İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Türkiyə Rusiyaya qarşı – Yeni İttifaq

05-02-2016

stratfor
ABŞ-ın “Stratfor” özəl kəşfiyyat-analitik mərkəzinin təhlilçiləri 2015-2025-ci illərin geosiyasi proqnozunu dərc edib. ANS PRESS-in məlumatına görə, analitiklər qlobal siyasətə geniş aspektdə yanaşaraq müxtəlif regionlarda baş verə biləcək dəyişikləri ayrı-ayrı təqdim ediblər.
“Stratfor” mərkəzin analitiklərinin verdiyi proqnozlarda Azərbaycanın da adı yer alır. Analitiklər qeyd edirlər ki, Rəsmi Vaşinqton NATO-ya paralel ittifaq yaratmağa çalışacaq.
Bura Baltikyanı ölkələrdən Bolqarıstana qədər və mümkün qədər daha çox ölkə cəlb etmək nəzərdə tutulub. İttifaqa Türkiyə və Azərbaycanı da cəlb etməyə çalışacaqlar. Proqnoz müəlliflərinin fikrincə, ABŞ lazım olacağı halda bu ölkələrə təhdidlərə görə qoşunlar göndərəcək.
“Stratfor”un bu iddiasını şərh edən ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, nəzəri baxımdan hər şey mümkündür. Amma faktiki olaraq bu ittifaqın yaradılması üçün çətinliklər var.
“Azərbaycan qoşulmama hərəkatının üzvüdür və yaxın zamanlarda NATO-ya bağlı müsbət fikirlər səsləndirməyib. Bunların bəziləri Azərbaycandan asılı olsa da bəziləri Azərbaycanın iradəsindən kənardır. Burada bizim cənub qonşumuz İranın NATO ilə münasibətləri çox gərgindir. Bunun üçün zaman və vaxt lazımdır. Elə məsələlər var ki, bizim hər addımımıza qısqanclıqla yanaşırlar. Bildiyim qədər yəni diplomatlarla görüşlərimizdən, söhbətlərimizdən belə bir fikir sezilir ki, Gürcüstandan sonra əsas diqqət Azərbaycana yönələcək. Gələcəkdə Ermənistan bir tərəfdən NATO üzvü olan Türkiyə, Gürcüstan, Azərbaycan çevrəsində Rusiyanın təsir dairəsindən ayrılacaq. Gələcəkdə bu perspektivdə olan məsələdir”, – deyə Üzeyir Cəfərov bildirib.
stratforr
Üzeyir Cəfərov – hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant

Ü.Cəfərov onu da bildirib ki, son illər Azərbaycan Silahlı Qüvvələrinin arsenalından xeyli sayda keçmiş SSRİ-dən qalmış silahlar çıxarılıb: “Biz yavaş-yavaş həm birgə ihtehsalımız olan silahlardan, həm də dünyanın aparıcı ölkələrinin ihtehsal elədiyi silahlardan istifadə edirik. Yaxın 5-10 ildə bu istiqamətdə işlər sürətləndiriləcək. Gürcüstan qısa müddətdə keçmiş SSRİ silahlarından imtina etdi”.
“Stratfor” onillik proqnozlarını 1996-cı ildən dərc edir. Əvvəlki proqnoz 2010-cu ildə açıqlanıb. Kəşfiyyat-analitik mərkəzi Avropa Birliyində millətçi əhval-ruhiyyələrinin güclənəcəyini, Çin iqtisadiyyatının inkişafında gözəçarpan ləngiməni və Rusiyanın xammal ixracından daha mürəkkəb məhsulların ixracına keçmək cəhdinin artacağından xəbər verirdi. Yeni proqnozlar Avropanın parçalanması və ABŞ-ın dünya işlərinə cəlb olunma dərəcəsinin azalması ilə bağlıdı
Bir müddət əvvəl “Stratfor” Analitik Mərkəzinin sədri Corc Fridman ABŞ-ın gələcəkdə Rusiya ətrafında “sanitar dəhliz” quracağını açıqlamışdı. Fridman “ABŞ gələcəkdə Rusiyaya qarşı Polşa, Rumıniya, Türkiyə və Baltik ölkələrindən ibarət ittifaq yaradacaq” deyə bildirmişdi.
stratforrr
Corc Fridman – “Stratfor” Analitik Mərkəzinin sədri

“ABŞ gələcəkdə strateji qərarlar almağa məcbur olacaq. Ya Ukraynadakı vəziyyətə daha aktiv müdaxilə edəcək, ya da NATO içərisində və ya Polşa, Rumıniya, Türkiyə və Baltik ölkələrinin iştirakı ilə NATO-dan kənar bir ittifaq yaradacaq. Hazırda ləng də olsa, bu, reallaşmağa doğru gedir. Bu situasiya Rusiyanı çətin vəziyyətə salacaq sanitar dəhliz olacaq”, – deyə Corc Fridman qeyd edib.
Azadliq.az

Azərbaycan və Türkiyə Rusiyaya qarşı – Yeni İttifaq