İçeriğe geçmek için "Enter"a basın

Vladimir Putin kimdən qorxur? – “Moskva iğtişaşlara hazırlaşır, Kreml önləyici tədbirlər görür”

13-04-2016

nac
Kreml, bütün ölkə üzrə keçiriləcək kütləvi etiraz aksiyalarına hazırlaşır. Vladimir Putinin təşəbbüsü ilə yaradılmış milli qvardiya və nəzəri baxımdan “lazımı” adamın ekstremizmdə ittiham edilməsinə kömək göstərəcək “Yaravoy anti-terrorist əlavəsi” buna sübutdur.

Jurnalist və publisist Leonid Radzixovski sual verir: “Bir şey bəlli deyil ki, görəsən hakimiyyət kiminlə mübarizə aparacaq, axı indi Rusiyada uşaq bağçasında dincəlmə vaxtı kimi tam sakitlikdir. Aydındır ki, Rusiya hökumətinin son hərəkətləri Moskvanın hansısa etirazlara hazırlaşmasından xəbər verir. Lakin müəmma, onların kimə qarşı mübarizə aparacaqlarından ibarətdir. Kreml kimdən qorxur? Müaqvimət hərəkatını kim həyata keçirəcək? Bu mənim üçün anlaşılamazdır”.

Leonid Radzixovski Ukraynanın “Apastrof” portalına açıqlamasında daha sonra deyib: “Mənim özüm Moskvada yaşayıram və görürəm ki, burada tam şəkildə qəbirstanlıq sükutudur. Hətta mikroskopla baxsan, qayığın azacıq da olsa tərpənişini görməzsən. Ancaq onların buna hazırlaşması – faktdır. Və ya ola bilər ki, ən azından özlərini nəyəsə hazırlaşan kimi aparırlar.
Səmimi söyləsəm, mən “anti-terrorist əlavəsi” zərfi ilə detallı şəkildə tanış olmamışam, lakin bilirəm ki, orada söhbət ekstremist çağırışlara qarşı məsuliyyətə cəlb olunma tədbirlərinin gücləndirilməsindən gedir. Siz yaxşı bilirsiniz ki, istənilən fəaliyyəti ekstremist və ya əksinə adlandırmaq heç də çətin deyil.
Təbii ki, bu elə formalaşdırılıb ki, istənilən adamı tutub, həbs etmək mümkün olsun. Bax, məsələn, elə məni. Ona görə ki, mən sizinlə söhbət edirəm, ancaq sizin portalınız ekstremist hesab olunur (Bu ilin fevral ayında Roskomnadzor “Apastrof”u ekstremizmdə ittiham edib). Sizinlə söhbət etməklə, mən öz vətənimə qarşı ekstremizmə yardım göstərirəm. İstəkləri olsa, məni həbsə ata bilərlər. Bunlar hamısı müvafiq qərarları verən məmurların ”xoş məramlar”ından asılıdır”.
Leonid Radzixovski deyir ki, ola bilər Rusiya hakimiyyətində hansısa terror planları barədə məlumat var, lakin bunun qarşısını ala biləcək dövlət orqanları mövcuddur. ““Panamageyt” sənədləri ilə bağlı Peskovun verdiyi bəyanatda deyilir ki, bu Kremlə qarşı informasiya hücumudur. Onun bu ifadəsi çox axmaq səslənir. Mən bilmirəm, Peskovun bəyənatını axmaq adlandırmağı “ekstremizm” hesab etmək olarmı?
Bu məsələ ilə əlaqədar televizorda əməlli bir şey izah etməyiblər. Ümumiyyətlə isə əhalinin 90 faizi söhbətin nədən getdiyindən ağah deyil. Baş verənlər Rusiya Federasiyasında heç bir həyəcan, inciklik, narazılıq və digər bu cür emosiyalar yaratmayıb. Hətta, maraq belə olmayıb.
Ancaq sadə vətəndaşlardan fərqli olaraq, Kreml daha çox şey bilir. İnsanların əhval-ruhiyyəsini görmək üçün mənim hansısa xüsususi bir məlumata ehtiyacım yoxdur. Bunun üçün küçəyə çıxmaq, insanlara baxmaq, metroya minmək və onlarla söhbət etmək kifayətdir. Vəssalam. Həqiqəti bilməkdən yana, mənə bahalı rəy sorğuları və ya xüsusi agentlər lazım deyil.
Bəlkə onlarda (Rusiya hakimiyyətində) hansısa fəaliyyətlər, terror aktları və sairə barədə məlumat var. Amma bunun üçün qanun və həmçinin müvafiq orqanlar mövcuddur. Hər halda kütləvi nəyinsə olması gözlənilmir”.

Ekspertin fikrincə, milli qvardiyanın yaradılmasının senyabrda keçiriləcək seçkilərlə də əlaqəsi yoxdur. “Ekstremist yönlü partiyaları qeydə almağa hazırlaşan yoxdur. Həm də ki, arzu etsələr istənilən siyasi qüvvəni ekstremist adlandırmaq mümkündür. Məsələn, Kasyanov deyir ki, Krımı qaytarmaq lazımdır. Bütün bunların hamısı Rusiya qanunvericiliyinin pozulması və eləcədə ekstremizmdir. Ona görə də, partiyanı qeydə almayacaqlar. Bunun üçün qanunvericilkdə dəyişiklər aparmağa ehtiyac yoxdur. Belə bir şey üçün milli qvardiyaya da gərək qalmır.
Cəmiyyətin əhvalına görə, seçkilər səssiz-səmirsiz keçəcək. Müxalifət adlandırılan cansıxıcı “nökərlər” Dumaya girəcəklər və müəyyən yer də alacaqlar. Əyri və ya düz, onlar hakimiyyət üçün heç bir təhlükə törətmirlər. Həmin müxalifət hakimiyyətin, yalnız ayrılmaz hissəsidir”.

Vaqif NƏSİBOV

Vladimir Putin kimdən qorxur? – “Moskva iğtişaşlara hazırlaşır, Kreml önləyici tədbirlər görür”