İçeriğe geçmek için "Enter"a basın

“Avis” apteklərinin sahibi həbs olundu. (Yenilənib)

29-01-2016

aptek
Bakıda geniş aptek şəbəkəsinə malik olan “Avis” Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

“Report”un əldə etdiyi məlumata görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb
29/01/2016 – 20:54
Baş Prokurorluğun mətbuat xidməti xəbər verir ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən AVİS aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vasitələrinin qanunsuz satılması müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O. Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülüb. Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitələri aşkar edilib.

“Maymed” MMC-nin direktoru Elmir Məhərov  vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq həmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb. E. Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda fəaliyyət göstərən “Avis” apteklərində əməliyyat keçirilib. Bu barədə məlumatı Musavat.com-a aptek işçilərindən biri verib. Məlumata görə, əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilib və bütün aptekləri əhatə edib. Əməliyyat zamanı saxlanılanlar olub, bir neçə aptek nümayəndəsi isə izahat alınması üçüm DTX-yə aparılıb.
İlkin məlumata görə, əməliyyatın keçirilməsinə bu apteklərdə satılan dərman vasitələrinin keyfiyyəti ilə bağlı kütləvi şikayətlər səbəb olub. “Avis” apteklərindən alınan dərmanlardan ziyan çəkənlərin olduğu bildirilir.
“Avis” tibbi marketinin Türkiyə vətəndaşı olan baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumatlar var.
Azadliq.az

“Avis” apteklərinin sahibi həbs olundu. (Yenilənib)