İçeriğe geçmek için "Enter"a basın

“Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyulub”

11-03-2016

kamranhesenliPopulyar aparıcı Kamran Həsənliyə açılan cinayət işi ilə bağlı bəzi təfərrrüatlar məlum olub.

Bu barədə “Qafqazinfo”ya Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu açıqlama verib:

“Samir təxminən 2009-2010-cu illərdə Kamran Həsənliyə 80 min dollar verib. Həmin vaxt yanında şahidlər də olub. Onlar da bunu təsdiqləyir. Kamran özü gəlib Samirə deyib ki, gəl Türkiyədə biznes quraq. Samir deyib ki, mənim orada heç bir tanışım yoxdu. Kamran deyib mənim tanışlarım var, özüm hər şeyi həll edəcəyəm. Amma heç biznes də qurulmayıb. Əvvəldən elə Kamranın fikri bu olub ki, aldadıb o pulu alsın. Samir də deyib ki, mən başqa heç kimi tanımıram, pulu da sənə verirəm, məsuliyyət sənin üzərindədir”.

Vəkil qeyd edib ki, Kamran Həsənli ilə Samir Piriyev arasında bununla bağlı danışıqların səs yazısı da var:

“Bu səs yazılar da istintaqa təhvil verilib. Kamran Həsənli çox qeyri-obyektiv fikirlər səsləndirir. Bu gün günortaya qədər deyirdi ki, cinayət işi açılmayıb, amma rəsmi qurumlar məlumat yayandan sonra deyir borcum yoxdu. Kamranın Samirə borcu yox idisə, 1 ay idi niyə hər gün Nərimanov rayon İstintaq İdarəsinə gedib-gəlirdi?

Kamran Həsənli barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilməlidir. Artıq Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyulub”.

Ruslan Əhmədoğlunun sözlərinə görə, müvəkkili Kamran Həsənliyə pulu qaytarmaq üçün xeyli vaxt verib:

“Ona nə qədər toy, tədbir verib ki, ordan pul qaznaıb borcunu qaytarsın. Amma yenə də verməyib. Samir ona dəfələrlə xəbərdarlıq edib. Kamran Həsənli hələ anlamır ki, məsələ nə qədər ciddidir”.

Yenilənir
kamran

Adı müğənni Samir Piriyevə qarşı dələduzluqda hallanan şoumen Kamran Həsənli məsələnin mahiyyəti ilə bağlı açıqlama verib.

Azadliq.az-ın məlumatına görə, o, ans press-ə bildirib ki, 2008-ci ildə Türkiyədə tikinti və yanacaqdoldurma fəaliyyəti ilə məşğul olan “Beypet” adlı şirkətin rəhbəri Ərhan Yılmaza 300 min avro ödəyərək şirkətin səhmdarı olub.

“Mənim səhmdar olmağım bütün şou-biznesə yayıldı. Bir müddətdən sonra müğənni Samir Piriyev mənə bildirdi ki, o da, həmin şirkətdən səhm almaq istəyir. Mən də ona məsələ barədə məlumat verdim və Samir dəfələrlə Türkiyəyə gedərək şirkətin rəhbəri ilə görüşüb, onların fəaliyyəti barədə ətraflı tanış olub. Daha sonra isə onlar Samirin 250 min dollar ödəməsi şərti ilə şirkətin 10% səhmdarı olacağı barədə Ərhanla razılığa gəliblər. Ancaq Samirin 250 min dolları ödəməyə imkanı olmadığı üçün 2009-cu ildə 115 min dollar ödədi və səhmdar oldu. Ancaq o pul ödədikdən bir müddət sonra şirkət iflas etdi”, – Kamran Həsənli bildirib.

Şoumen deyir ki, müğənninin Ərhan Yılmazla razılığa gəlməsində onun heç bir rolu olmayıb və Samirdən də pulu o almayıb:

“Şirkətin rəhbəri mənim məhkəməyə verildiyimi öyrəndikdən sonra mənim heç bir pul almadığımla bağlı rəsmi sənəd göndərib. Həmin sənəddən də mənim Samirdən bir qəpik də almadığım görünür. Şirkət bağlandıqdan sonra Samirə Ə. Yılmaz tərəfindən 15 min dollar ödəndi. Daha sonra Ərhanın xahişi ilə Piriyevə 20 min dollar qarşılığında şəxsi maşınımı verdim. Bunu sadəcə Ərhan pis vəziyyətdə qalmasın deyə eləmişəm. Yəni alanda da, verəndə də orada olmamışam. Şirkətin rəsmi sənədində də müğənniyə 80 min dollar borclu olduğu qeyd edilib”.

Kamran Həsənli onu da əlavə edib ki, Samirin onu hadisədən 7 il ötəndən sonra polisə verməsini başa düşmür:

“Mənə hələ də qaranlıqdır ki, bu qədər vaxt gözləyib. Deyirlər ki, şahidlərimiz var. Şahidlərdən biri sürücüsüdür. O deyib ki, Kamrana pulu çayxanada vermişik. Ay qardaş, işlə tanış olmadan çayxanada kiməsə 115 min dollar pul ödəyərlər. Bu məsələ hələ də qaranlıq qalır. Cinayət işi açılıb, ancaq mənə qarşı deyil, fakta görə açılıb. Hazırda da araşdırma davam etdirilir. Düşünürəm ki, əlimdə olan sənədlər mənim haqlı olduğumu ortaya çıxaracaq”.

Xatırladaq ki, məsələ ilə bağlı açqıalam verən Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samir Piriyev tərəfindən şikayət ərizəsi daxil olub. S.Piriyev ərizəsində Kamran Həsənlinin ondan 80 min dollar aldığını və mənimsədiyini qeyd edib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

“Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyulub”