlamasında bildirdi ki, ağlamaq da, gülmək də, kədərlənmək də insana xas olan xüsusiyyətlərdi. Televiziyalar da bəzən bunun üzərində verilişlərini qururlar: “Bizdə bəzən olur ki, peşəkarlıqla, yüksək səviyyədə görülə biləcək işlər qeyri-peşəkarlıqla görülür. Məsələn, hər hansı bir epizoda dramatiklik vermək üçün vasitələr var. Bunun birincisi dramaturgiyanı düzgün qurmaq lazımdır. Epizodları elə ardıcıl etmək lazımdır ki, hadisənin mahiyyətindən, məntiqindən nəticə olsun. Montaj vasitəsi ilə gerçək hadisələri düzüb, müəyyən emosinal dalğa yaratmaq lazımdır. Ancaq bəzən yayılan nümunədə gördüyünüz kimi çox kobud, qeyri-peşəkar şəkildə yalan quraşdırılır. Yəni, bunun hesabına emosiya yaratmaq olmaz. Bir gün bunun üstü bu şəkildə açılır, az sayda adamın bildiyini böyük auditoriya bilir. Təbii ki, nəticə verilişin də, aparıcının da imicinə mənfi təsir edir”.
Q.Məhərrəmlinin sözlərinə görə, televiziyada əyləncəli verilişlər olmalıdır. Çünki əyləncə həyatımızın bir parçasıdır: “Ancaq biz peşəkar şəkildə əyləncəli proqramlar etməliyik. Yəni, burda həm intellektin, həm peşənin gücündən istifadə olunmalıdır. Əyləncəsiz proqramlar olmur. Televiziya kanalları bunun üzərindən həm reytinq, həm pul qazanır. Biz televiziyanı nə qədər pisləsək də babat nümunələr var. Məsələn, bu yaxşı musiqi verilişidir, bu yaxşı əyləncə verilişidir və s. Əlbəttə ki, bu cür saxta epizodlar olan verilişlər gözdən düşür. Ona görə də bu məsələdə diqqətli olmalıyıq”.
Ələsgər Məmmədli: “Telekanalın rəhbərliyi MTRŞ tərəfindən cəzalandırılmalıdır”
Baş verən hadisənin hüquq pozuntusu olub-olmamasını aydınlaşdırmaq üçün hüquqşunas Ələsgər Məmmədli ilə əlaqə saxladıq. Ə.Məmmədli bildirdi ki, ilk növbədə jurnlaistin peşə prinsipi obyektiv, qərəzsiz olmaq və ictimai əhəmiyyət daşıyan məsələləri cəmiyyətin diqqətinə çatdırmaqdır: “Həmin verilişlə bağlı yayılan kadrlarda bir fakt həkim iynə vurub-vurmamaq məsələsində jurnalistə məsləhət etməməlidir. Həkim iynə vurmaq lazımdırsa vurar, lazım deyilsə vurmaz. Həkimin peşəkarlığı tələb edir ki, o xəstədən alət kimi istifadə etməsin. Ümumiyyətlə o həkim haqqında araşdırma aparmaq lazımdır ki, o necə bu tip səhnələşdirmə prosesində aktyor kimi istifadə olunub”.
Ə.Məmmədli şəxsin və ya kütlənin ona ziyan dəydiyi təqdirdə iddia qaldırıb-qaldıra bilməyəcəyi barədə sualımızı cavablandırdı. Hüquqşünasın sözlərinə görə, tərəflərin hüquqları pozulduğu şəkildə iddia qaldıra bilər: “Ancaq bu və ya digər formada cəmiyyətin hansı hüququ pozulduğunu sübut etmək vəzifəsi iddia qaldıran tərəfin olur. Bu aspektdən bu məsələ ilə bağlı tədbir görmək şansı yoxdur. Sadəcə olaraq, bu hansı telekanalda gedibsə, onun rəhbərliyi Milli Televiziya və Radio Şurası tərəfindən cəzalandırılmalıdır. Teleradio fəaliyyəti haqqında qanunun 40-cı maddəsi teleradio kanallarına verilən tələblərlə bağlıdır və çox aydın normalar müəyyən edib. Televiziyada bununla bağlı məsul şəxslər kimlərdirsə, onların məsuliyyəti var”.
Liya Bayramlı: “Bizdə də elə işçi yoxdur”
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramlı mətbuata açıqlamasında deyib ki, nazirlik həmin həkimdən xəbərsizdir: “O həkim “Medera Hospital”ın həkimidir. Səhv etmirəmsə, oranın baş həkimi Firəngiz xanımdır. Siz onunla əlaqə saxlayın. Ora özəl klinikadır. Həmin məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. O həkimin isə səsləndirdiyi sözdən başqa günahı yoxdur. Amma bilmirəm ki, hansı sahə üzrə həkimdir”.
“Medera Hospital”ın baş həkimi Firəngiz Məhərrəmova isə bildirib ki, bütün kanallarda sponsorluq edir, amma ambulans xidməti göstərmir: “Bizdə də elə işçi yoxdur”.
Xoşqədəm Hidayətqızı: “ATV-də atdığım addımların hər birindən rəhbərliyin xəbəri var”
Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: “Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm”.
ATV-dən açıqlama
“Azad Azərbaycan” Teleradio Yayım Kompaniyası hər zaman ictimai və dövlət maraqlarını üstün tutan yayım siyasəti yürüdüb və bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək. İctimaiyyəti məlumatlandırmaq üçün nəzərinizə çatdırırıq ki, 2014-cü ilin aprel ayından etibarən ATV kanalında yayımı dayandırılan və heyəti kanaldan qalmaqallı şəkildə ayrılan “Səni axtarıram” verlişi ətrafında ortaya çıxan növbəti qalmaqalda “Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının heç bir rolu yoxdur. Bu hadisə növbəti dəfə şirkətin imicinə yönələn qərəzli qaralama kampaniyasından başqa bir şey deyil. Bunu nəzərə alaraq bəzi məqamları yenidən xatırlatmaq məcburiyyətindəyik.
Aysel İsgəndərli