[r32]
Prezident İlham Əliyev Etibar Pirverdiyevin sözünü kəsdi
Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək.
Azadliq.az virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.
Dövlət başçısı deyib ki, ölkənin kifayət qədər enerji gücü var.
“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz.
Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında.
İnsanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar…”
İlham Əliyev qeyd edib ki, hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəyib.
“Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir.
Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin.
Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, – deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır.
İlham Əliyev Oqtay Şirəliyevin də sözünü kəsdi
“Metropolitenə gəlincə, burada ümumiyyətlə generator yoxdur və bu olduqca məyusedici faktdır”
“Bütün strateji obyektlərin generatorlarla təchizatı məsələsini öyrənmək lazımdır. İlk növbədə xəstəxanaların və Metropolitenin. Baxmayaraq ki, səhiyyə naziri müşavirədə məlumat verdi ki, bütün xəstəxanalarda generatorlar işləyir, məndə olan informasiyaya görə, bu, həqiqətə uyğun deyil. Bəzi klinikalarda generatorlar işləmir –onlar ya yoxdur, ya da qoşulmamışlar və ya işlək vəziyyətdə deyillər”.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkənin energetika sistemindəki vəziyyətə həsr edilmiş bugünkü müşavirədə deyib.
Dövlət başçısı bu barədə ciddi yoxlama aparılmasını və ölkənin bütün xəstəxanalarında işlək vəziyyətdə olan generatorlarla bağlı məlumat verilməsini tapşırıb.
“Metropolitenə gəlincə, burada ümumiyyətlə generator yoxdur və bu olduqca məyusedici faktdır”, – Prezident vurğulayıb.
İlham Əliyev enerji qəzaları zamanı problemlər olmasın deyə, Metropolitenin bütün stansiyalarının generatorlarla təchizatı üzrə təkliflər hazırlamaq barədə də tapşırıq verib.
“Bakmetropoliten” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov öz çıxışında bildirib ki, qəzaya görə şəbəkədə enerji təchizatının dayandırılması Bakı metrosunun işində problemlərə gətirib çıxarıb.
Onun sözlərinə görə, birinci blekaut nəticəsində metronun tunellərindən çərşənbə axşamı gecəsi 154 nəfər adam təxliyə edilib.
“Bir gün əvvəl, ölkənin energetika sisteminin ikinci dəfə dayanması zamanı isə metro stansiyalarından və tunellərdən 30 min insan təxliyə edilib”, – deyə Z.Hüseynov əlavə edib.
mənbə: virtualaz.org