[r32]
Sosial şəbəkələrdə Quba Rayon Məhkəməsində məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadənin onu böyütmüş xalasından ayıraraq atasına verməsini özündə əks etdirən videogörüntüləri hamı kimi mən də ürək ağrısı ilə izlədim.
Əslində bu məsələdə ən adi və ən sadə həqiqət ortadadır: azyaşlı Nuray ona bu günə kimi atalıq etməyən bioloji atasından imtina edir və onu böyüdüb boya-başa çatdıran xalasının yanında qalmaq istəyir. Zənnimcə, məhkəmə qərarının icrası zamanı uşağın bu istəyi mütləq nəzərə alınmalıydı. Lakin videodan da göründüyü kimi, Nurayın zorla alınaraq atasına verilməsinə cəhdlər edilir. Və bu işdə ən çox fəallıq (mən deyərdim ki, hətta canfəşanlıq) göstərən də elə Nurayın öz bioloji atasıdır.
Videonu izləyən sıravi vətəndaşlarımızın bir çoxu ilk növbədə məhz icraçı məmurları, polisləri qınamağa üstünlük verirlər. Bəli, məhkəmə icraçılarının hərəkəti tamamilə tənqidə layiqdir: Hətta həmin icra məmurları cəzalandırılmalıdır. Ancaq digər tərəfdən də, uşağın valideynlərindən sağ qalanına verilməsi ilə bağlı Ali Məhkəmənin qərarı var və bu qərara hörmətlə yanaşmaq lazımdır.Çünki qanunlara görə, anasını itirmiş uşaq hər hansı başqa bir şəxsin deyil, məhz öz doğma atasının himayəsinə verilməlidir. Ancaq…
Məsələnin məğzi və qəlizliyi də elə bu “ancaq”dadır. Uşağının yanında qeyri-etik ifadələr işlədən, residivist canilər, manyaklar kimi hərəkət edərək uşağı yerdə sürütləyən bir “ata”ya hamilik, valideynlik hüququ, verilə bilərmi? Bu, nə dərəcədə düzgün bir addım olardı?! Atalarımızın bir sözü vardı: “görünən kəndə nə bələdçi”. Bu mənada, Nurayın atasının öz doğma uşağına qarşı bu cürə qəddar hərəkətləri qətiyyən doğru deyil. Əgər o, bir ata kimi həqiqətən də övladını həmişəlik olaraq öz yanında görmək istəyirdisə, onunla ilk növbədə uzun müddət ünsiyyətdə olmalı idi. Öncə onunla tez-tez görüşməli və onu ata-bala birgə yaşamağa psixoloji cəhətdən hazırlamalı idi. Ancaq, onun 10 yaşlı çarəsiz qızcığazı ağlada-ağlada, yerə yıxmaqla, icra məmurlarının gözü qarşısında qucağında zorla aparmağa cəhd göstərməsi faktı isə bir daha bu faktı təsdiqləyir ki, onun əqli-psixoloji sağlamlıq durumu normal deyil və Nurayın ona verilməsi Nurayın sonu demək olardı.
Mən hesab edirəm ki, Ədliiyə Nazirliyinin əlaqədar strukturları bu olayın bütün təfərrüatlarını hərtərəfli araşdıracaq və 10 yaşlı uşağın gələcək taleyi ilə bağlı ən ədalətli qərar veriləcək. Olayda iştirakı keçən və bu vəya digər şəkildə qanun pozuntularına yol verən şəxslərin cəzalandırılacağına, uşağa qarşı zorakılığa yol verən bioloji atanın cinayət məsuliyyətinə cəlb ediləcəyinə də qətiyyən şübhə etmirəm.
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri