İçeriğe geçmek için "Enter"a basın

Xəzərdə faciə – 10 neftçi itkin düşüb, birinin cəsədi tapıldı – YENİLƏNİR

15-12-2016


[r32]
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir. “APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

“Saat 15:00-a olan məlumata görə, itkin düşən neftçilərdən birinin, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğlunun meyiti tapılıb. Onun meyiti gəminin göyərtəsindədir. Axtarışlar davam etdirilir. Hava şəraitinin əlverişsiz olması axtarış tədbirlərini çətinləşdirir”, – deyə B. Ağarəhimov bildirib.

Qurum rəsmisi qeyd edib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar öncədən müvafiq tədbirlər görülüb: “Lakin küləyin sürəti saniyədə 41 metr olub”.
Onun sözlərinə görə, estakada 1978-ci ildə istismara verilib: “Orada daim təmir-bərpa işləri aparılıb. Sonuncu dəfə təmir cari ilin avqust ayında aparılıb”.

* * *

Bu gün “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisə nəticəsində itkin düşən 10 neftçidən bir nəfərin cəsədi sudan çıxarılıb.

Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib: “Aldığım ilkin məlumata görə, bir nəfərin (Cavid Bəhramovun – Atbulaq kəndindən) cəsədi tapılıb. Qalan 9 nəfər itgin düşüb. Onu da qeyd edim ki, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olmuşdu.”

* * *

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

SOCAR-dan “AzPolitika”ya verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Qafarov İlham – operator
7. Əsədov Samir – operator
8. Bəhrəmov Cavid – operator
9. Abbasov Ramiz – maşinist
10. Rüstəmov Qorxmaz – operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Azadlıq.az

Xəzərdə faciə – 10 neftçi itkin düşüb, birinin cəsədi tapıldı – YENİLƏNİR