İçeriğe geçmek için "Enter"a basın

Hacı İbrahim yenə də təəccübləndirir

06-11-2016

haci
“Mən yas yerinə də “Stefano Ricci” geyinirəm”

“Mənim bütün geyimim “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” kimi tanınmış 4 brenddəndir”. Bu fikirləri ölkə.az-a açıqlamasında “Avesta” konserninin prezidenti İbrahim Nehrəmli geyimi barədə danışarkən bildirib. Son vaxtlar müflisləşən iş adamı bu brendlərin məhsullarından istifadə etdiyini deyib: “Bu brendlərin arasında isə ən çox “Stefano Ricci”-dən geyinirəm. Geyimimi özüm seçirəm. Hər zaman çalışıram ki, zövqlə geyinim. Geyimi hər zaman özüm almağı sevirəm. Geyindiyim paltarları isə həm xaricdən, həm də Azərbaycandan alıram. Hara getsəm də “Stefano Ricci”, “Zilli”, “Rioni” və “Bitton” mənim üçün geyimlər saxlayır. Bu firmaların yeni nə isə malı gələndə də zəng edib mənə xəbər edirlər. Misal üçün, zəng edib deyirlər ki, filan gödəkcədən 4 ədəd gəlib, biri də sənindir. Yəni, mən hər zaman bu cür geyinirəm”.

İbrahim Nehrəmli bahalı saatlar taxmağı xoşladığını da vurğulayıb: “Saatlarım “Vacheron Constantin” kimi dünyanın tanınmış brend firmalarındandır”.

Nehrəmli yas yerinə də tanınmış firmalardan geyindiyini söyləməklə isə, necə deyərlər, əsl “gül vurub”: “O gün bir yas yerinə getmişdim, başdan ayağa “Stefano Ricci”-dən geyinmişdim. Ayaqqabımın da üzərində “Stefano Ricci” yazılmışdı. Hamı mənə baxırdı, dedilər ki, Hacı İbrahim yenə də təəccübləndirir. Yəni, mən yas yerinə də “Stefano Ricci” geyinirəm”.

Qeyd edək ki, “Hacı” İbrahim mifik və fırıldaq “Xəzər adaları” layihəsini reallaşdırmaq adı ilə Beynəlxalq Bankdan 100 milyonlarla dollar (bəzi məlumatlara görə, 850 milyon dollar) kredit götürüb. Ümumilikdə onun kredit borclarının məbləğinin 1 milyard dollara yaxın olduğu deyilir. Ancaq özünün etiraf ediyinə görə, Beynəlxalq Bankdan 450 milyon manat kredit götürüb. Halbuki, daha əvvəllər israrla bildirirdi ki, kredit borcu cəmi 57 milyon manatdır. Bu baxımdan onun dediklərinə inanmaq olmur.

Hər halda borcu çox olduğundan bir müddət əvvəl “Bandotdel” tərəfindən həbs olunub, “podvalda” saxlanmışdı. Sonra bəzi ödənişlər etdiyindən və pulu qaytarmaq vədi verdiyindən buraxıldı. Ondan sonra müxtəlif adlarla dəfələrlə ölkədən çıxmağa cəhd etsə də, buraxılmadı.

Qeyd edək ki, İbrahim Nehrəmli banklardan belə böyük kreditləri utopik layihəyə xərcləmək adı ilə aldığını özü də etiraf edib: “Xarici işlər naziri israillilərə demişdi ki, bu layihə xülyadır. Yüksək rütbəli məmur belə dedikdən sonra mən nə edə bilərəm ki?!

İbrahim Nehrəmlinin mifik bir layihə üçün aldığı vəsaitlərin böyük hissəsini isə özünə şəxsi təyyarə, bahalı maşınlar, nəvələrinə Londonda evlər, 14 min dollara ayaqqabı, katibəsi üçün yüz min dollarlıq “cip”, minlərlə dollarlıq ətirlər almağa və s. bu kimi dəbdəbələrə xərclədiyi bildirilir. İndi bunu özü də etiraf edir.

Hətta həmin ayaqqabılarla yas yerinə getməsinə dair əttökən açıqlamalar da verir. Əlbəttə, dövlətin 100 milyonlarını hansısa mifik layihə üçün belələrinə verəndə maliyyə böhranı da yaranar, iqtisadi tənəzzül də…
(AzPolitika.info)

Hacı İbrahim yenə də təəccübləndirir