İçeriğe geçmek için "Enter"a basın

Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəbli ilə bağlı – Açıqlama

09-04-2020


[r32]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lerikdə hamilə qalan məktəbli ilə bağlı açıqlama yayıb.

Azadlıq.az  xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, qurumun yaydığı məlumatda bildirilir ki, Lerik rayonunun Kirəvud kəndinin 2003-cü il təvəllüdlü 11-ci sinif şagirdi kəndin 1961-ci il təvəllüdlü rus dili müəllimindən hamilə qalıb.

Məktəblinin 5 aylıq hamilə olduğu kənd icra nümayəndəsi Şəfiq Əliyev tərəfindən təsdiqlənib.

Məlumata görə, komitənin əməkdaşları Lerik rayon İcra Hakimiyəti başçısının müavini Arzu Vəliməmmədova ilə əlaqə saxlayaraq hadisə ilə bağlı ətraflı məlumat alıb. A.Vəliməmmədova hadisənin rayon hüquq – mühafizə orqanları tərəfindən araşdırıldığını, uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi üçün aprelin 6-da kənd icra nümayəndəsi və psixoloqla birgə ailəyə səfər etdiklərini bildirib. Məlumatda məktəbli və anasının Rayon polis şöbəsində yerli icra nümayəndələrinin iştirakı ilə dindirildiyi qeyd olunub. Dindirilmə zamanı məlum olub ki, məktəbli ailəsi tərəfindən də mütəmadi olaraq təzyiqlərə məruz qalıb. Eyni zamanda, ailə fərdlərinin psixoloji durumunun normal olmadığı diqqətə çatdırılıb. Mütəxəssislər, azyaşlının ailəsinin yanında qalmasının təhlükəli olduğunu nəzərə alaraq, onu Bakıdakı sığınacaqlardan birinə yerləşdirilməsini məqsədəuyğun hesab ediblər.

Hazırda məktəblinin “Təmiz Dünya” sığınacağına yerləşdirilməsi istiqamətində işlər aparılır.

*****
Mehriban Zeynalova müəllimindən hamilə qalan məktəbli haqda: “İlk baxışdan…”

Lerik rayonunda müəllimindən 5 aylıq hamilə qalan məktəbli artıq sığınacaqdadır.

Bu barədə Qaynarinfo-ya açıqlamasında “Təmiz dünya” Qadınlara Yardım ictimai birliyinin sədri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, qız ona ilk baxışdan normal təsir bağışlayıb:

“Qız artıq yanımdadır. Çox çətinliklə yol gəlib. Mənə ilk baxışdan normal təsir bağışladı. Yəni, deyildiyi kimi zəif deyil. Mən onda heç bir zəiflik görmürəm. Normal, inkişafı yaxşı gedən bir qızdır. Bundan əlavə hamiləliyin inkişafı da əla gedir”.

Qeyd edək ki, Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, faktla bağlı Lerik Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Lerikdə 59 yaşlı müəllimindən hamilə qalan məktəbli ilə bağlı – Açıqlama