İçeriğe geçmek için "Enter"a basın

AzTv-nin baş redaktoru da koronavirusdan vəfat etdi

03-07-2020


[r32]
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

“Report”un məlumatına görə, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev koronavirusdan vəfat edib.

O, ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilmişdi və orada müalicə alırdı. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iki gün bundan əvvəl(1 iyul – Red) “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir də koronavirusdan vəfat edib.

*****
AzTv yoluxanlarla bağlı məlumat yaydı

“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də əməkdaşı, Əməkdar incəsənət xadimi Etibar Babayevin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, 1967-ci il təvəllüdlü Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib.

AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edilib ki, hazırda kanalın 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, 1 nəfər isə evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur.

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.

Xatırladaq ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.

AzTv-nin baş redaktoru da koronavirusdan vəfat etdi