DƏYİŞƏN REALLIQLAR MÜSTƏVİSİNDƏ HƏLL MODELLƏRİ AXTARIŞI
Üzeyir Şəfi
BDU-nun dosenti, konfliktoloq
Dəyişdi. Bəli, nəhayət Dağlıq Qarabağ konflikti ilə bağlı status-kvo ölü nöqtədən Azərbaycan üçün qismən olsa da müsbət istiqamətə doğru dəyişdi. Aprel ayının ilk həftəsindən başlayaraq, biz, Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqların şahidi olmaqdayıq. Etiraf edək ki, həmin tarixə qədər problemlə bağlı Azərbaycan ictimai fikrində kütləvi bədbinlik, melanxoliya hakim idi.
Təbii ki, bu da səbəbsiz deyildi. Belə ki, problemi nəzarətə götürən ATƏT-in Minsk qrupunun üçlüyü münaqişəni məqsədli şəkildə donduraraq, Azərbaycan cəmiyyətində nəsil dəyişilməsinə nail olmaq, yeni nəsli bu reallıqla barışdırmaq, ”artıq uzun müddətdir ki, Dağlıq Qarabağ müstəqildir, ermənilər oranın şəriksiz sakinləridir, erməni–Azərbaycan icması uzun müddətdir birgəyaşayış halında deyil və buna görə də birlikdə yaşaya bilməz” reallığını ortaya qoymağı hədəflərkən diplomatiyanın güclə, gücün diplomatiya ilə sıx rabitəsinə müvəffəq olan ali baş komandanın rəhbərliyi ilə Azərbaycan bu reallığı dəyişdi. Acı həqiqət olsa da, məlum aprel hadisələrinə qədər Azərbaycanın itirilmiş torpaqlarla bağlı ümidləri çox yorğun görünürdü. Hərçənd Mübariz İbrahimov, Ramil Səfərov fenomenləri, ölkə prezidenti İlham Əliyevin xalqımızın sözügedən mübariz oğulları ilə bağlı heyrətamiz addımları bu ümidlərin aqoniyasının bəlli bir səviyyədə qarşısını almış, milləti gələcəyə nikbin notlarla baxmağa dəvət etmişdi.Məlum 2-5 aprel hadisələrinə qədər Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması mexanizmi bir qədər mürəkkəb görünür, Yuxarı Qarabağın gələcək status məsələsində müharibənin birinci fazasını qalib bitirmiş Ermənistan daha böyük iddia ilə çıxış edir, ölkəmiz son dərəcə ağır, qəbuledilməsi arzuolunmaz həll modelləri ətrafında düşünmə zorunda qalırdı. Bir sıra məqamlarına görə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhlükə altına atan belə həll modelləri güclənməkdə olan, düşmənə yerini göstərən, bununla da gərgin psixoloji baryeri aşan Azərbaycan üçün heç bir halda qəbuledilən deyildir.
Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada “Paket həll” və “mərhələli həll” variantları da münaqişə tərəfləri arasında ayırıcı mövqelərdən birinə çevrilmişdir. Azərbaycan tərəfi haqlı olaraq bildirir ki, əvvəlcə torpaqlar işğaldan azad edilməli, qaçqınlar geri qaytarılmalı, sonra Dağlıq Qarabağın statusu məsələsinə baxılması məqsədəuyğundur. Bunu şərti olaraq mərhələli həll variantı adlandırmaq da olar. Ermənistan isə bütün məsələlərin, o cümlədən Dağlıq Qarabağın statusu məsələsinə eyni vaxtda baxılmasını nəzərdə tutan “paket həll”ə üstünlük verir
İdeyası C.Mareskiyə məxsus plana görə, “DQR” sabiq DQMV sərhədləri çərçivəsində “tam özünüidarə hüquqlu suyektdir”. Müəllif bu təklifi Azərbaycan tərəfinin arzusuna yaxın olsun deyə manevr edərək, belə bir şərtlə ifadə edir: ”DQR Azərbaycan daxilində tam özünüidarə hüquqlu suveren subyektdir”. Planın digər nüansları da Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradır. Belə ki, orada ifadə olunan “DQR” ilə Azərbaycan rəhbərliyi arasında münasibət “yüksək dərəcəli nümayəndələr“ vasitəsilə qurulur. Bakıda və Xankəndində daimi nümayəndəliklər olmalıdır. DQR xüsusi maraqlar üçün məhdud sayda Yerevan və Moskvada nümayəndəlik də saxlaya bilər, Ermənistandan və Rusiyadan daimi nümayəndələr qəbul edə bilər, qeyri-hücum xarakterli, müdafiə qüvvələri saxlaya bilər və s. nüanslar bu sıradandır.
C.Mareski planında nəzərdə tutulan ””DQR” Azərbaycanla könüllü, sərbəst əlaqə, asossosiasiya yaradır”, “DQR” özünün gerbi, himni, bayrağına malik olur” və s. prinsiplər birbaşa onun Azərbaycanla əlaqəsinin kəsilməsini şərtləndirən variantdır. Aydındır ki, C.Mareskinin irəli sürdüyü “assosiativ dövlət” prinsipinin Azəbaycan tərəfindən qəbulu Dağlıq Qarabağın itirilməsi deməkdir.
Azərbaycana təklif edilən “ümumi dövlət” modelində söhbət işğal edilmiş ərazilərdə yaradılacaq “DQR”-ın təhlükəsizliyindən, onun suveren vahid kimi Azərbaycan Respublikası ilə quracağı əlaqə elementlərindən gedir. Daha doğrusu, burada söhbət iki respublika arasında müxtəlif sahələrdə əlaqələndirmə şurasının qurulmasında gedir. Bu cür əlaqələndirmə istənilən dövlətlər arasında qurula bilər. Onu da qeyd etmək lazımdır ki, bu plan gerçəkləşərsə, Azərbaycan işğal edilmiş ərazilərini itirilmiş olar. Umumiyyətlə, problemn həlli üçün kənardan həll variantları gözlənilərsə, itkilərin olması labüddür. Əgər Azərbaycan ancaq vasitəçi təşkilatlarlardan, fasilitatorlardan həll variantları gözləyərsə, o zaman ölkəmizin ərazi bütövlüyü kobud şəkildə pozulmaqda davam edə bilər. Ermənilərə ən yaxşı halda Ermənistanda yaşayan azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti tətbiq etmələrinə rəğmən işğal etdikləri torpaqları tərk etdikdən sonra ölkəmizdə digər milli azlıqlara verilən hüquqlar səviyyəsində hüquqlar verilməsi mümkündür.
Erməni icması Azərbaycanda mövcud olan əlverişli multikultral mühiti həmişə hiss etmiş və bundan yüksək səviyyədə istifadə etmişlər. Onlar bunu başa düşməlidir. Dağlıq Qarabağ konflikti icmalararası münaqişə deyildir. Əsl həqiqətdə isə erməni icması “Böyük Ermənistan” xəstəliyinə mübtəla olmuş bir qrup erməni millətçilərinin əlində və bəlli geosiyasi maraqları reallaşdırmaq istəyən güclərin əlində girovdan başqa bir şey deyildir. Dağlıq Qarabağda yaşayan erməni icmasına əslində Dağlıq Qarabağın bu və ya digər şəkildə müstəqilliyi lazımdırmı? Ermənilərin Dağlıq Qarabağda yerli xalq olmadığı, onların çox da uzaq olmayan tarixdə məqsədli şəkildə sözügedən ərazilərə köçürülməsi erməni icmasının iddialarına nə tarixi, nə milli-mənəvi, nə də hüquqi əsas vermir. 2-5 aprel 2016-cı il hadisələri bir daha göstərdi ki, Azərbaycan öz torpağının, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın taleyini məhz özü, üçüncü dövlətlə müzakirə etmədən həll etmək iqtidarındadır. Problem Azərbaycanın daxili işi olmalıdır. Onu tədricən qlobal müstəvidən lokal müstəviyə daşımaq da olar. Bunun üçün durmadan nəinki problemlə bağlı olan qonşu dövlətlərlə, bütün beynəlxalq siyasi aktyorlarla işləmək zəruridir. Hadisələr göstərdi ki, problemin açarı hər hansı “x” dövlətdədir blefini ram etmək mümkündür. Siyasətdə əbədi dostlar deyil, əbədi maraqlar var məntiqi daha çox həyatidir. Problemə yanaşmada vasitəçilərin bu günlərdə səsləndirdiyi “münaqişənin dondurulması, yoxsa insan tələfatı dilemmasında” üstünlük verdikləri və bir qədər də çəkindirməyə yönəlmiş dondurulma taktikasını deyil, Azərbaycan öz haqq işi uğrunda yorulmadan emosiyadan, eyforiyadan uzaq mübarizə yolunu seçməlidir. Bu münaqişədə ölkəmizin ərazi bütövlüyünü qorumaq və problemi birdəfəlik həll etmək üçün imkanları genişdir. Ən əsası J.Mişlenin 1945-ci ildə öz xalqı haqqında «Xalq» əsərində yazdığı iki həqiqəti bizim millətə də şamil etmək olar: «..bizim millətin iki böyük üstünlüyü var: bizim millətin həm prinsipi, həm də əfsanəsi var.»
Bundan başqa, ölkəmizin malik olduğu üç geostrateji üstünlüyü: dəniz, quru və hava qüdrəti və üstəgəl insan kapitalı problemin Azərbaycanın xeyrinə həlli üçün coğrafi və sosial determinantları kimi çıxış etmirmi?!