İçeriğe geçmek için "Enter"a basın

Milli Təhlüksizlik Naziri işdən çıxarıldı – ilkin ehtimallar

18-10-2015

MTN
Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azadliq.az xəbər verir ki, sərəncamda deyilir:

“Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda sərəncam hələ ki, açıqlanmayıb.

General-polkovnik Eldar Mahmudov prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə birbaşa polis orqanlarından təyinat almışdı.

***

Əlavə olaraq bildirək ki, Eldar Mahmudov bir neçə ay əvvəl vəzifəsindən azad olunan Beynəlxalq Bank sədri Cahangir Hacıyevin qudasıdır. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub.

Xatırladaq ki, Cahangir Hacıyev sözügedən bankı müflis olma həddinə çatdırdığına görə postundan azad edilmişdi.

Hələ Cahangir Hacıyev (Eldar Mahmudovun qudası) vəzifəsindən azad olunandan və Beynəlxalq Bankda dövlətin milyardlarla manatının mənimsənildiyi məlum olandan az sonra bu işlərdə Eldar Mahmudovun da ciddi rolunun olduğu haqda məlumatlar gəlməkdə idi. Belə ki, 100 milyonlarla manatın məhz E.Mahmudovun göstərişi əsasında müxtəlif iş adamlarına verildiyi bildirilirdi. Bu faktlar təqdim olunduqdan sonra Prezidentin E.Mahmudov bərk qəzəbləndiyi də verilən məlumatlar sırasında idi.

Bu baxımdan, gözlənilirdi ki, Beynəlxalq Bankla bağlı istintaqın sonunda E.Mahmudov da vəzifəsindən azad olunacaq. Bu ehtimal artıq reallaşıb. Ona görə də, Prezidentin bugünkü sərəncamını həm də Cahangir Hacıyevin həbsinə sanksiya kimi də qəbul etmək olar.

Məsələ ondadır ki, Cahangir Hacıyev dövlətin milyardlarla manat vəsaitini heç bir təminat olmadan öz ətrafına paylamaqla yanaşı, həm də 21 fevral öncəsi (devalvasiya ərəfəsində) maliyyə xəyanətində də şübhəli bilinir. Bu, açıq-aşkar Azərbaycan Prezidentinə xəyanət, dövlətə qarşı sabotaj idi. Belə bir xəyanətin qarşısını almalı olan bir nömrəli şəxs isə, heç şübhəsiz məhz Eldar Mahmudov idi. Lakin o, bunun öhdəsindən gələ bilməmişdi. Bəlkə də gəlmək istəməmişdi.

E.Mahmudovun etimadını sarsıdan bir başqa hadisə isə Dövlət Bayraq Meydanı İdarəsinin keçmiş direktoru Rəşad Məmmədovun ətrafında baş verən qalmaqal idi. R.Məmmədovun arxasında Prezidentin köməkçisi Əli Əsədov dursa da, Bayraq Meydanı ətrafında aparılan söküntü-tikinti işlərində Eldar Mahmudova yaxın adamların da adı hallanırdı.

Bəs Eldar Mahmudovun yerinə kim təyin olunacaq? Bu sualın cavabı hakimiyyət daxilindəki qüvvələr nisbətinə ciddi təsir edəcək.

Beləliklə, deyə bilərik ki, Prezident İlham Əliyev sağı göstərib, solla vurdu! Hamı Ziya Məmmədovla bağlı sərəncam gözləyərkən, O, hakim komanda daxilindəki ən ağırçəkili fiqurlardan birini kənara itələdi.

***

Bütün bu versiyaların tam tərsini iddia edənlər də var. Hətta bir sıra iddialara görə, Eldar Mahmudov prezidentin ən etibar etdiyi şəxsdir, özünə bağlıdır və yaxın günlərdə ölkənin baş naziri təyin ediləcək.

Lakin bu ehtimal o qədər də ağılabatan deyil.

mənbə: azpolitika.info

Milli Təhlüksizlik Naziri işdən çıxarıldı – ilkin ehtimallar