İçeriğe geçmek için "Enter"a basın

“Azərbaycanın Qərb üçün əhəmiyyətini İran faktoruna bağlamaq düzgün deyil”

09-02-2016

azerbaycan
Toğrul İsmayıl: “Azərbaycan Prezidentinin Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitində iştirak etməsi Azərbaycan üçün prestijdir, bununla bərabər, ölkəmizi tanıtmaq üçün bir imkandır və müəyyən məsələlərin müzakirə platformasıdır”

“İrana qarşı sanksiyaların qalxmasını, Tehranın güclənməsi ilə bağlamaq tam doğru fikir deyil. Əlbəttə, sanksiyaların aradan qaldırılması İranın əlini-qolunu açır, amma ciddi dəyişiklik olmayacaq”

Məlum olduğu kimi, ABŞ və Avropa Birliyi (AB) İranın nüvə proqramı ilə bağlı bu ölkəyə qoyduğu sanksiyaları ləğv etdi. Bu barədə Vyanada Iranla “altılıq” ölkələrinin apardığı yekun müzakirədən sonra ABŞ və Avropa Birliyinin xarici siyasət idarələrinin rəhbərləri bəyanat verdilər. Sanksiyaların götürülməsini təmin edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ötən ilin yayında Iranın nüvə anlaşmasına uyğun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini elan etməsidir.
MAQATE-nin açıqlamasında göstərilir ki, İran nüvə anlaşmasının qüvvəyə minməsi üçün bütün addımları atıb. Bu artıq yeni bir mərhələ, beynəlxalq ictimaiyyət üçün yeni bir gündür. MAQATE İranın öz öhdəliklərini yerinə yetirdiyinə dair hesabatını BMT Təhlükəsizlik Şurasına da göndərib. Öz növbəsində BMT, ABŞ və AB MAQATE-nin hesabatı ilə nüvə anlaşmasında yeni səhifəyə keçildiyini bildirərək Irana qarşı sanksiyaların götürüldüyünü elan ediblər.

Siyasi müşahidəçilərin fikrincə, nüvə razılaşmasının sanksiyaların aradan qaldırılması ilə nəticələnməsi İran İslam Respublikası üçün həm siyasi, həm də iqtisadi baxımdan bir irəliləməsidir. Ekspertlərə görə, uzun illər ərzində Iranın Qərb dünyası, o sıradan ABŞ-la münasibətləri son dərəcə gərgin olub. Bu münasibətlərin gərginləşməsində İranın nüvə proqramı xüsusi rol oynayıb. Qərblə yaxınlaşma İranı regionda daha sivil qaydalara və beynəlxalq hüquq normalarına uyğun siyasət aparmağa da sövq edəcək. Sanksiyaların götürülməsi eyni zamanda, Iranın Avropanın neft bazarına qayıtmasına səbəb olacaq ki, bu da neft qiymətlərinin bir az da düşməsinə şərait yaradacaq.
Digər təhlilçilər isə məsələyə Azərbaycan prizmasından baxılmasına diqqət çəkirlər. Belə ki, onların fikrincə, indiyədək Azərbaycanın Qərb dünyası üçün əhəmiyyətini artıran faktorlardan biri enerji layihələri olubsa, digəri İran amili olub. Yəni, ABŞ və Avropa dövlətləri əsas düşmənlərindən hesab etdikləri İranla sərhəddə bir Qərbyönümlü dövlətin olmasına dəstək verib. ABŞ və müttəfiqləri, İrana qarşı dirənməsi və mollakratiyanın sərhədlərində Qərbə inteqrasiya yolunu tutmuş bir dövlətin ayaqda dura bilməsi üçün, müsəlman Azərbaycanı daim öz yanlarında görmək istəyiblər.
Bəs, Qərb-İran anlaşması Azərbaycanın önəminə təsir edəcəkmi? Artıq birbaşa İranla iqtisadi layihələrə başlayan, nəhəng enerji müqavilələrinə imza atan Qərb ölkələri üçün Azərbaycan yenə də mühüm dost olaraq qalacaqmı? “Bizim Yol”un bu və digər suallarını Türkiyədə yaşayan həmyerlimiz, politoloq Toğrul İsmayıl cavablandırıb:
toğrul
– İrana qarşı sanksiyalar qalxdı. Bundan sonra bölgəmizdəki münasibətlər necə olacaq? İranın mövqeyi güclənəcəkmi?

– İrana qarşı sanksiyaların aradan qalxması bölgədə yeni bir siyasi şəraitin ortaya çıxmasının göstəricisidir. Amma sanksiyaların aradan qalxmasını sensasion məsələ olaraq görmürəm. İrana qarşı ittihamlar tamamilə aradan qalxmayıb. Buna görə də, bölgədəki münasibətlərin ciddi şəkildə dəyişikliyə uğrayacağını söyləmək mümkün deyil.
İranın mövqeyi güclənəcək məsələsinə gəldikdə isə, burda sadəcə İrana qarşı sanksiyaların qalxmasını onun güclənməsiylə bağlamaq tam doğru fikir deyil. Əlbəttə, sanksiyaların aradan qaldırılması İranın əlini-qolunu açır, amma ciddi dəyişiklik olmayacaq. Son hadisələrə baxdığımız zaman İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin nə qədər gərginləşdiyini görürük, yəni bölgədə böyük bölgə gücləri var və bunlar öz aralarında rəqabət aparırlar.
Bunlar İran, Səudiyyə Ərəbistanı vəTürkiyə kimi dövlətlərdir. Hər dövlətin öz maraqları var. Bütün bu sadaladığımız mövcud səbəblərə görə İranın birmənalı şəkildə güclənəcəyi fikrini doğru hesab etmirəm. Buna görə də, İran siyasiləri Qərb dövlətləri ilə münasibətləri vaxt itirmədən düzəltmək üçün əsasən iqtisadi sahədə bir sıra müqavilələr imzaladılar.

– Bəzi ekspertlərin fikrincə, indiyədək Azərbaycanın Qərb üçün önəmi həm də İran amili ilə bağlı idi. Tehranla Qərbin münasibətlərinin normallaşması Azərbaycanın önəmini azaldacaqmı?

– Azərbaycanın Qərb üçün əhəmiyyətini tamamən İran faktoruyla bağlamaq məntiqəuyğun deyil. Əlbəttə, burada Qərbin İranla əlaqələrinin müəyyən dərəcədə rolu var. Amma burda əsas məsələ, Azərbaycanın Qərb ölkələriylə əlaqələri necə qurmasıdır. Son illərdə aparılan xarici siyasətdə Qərblə aparılan münasibətlər birmənalı şəkildə müsbət yöndə inkişaf etmir. Azərbaycan həm Qərblə, həm də Rusiyayla, digər bölgə dövlətləriylə balanslaşdırılmış xarici siyasət həyata keçirir. Ancaq son dövrdə gərginləşən beynəlxalq siyasi şərait fonunda Azərbaycanın bu siyasətinin nə qədər uğurlu olacağını söyləmək çətindir. Çünki vəziyyət gərginləşdikcə Azərbaycanın tərəfsizliyi təhlükə altına düşür.

-Azərbaycanla Türkiyə xarici siyasətlərini adətən bir-biriləri ilə uzlaşdırırlar. Bundan sonra xarici siyasətimizdə nə kimi korrektələr ola bilər?

-Azərbaycanın Türkiyə ilə xarici siyasətinin uzlaşdırıldığını zənn etmirəm. Burada bənzərliklər daha çoxdur. Ən son Avropa Şurasında Qarabağla bağlı məsələnin müzakirəsi zamanı Türkiyə nümayəndələrinin səs vermədiyini gördük. Bu da balanslaşdırılmış, uzlaşdırılmış siyasətin olmadığını göstərir. Yəni bu cür iddia məncə çox gur səslənir.

Digər tərəfdən Rusiya ilə münasibətlərə baxdığımız zaman, Türkiyə-Rusiya, Azərbaycan-Rusiya münasibətləri bir-birindən fərqlənir. Eyni zamanda Türkiyə NATO üzvüdür, amma Azərbaycanın NATO ilə heç bir əlaqəsi yoxdur. Həm də Türkiyə Avropa Birliyinə üzv olmaq üçün namizəd ölkədir, Rusiya ilə Azərbaycan isə Avropa ilə münasibətdə məsafəli davranır.

Yəni bu, çox idealist yanaşmadır. Doğrudur, AzərbaycanlaTürkiyə bir millət, iki dövlət prinsipindən çıxış edir və bir çox məsələlərdə uyğunlaşdırma proses gedir. Bununla belə, hələlik tam şəkildə ortaq mütəffiqlikdən bəhs etmək mümkün deyil. Ən sadə örnək olaraq viza məsələlərini qeyd edə bilərik.

-ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət edib. Bu dəvət Azərbaycan üçün nə dərəcədə önəmlidir?

-Təbii ki, Azərbaycan Prezidentinin belə bir sammitdə iştirak etməsi Azərbaycan üçün prestijdir. Bununla bərabər, Azərbaycanı tanıtmaq üçün bir imkandır və müəyyən məsələlərin müzakirə platformasıdır.

– Son zamanlar Bakı-Vaşinqton münasibətlərində gərginlik hiss olunurdu. Sözügedən dəvət nə kimi yeni münasibətlər sistemi formalaşdıra bilər?

-Bu dəvətlə nə ola bilər? Burada çox məsələlər var. Azərbaycan və Amerika münasibətlərindəki gərginliyə nəzər yetirmək lazımdır. Əgər real məsələlərdən çıxış etsək, Azərbaycan Amerikanın maraqlarına uyğun olmayan siyasətlə çıxış edir. Bu da hər iki dövlət arasında siyasi gərginliyin meydana gəlməsinə səbəb olur. Bu dəvət əlbəttə, yeni münasibətlərin formalaşmasına səbəb ola bilər. Amma bunun üçün mənə görə, ciddi islahalatların aparılması lazımdır. Xarici siyasətin tamamilə tənzimlənməsi, xüsusilə bölgədə dəyişən geosiyasi şəraitə uyğun olaraq, Azərbaycanın yenidən xarici siyasətinin hədəflərinin nə olduğunu müəyyən etməsi vacibdir. Əks halda münasibətlərdə ziddiyyətlər davam edəcəkdir.

ÜMİD

“Azərbaycanın Qərb üçün əhəmiyyətini İran faktoruna bağlamaq düzgün deyil”