İçeriğe geçmek için "Enter"a basın

Baş epidemioloqun səsyazısı ilə bağlı açıqlama – Video

03-07-2020


[r32]
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistə verdiyi cavabla müzakirələrə səbəb olub.

Azadlıq.az xəbər verir ki, Unikal.org-un əməkdaşı baş epidemioloqla əlaqə saxlayıb. O isə hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Qeyd edək ki, tibb elmləri doktoru olan İ. Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu postunu tutur.

******

Səsyazısı ilə bağlı – Açıqlama

Azərbaycan Tibb Universiteti epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevin səsyazısı ilə bağlı açıqlama yayıb.

Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova “Qafqazinfo”ya bildirib:

“Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb. Karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:

O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir. Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur.

Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.

Baş epidemioloqun səsyazısı ilə bağlı açıqlama – Video