İçeriğe geçmek için "Enter"a basın

Muarem Muarem: "Qarabağ" əla klubdur, "Sileks"in bəxti gətirmədi"

09-08-2020

[r32]
xeber –

Hazırda Şimali Makedoniyanın “Rabotniçki” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkünü dəyərləndirib. 

“Report”un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi “Sportmedia” nəşrinə açıqlamasında “Sileks”in bəxtinin gətirmədiyini bildirib. O, xüsusən, yeganə oyunun Bakıda keçirilməsinin Ağdam təmsilçisi üçün əlavə üstünlük olacağını vurğulayıb. 

Muarem “Qarabağ”ı Azərbaycanda ən yaxşı və ən böyük klub kimi dəyərləndirib: “Mən orada oynamışam və hansı imkanlara malik olduqlarını bilirəm. Xüsusən, baş məşqçi Qurban Qurbanovun işi xoş təəssürat oyadır. O, 10 ildən çoxdur komandanın stateqidir. Əlbəttə, bu da özlüyündə nəyisə deyir. Qurbanov 4-3-3 taktiki sxeminə üstünlük verir, nadir hallarda təslim olur. “Qarabağ” daim Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrup mərhələsində oynayıb”.  

Muarem Ağdam təmsilçisini favorit saysa da, futbolda heç nəyi əvvəldən deməyin mümkün olmadığını diqqətə çatdırıb: “Top yumrudur, “Sileks”in şansını əldən verməyək, amma şansının gətirmədiyini də vurğulamalıyıq”. 

Sabiq futbolçusu “Qarabağ”ın heyətinə də diqqət çəkərək, hücumda Xayme Romero və Mahir Emreliyə qarşı ehtiyatlı olmağın gərəkliyini söyləyib. O, komandanın orta sahəsinin Uroş Matiç ilə gücləndiyini, kolumbiyalı Kevin Medinanın isə müdafiədə dəhşətli oyunçu olduğunu bildirib. 

Muarem koronavirus pandemiyası üzündən uzunmüddətli karantinin Azərbaycan klubuna təsirsiz ötüşmədiyini, komandanın adicə yoldaşlıq görüşü də keçirməkdə çətinlik çəkdiyini əlavə edib. Amma onun fikrincə, Qurbanov bu boşluğu necə kompensasiya edəcəyini yaxşı bilir. 

“Özüm “Qarabağ”da 3-4 ildir olmasam da, klubdakı insanlarla telefon əlaqəsi saxlayıram. Keçmiş komanda yoldaşlarım arasında çoxlu dostum var. “Qarabağ” əla klubdur, “Sileks”in isə püşkatmada bəxti gətirmədi” deyə o, fikirlərini tamamlayıb. 

Qeyd edək ki, Muarem Muarem “Qarabağ”a 2012-ci ilin yanvarında məhz “Rabotniçki”dən keçib. O, 2015-ci ilin iyulunda Türkiyə “Eskişehir”inə yollansa da, 2016-cı ilin yanvarında yenidən Ağdam komandasına qayıdıb və 2017-ci ilin iyulunda kollektivlə vidalaşıb.  
    


mənbə :
Report.az

Muarem Muarem: "Qarabag" ela klubdur, "Sileks"in bexti getirmedi"