[r32]
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş azərbaycanlı iş adamı Telman İsmayılov barədə sensasion iddia açıqlanıb. Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, istintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində şübhəli bilinir.
Belə ki, həmin ali məktəb azərbaycanlı iş adamının rəhbəri olduğu “Çerkizovo” bazarının yaxınlığında yerləşirmiş. 1996-cı ildə Telman İsmayılov universitetin ərazisinin bir hissəsini ələ keçirmək istəyib, lakin Bodin bunun qəti əleyhinə çıxıb. Elə həmin vaxt daha bir prinsipial fiqur – bu qərarı çıxarmalı olan qadın – torpaq departamentinin məmuru qətlə yetirilir.
Telman İsmayılov 8 nəfərin qətlində ittiham olunsa da, bu rəqəm 9-a da yüksələ bilərdi. Doqquzuncu qətlə namizəd isə müğənni Avraam Russo olub. Telman İsmayılov müğənniyə prodüserlik edib. Mənbə bildirir ki, sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub – kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.
İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, – deyə, Marina Rusakova bildirib.
Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.
Qeyd edək ki, Telman İsmayılovun adam öldürməkdə və qanunsuz silah saxlamaqda ittiham olunan qardaşı Vaqif İsmayılovun da əvvəlcə Rusiyada gizləndiyini sanırdılar. Sonra onun qardaşı Telmanın yanına, Türkiyəyə köçdüyü məlum olub. Hər iki qardaşı son zamanlaradək Antalya sahilində yerləşən “Mardan Palace” otelində yaşayırlarmış. Otelin özünün isə elektrik borcuna görə işığı kəsilib. İndi Vasif İsmayılovun da Fransa da olduğu bildirilir.
Güman edilir ki, qardaşlar Türkiyənin onları Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığınıblar
Xatırladaq ki. bu gün axtarışda olan Telman İsmayılovun Türkiyədən Fransaya qaçması barədə məlumatlar yayılıb.