İçeriğe geçmek için "Enter"a basın

İcra başçısının “vurduğu”bələdiyyə sədri həbs olundu!

04-12-2016

beled
r[32]
Bu ilin avqust ayında vəzifəsindən azad olunan keçmiş bələdiyyə sədri həbs olunub. Belə ki, Abşeron rayonu Məmmədli kəndinin keçmiş bələdiyyə sədri Vaqif Nəbiyev bugünlərdə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

V.Nəbiyevin vəzifəsindən azad olunduğu və barəsində cinayət işi açıldığı haqda məlumatı ilk dəfə “AzPolitika” 17 avqust tarixli buraxılışında yaymışdı.

10 ildən artıq Məmmədli Bələdiyyəsinə rəhbərlik etmiş V.Nəbiyevin vəzifəsindən uzaqlaşdırılmazdan əvvəl ümumi dəyəri milyonlarla hesablanan əmlaklarını dəyər-dəyməzinə satdığı bildirilirdi. V.Nəbiyev tam müflis edildikdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı və həbsi gözlənilən idi.

Bəzi məlumatlara görə, Bakının ən böyük torpaq ərazisinə malik kəndlərindən olan Məmmədli Bələdiyyəsinin sədri Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədovanın qəzəbinə gəlib. Belə ki, məhz İ.Gülməmmədova bu rayona başçı təyin olunduqdan sonra V.Nəbiyevin işləri çətinə düşüb və Məmmədli kəndindəki çoxsaylı obyektlərini, hətta avtomobillərini satmağa başlayıb. V.Nəbiyevin hətta sonuncu seçkilərə qatılmaq istəmədiyi, lakin qarşısına ağır şərtlər qoyulduğundan məcburən yenidən sədr olmağa razılaşdığı da verilən məlumatlar sırasındadır.

“Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcovun kadrı kimi təqdim olunan V.Nəbiyev, torpaq alverinin ən qızğın vaxtlarında Məmmədli Bələdiyyəsinə sədrlik edib. Ondan əvvəl isə bu vəzifəni atası Xəlil Nəbiyev tutub. V.Nəbiyevin bələdiyyə sədri olduğu illərdə Məmmədli kəndinin min hektarlarla torpaq sahəsi satılıb, bu qanunsuz satış və sənədləşdirmələrdən milyonlarla pul mənimsənilib. Lakin buna baxmayaraq, Məmmədli kəndi Bakının ən baxımsız kəndlərindən biri olaraq qalmaqdadır”, deyə, mənbə həmin vaxt “AzPolitika”ya bildirmişdi.

Qeyd edək ki, Məmmədli Bələdiyyəsinin yeni sədri Xəyalətdin Məmmədovdur.
Azadlıq.az

İcra başçısının “vurduğu”bələdiyyə sədri həbs olundu!