İçeriğe geçmek için "Enter"a basın

Maaş artımı islahatlara qaldı

09-01-2015

 

maaşartışı

Azadliq.az xəbər saytı yanvarın 8 də Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun müəllim və həkimlərin maaşlarının artacağını söylədiyini yazmışdı.
Musa Quliyev Vahid Əhmədovu təkzib etdi.
Musa Quliyev təhsil və səhiyyə sistemini tənqid etdi
“Nə zaman əsaslı islahatlar aparılacaq, o vaxt maaş artımından söhbət gedə bilər”
 
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, 2015-ci ilin dövlət büdcəsi təsdiq olunarkən əmək haqları, müavinətlər, eyni zamanda təqaüdlərin də artırılması nəzərdə tutulub: “Amma nəzərə alınmalıdır ki, istənilən əməkhaqqı, təqaüd artımı müəyyən qanunauyğunluqla reallaşdırılmalıdır. Maaşların artırılması qərar verməklə mümkün ola bilməz. Büdcə ilə birgə yaşayış minimumu da təsdiq olunur. Yaşayış minimumuna uyğun olaraq əmək haqları, təqaüdlər də onun faizi məbləğində artırılır”.
M. Quliyev bildirib ki, yaşayış minimumu 131 manat məbləğində təsdiq olunub. Bu, ötən ildəkindən 7 faiz artıqdır: “Buna görə də gələn il də əmək haqlarının 7-10 faiz artırılması labüddür. Amma ölkənin sosial-iqtisadi inkişaf, inflyasiya səviyyəsindən, müəyyən malların qiymətlərinin artımından asılı olaraq maaşların əlavə artımı da ola bilər. Düşünürəm ki, növbəti ildə ölkəmizdə daha çox stabil iqtisadi-siyasətin davam edəcəyi proqnozlaşdırılır. Müəllim və həkimlərin maaşlarının artırılması gözlənilmir. Bu məsələlərdən çox sui-istifadə olunur, bilən də danışır, bilməyən də. Bunun üçün islahat getməli, ilk növbədə sözügedən sahələr bazar iqtisadiyyatına uyğunlaşdırılmalıdır. Nə zaman təhsil və səhiyyə sahələrində əsaslı islahatlar aparılacaq, o vaxt gözlənilən maaş artımından söhbət gedə bilər. Əks təqdirdə, heç bir nəticə olmayacaq”.
Millət vəkili qeyd edib ki, gözlənilən maaş artımı üçün təhsil sahəsində islahatlar sürətləndirilməli, məktəblər, müəllimlər kateqoriyalara bölünməli, onların optimal sayı müəyyənləşdirilməli (yəni hər bir müəllimə düşən şagird sayı), ümumi optimallıq artırılmalıdır: “Əgər məktəbdə il ərzində məzun olanların 15 faizi ali təhsil ala bilmirsə, deməli təhsilin keyfiyyəti yüksək deyil. Belə məktəblərdə işləyən müəllimlərin maaşı nəyə görə artırılmalıdır?! Azərbaycanın bəzi bölgələrində xəstəliklər xroniki olaraq artır, yayılır, müəyyən xəstəliklər üzrə ölüm sayı artırsa, ana və uşaq ölümü o qədər yuxarı deyilsə, nəyə görə hamı eyni maaş almalıdır?! Hər şey xidmətin keyfiyyətinə və nəticəyə bağlı olmalıdır. Hesab edirəm ki, səhiyyə sahəsində maaş artımı birbaşa icbari tibbi sığorta ilə bağlı olacaq. Bu sığorta növü tətbiq olunandan sonra hər bir həkimin xidmət etdiyi xəstənin sayından asılı olaraq konkret əmək haqqı müəyyənləşməlidir. Yalnız bundan sonra gözlənilən əmək haqqı artımı reallaşa bilər”.
Prezident yanında Dövlət Qulluğu məsələləri üzrə komissiyanın sədri  Bəhram Xəlilov daha sonra deyib ki, müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır. Onun sözlərinə görə, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb.
Adil Qeybulla: “Həkim və müəllimlərin maaşlarının aşağı olması yolverilməzdir”
 
Həkim Adil Qeybulla düşünür ki, dövlət məmurlarının, dövlət qulluqçularının maaşları digər dövlətlərlə müqayisədə aşağı olsa da, Azərbaycan reallığı üçün yüksəkdir. Belə olan halda həkim və müəllimlərin maaşlarının aşağı olması yolverilməzdir: “Bu birbaşa təhsildə və genefondun sağlamlığında özünü göstərir. Nə qədər ki, əməyə adekvat maaşlar verilmir, nə qədər ki, indeksləşmələr aparılmayıb, bunlar həkim və müəllimləri pis vəziyyətdə qoyacaq. Bu da müəyyən neqativ tendensiyalara yol açır. Müəllimlər öz intellekt və bacarıqlarınından istifadə edərək kənarda şagird hazırlamağa, həkimlər də öz sənətlərinin başqa formada qarşılığını istəməyə məcburdurlar. Bu proseslərin qarşısını almaq üçün müəllim və həkimlərin maaşları artırılmalı, icbari tibbi sığorta tətbiq olunmalıdır.
Təhsil eksperti Nadir İsrafilov “Bizim Yol”a açıqlamasında bildirdi ki, müəllimlərin əmək haqqı dünya ölkələri ilə müqayisədə çox aşağıdır. “2011-ci ildə Prezidentin müəllimlərə dövlət qulluqçusu statusu verilməsi ilə bağlı sərəncamı oldu. Ancaq 4 il keçməsinə baxmayaraq qərar hələ də qüvvəyə minməyib. Son zamanlar belə bir təklif irəli sürüldü ki, sınaq imtahanlarından keçmiş müəllimlərin əmək haqqı artırılacaq. Müəllimlərin ənənəvi toplantısında təhsil naziri bildirdi ki, bu imtahandan keçməyənlərin əmək haqqı artırılmayacaq. Sınaq imtahanı ilə müəllimlərin əmək haqqının artırılması düzgün qərar deyil. Çünki sınaq imtahanları sınaq xarakteri daşıyır”.
Natiq Cəfərli:  “Maaşların 5-10 faiz artırılması müəllim və həkimlərin köklü problemlərini həll etmir”
 
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, dövlət qulluqçusu statusu həmin şəxslərə müəyyən üstünlüklər və güzəştlər gətirir. Həm təqaüdlərin, həm maaş kateqoriyalarının hesablanmasında xüsusi güzəştlər hesablanır: “Dövlət qulluğunda çalışan insanların sayı az olduğundan bunu idarə etmək mümkündür. Ancaq müəllim və həkimləri bu kateqoriyaya aid etsək, ikisi birgə təxminən 450 minə yaxın insan edir. Bu məsələ ona görə uzanır ki, say həddindən artıq yüksəkdir və dövlət büdcəsinin üzərinə kifayət qədər böyük yük düşəcək. Əsas problem bundadır. Maaşların artırılmasına gəldikdə, həkim və müəllimlərin maaşları həddindən artıq aşağıdır. Hətta qonşu ölkə Gürcüstanda yüksək kateqoriyalı, yəni imtahanlardan keçmiş müəllimlərin orta əmək haqqı 400-450 dollar civarındadır. Bəzən hətta 600 dollara qədər yüksəlir. Türkiyədə isə bu yaxınlarda açıqlanan qiymətə görə aşağı müəllim maaşı 2240 lirədir. Bu isə təqribən  850-900 manat edir. Həkimlərdən isə ümumiyyətlə danışılası deyil. Türkiyədə uzman, yəni universiteti bitirmiş həkimin əmək haqqı 4000 lirədən başlayır. Bu da yenə 1500 manatdan çox edir”.
N.Cəfərli deyir ki, hökumət hər il maaşları 5-10 faiz artırmaqla bu problemi kökündən həll edə bilməyəcək. İndi də gündəmdə olan məsələ keçən ilin inflyasiya səviyyəsi qədər maaşların indeksləşməsidir: “Bu da çox aşağı rəqəmdir. Rəsmi inflyasiya cəmi 2 faizdir. Qanuna görə yanvarın 1-dən maaşlar artmalıdır. Sonralar isə 10 faizə qədər artım nəzərdə tutulur. Bu il də seçki ili olduğundan hökumət büdcə təşkilatlarında çalışan müəllim və həkimlərin maaşlarında 10 faizlik artma gedəcək. Ancaq artımın dəqiq hansı dövrdə olacağını demək mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, neftin qiyməti ilə əlaqədar büdcədə yaranacaq problemləri nəzərə alaraq hökümət bunu ertələyə bilər. Hər il 10 faiz artırmaqla müəllimlərdə orta əmək haqqının 170 manat olduğunu nəzərə alaraq onların köklü, fundamental problemləri həll olunmayacaq. Müəyyən ixtisarlar və kvalifikasiyalar apararaq müəllim və həkimlərin maaşı artırılmalıdır”
Maaş artımı islahatlara qaldı