İçeriğe geçmek için "Enter"a basın

Bu qaydalar kasıbların xeyrinədir, yoxsa ziyanına?

14-03-2016

selim
Elə bəri başdan bildirək ki, 3 ildir Səlim Müslümovun pafoslu çıxışlarına baxmayaraq, onun rəhbərlik etdiyi nazirlik ortaya sanballı bir iş çıxara bilmədi. “Köhnə qaydaları” “kopiya” edərək, onlara bir-iki əlavə etməklə işlərini bitmiş saydılar. Görünür, bundan yaxşı nəsə etməyi bacarmadılar…

Səlim Müslümov ünvanlı sosial yardımla bağlı elektronlaşmanı böyük pafosla cəmiyyətə təqdim etdiyinə görə, hamıya elə gəldi ki, yardım üçün müraciət elektronlaşdıqdan sonra, onlar evdə kompüterin qarşısında oturub müraciət etməklə, asanlıqla yardım ala biləcəklər. Belə fikirləşənlər bilməlidirlər ki, əsla belə olmayacaq. Yeni qaydalarda olan şərtlər bunu deməyə əsas verir. Səlim Müslümovun pafoslu çıxışlarına da çox aldanmasınlar. Bu şəxs, hər bir işi pafos hesabına yaxşı təqdim etmək sahəsində peşəkardır. Bütün işləri də də nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin əli ilə görür…

Səlim Müslümovla Əjdər Cəbiyev istənilən sistemdə özlərinin maraqlarını təmin etməkdə peşəkardırlar. Az müddət sonra hamı bunun şahidi olacaq.

Yeni qaydalarla bağlı əsas nüanslar isə bunlardır:

1. Ünvanlı sosial yardım almaq üçün edilən müraciətin və onun təyin olunmasının tam elektronlaşdırılması ilə bağlı deyilənlər doğru deyil. Qaydaların 2.2 bəndində yazılır: ailəni təmsil edən şəxs (bundan sonra – təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər. “Və ya kağız üzərində” o deməkdir ki, özlərinə sərf edən adamların sənədlərini əvvəlki qaydada qəbul edə biləcəklər. Elektronlaşma guya məmur-vətəndaş əlaqəsini kəsəcək. Digər tərəfdən də qaydalarda qeyd olunur ki, yardım almaq üçün müraciət edən vətəndaşların ev ünvanlarında işçilər tərəfindən yoxlamalar aparılacaq, onların maddi-məişət şəraiti qiymətləndiriləcək. Onda, bu necə məmur-vətəndaş əlaqəsini kəsmək olacaq, başa düşülən deyil.

2. Əgər əvvəllər yardım almaq üçün müraciət edənlərin sənədlərinin 10 gün ərzində araşdırılması nəzərdə tutulurdusa, yeni qaydalarda bu müddət 15 günə qədər artırılıb.

3. Ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi hallarından biri kimi, qaydalarda “Ərizə-bəyənnamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olduqda” qeyd olunub. Konkret hansı məlumatlarla bağlı uyğunsuzluq qeyd edilmədiyindən, bu onlara imkan verəcək ki, yardım təyinatı aparmaq istəmədikləri ailələrə “filan məlumatınız uyğun olmadı” deyərək, insanların başlarını uzun müddət yazışma ilə qatsınlar.
İkinci bir imtina halı kimi “ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda” göstərilib. Bu isə o deməkdir ki, məsələn, 3 nəfərdən ibarət ailənin bu xərcləri, təxminən, 40 manatdan çox olarsa, həmin ailə yardım ala bilməyəcək.

4. Qaydaların 5.22 bəndində yazılır: Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya I və II qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür:

YM(30%+11,7%+6,1%) + R + RM

Burada:
YM – yaşayış minimumunun ölkə üzrə məbləği;
R – ev telefonu üçün adambaşına son 12 (on iki) ay ərzində xərcin orta aylıq məbləği;
RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği.

Bu, birbaşa kasıb ailələrin əleyhinə olan bir qaydadır. Ailələrə təyin oluna biləcək sosial yardımın məbləğinin azaldılmasına və məhdudlaşdırılmasına hesablanıb. Məsələn, 2 azyaşlı uşaq və valideynlərdən ibarət 4 nəfərlik ailənin əgər yalnız bir əmək qabiliyyətli üzvü işləyib, ayda 200 manat gəlir əldə etdiyi halda, köhnə qaydalarla həmin ailəyə 220 manat (4*105 – 200) ünvanlı sosial yardım təyin olunurdusa, artıq yeni qaydalarla hesablandıqda bu yardımın məbləği 140-150 manatdan çox ola bilməz. Çünki hər bir ailə üzvünün orta aylıq gəliri realda olduğu kimi 50 manat (200:4) deyil, təqdim olunan hesablanma qaydasına görə məcburi olaraq 60-70 manat hesablanacaq. Bu da yuxarıda qeyd olunan aylıq gəlirə malik 4 nəfərlik ailənin hazırki dövrdə aldığı yardımın aylıq məbləğinin 70-80 manat azaldılması deməkdir.

5. Yeni qaydalara görə, ailənin aldığı borc və kredit ailənin gəlirlərinə daxil ediləcəkdir. Bu dəyişiklik də aztəminatlı ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğinin azaldılması məqsədi daşıyır. Bu baxımdan da, ünvanlı sosial yardımın verilməsində ailənin təhsil haqqı ödəməsi və bankda kredit öhdəliyinin olmasına görə mövcud olan qadağaların aradan qaldırılmasının da bütövlükdə müsbət dəyişiklik kimi qələmə verilməsi doğru deyildir. Bir tərəfdən həmin qadağalar götürülür, ikinci tərəfdən isə yeni maneələr yaradılır. Məsələn, ailə borc və ya kredit götürüb təhsil haqqı ödəyərsə, o halda həmin borc və ya kreditin məbləği ailənin gəlirlərinə daxil edilir. Bu isə yenə sonda ailənin yardım ala bilməməsi deməkdir. Bu qədər insanları aldadan, absurd dəyişiklik olmaz ki.

Yeni qaydalarda müsbət sayıla biləcək yeganə cəhət aztəminatlı ailəni təmsil edən şəxsə müxtəlif idarələrdən sənədlər toplamaqdan azad olmağı nəzərdə tutan elektron formada müraciət etmək imkanının yaradılmasıdır ki, onun da necə işləyəcəyi, vətəndaşlara faydalı olub-olmayacağını zaman göstərəcək.

Qeyd olunanlarla bağlı ortaya çıxan əsas sual budur: görəsən, qaydaları bu formada dəyişdirməklə kasıb insanları hökumətdən narazı salmaqda Səlim Müslümovun əsas məqsədi nədir?

Cavid Əliyev

P.S. Yazıda qeyd edilənlərlə bağlı nazirliyin də mövqeyini dərc etməyə hazırıq.

Bu qaydalar kasıbların xeyrinədir, yoxsa ziyanına?