İçeriğe geçmek için "Enter"a basın

Oğlu tutulan ata məhkəmə qərarına e’tiraz etdi

23-06-2015

hebs
Qayınata keçmiş gəlinlərindən dövlət orqanlarına şikayət edib
Binəqədi rayon sakini Nəsirov Cəlil Fərman oğlu növbəti dəfə “Bizim Yol”-a müraciət edib. Şikayətçi bildirir ki, Ali Məhkəmənin qərarı ilə onun 5 otaqlı evinin 2 otağında keçmiş gəlini Şəbnəb Nəsibovanın yaşamaq hüququ tanınıb: “Qərara görə, Şəbnəm gəlinimiz olan vaxtı evimizə gətirdiyi cehizini yerləşdirdiyi iki otaqda yaşamalıdır. Bu, çox ağır qərar oldu. Belə ki, Şəbnəm oğlum Nicatı həbs elətdirib, üstəlik də mənimlə bir evdə yaşamaq istəyir. Bu, mənim üçün işgəncədir. O, məhkəmədə iddia qaldırdı ki, guya Nicat onu zorlayıb. Məhkəmə də onu həbs etdi. Hansı ki, onun iddiası yalandır. Ekspertiza da bunu təsdiqləyə bilmədi. Şəbnəm oğlumu həbs elətdirəndə hələ ana olmamışdı. O, iddia edir ki, Nicatla izdivacından 1 övladı var. Oğlum həbsdən azad olunsun, DNT analizi verdirib, onun övladının atasının Nicat olub-olmadığını müəyyənləşdirəcəyik”.

Cəlil Nəsirov bildirdi ki, məhkəmə qərarının ədalətsizliyindən və ailəsinin təhlükəsizliyinin təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Milli təhlükəsizlik Nazirliyinə müraciət edib: “Şəbnəm bizi hədələyir. Biz həyatımıza və əmlakımıza təhlükə görürük. Odur ki, bu müraciəti etdik. Mən Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə şikayət etdim. 2004-2008-ci illərdə min bir zəhmətlə Sulutəpə qəsəbəsində 5 otaqlı ev tikdim. Şəbnəmlə oğlum evlənəndə artıq evimiz var idi. Evimizə 35 min manatlıq cehiz gətirdiyini iddia edən Şəbnəm evimdə yaşamamaq üçün 60 min manat, yaxud 2 otaqlı ev istəyir. Yəni bu istəklərindən biri reallaşsa, o, xeyrinə olan məhkəmə qərarının icra olunmasına qarşı çıxacağını deyib”.

Şikayətçi xatırlatdı ki, Şəbnəm Nəsibova Binəqədi Rayon Prokurorluğuna müraciət edərək keçmiş həyat yoldaşı Nicat tərəfindən zorlandığını iddia edib: “Prokurorluq Nicatın barəsində Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham irəli sürüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri də bu ittiham üzrə hökm elan ediblər. Hökmə əsasən, 2013-cü ilin martın 8-də oğlum 6 il müddətinə həbs olunub”.

Onun sözlərinə görə, 2012-ci il sentyabr ayının 2-də oğlu Nicatla Şəbnəb Nəsibova evləniblər: “Gəldiyindən cəmi 5 gün sonra Şəbnəm evdə rahatlığımızı pozmağa başladı. Belə ki, o, hər gün səbəbsiz yerə söz-söhbət salır, oğlumla mübahisələr edirdi. Bütün bunlara görə 15 noyabrda – toydan cəmi 2 ay sonra Şəbnəmin atası, anası və qardaşını evimə dəvət etdim. Onlara qızlarının səbəbsiz yerə hər gün dava-dalaş salmasını danışdım. Yeganə oğlumuzun xoşbəxtliyi bizim üçün hər şeydən vacibdir. Buna görə də onlardan xahiş etdim ki, Şəbnəmi ailədə mehriban olmağa dəvət etsinlər. Lakin bunun faydası olmadı. Əksinə, Şəbnəm evdən getdi, onun qardaşları isə oğlum Nicatı bir neçə dəfə çağıraraq ölümlə hədələdilər. İş o yerə çatdı ki, Nicat Binəqədi Rayon Polis İdarəsinə müraciət etməyə məcbur oldu”.

Qeyd: İddialarla bağlı qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Ramid İBRAHİMOV

Oğlu tutulan ata məhkəmə qərarına e’tiraz etdi