Gürcüstan vətəndaşı Tbilis doğumlu Yekaterina (Eka) Zquladze Ukrayna daxili işlər nazirinin birinci müavini təyin olunub.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, qərar Ukrayna Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib. Y. Zquladze bu vəzifəni qəbul etməsinin avantüra deyil, şüurlu seçim olduğunu bildirib. O, DİN sistemində aparılacaq islahatlara rəhbərlik edəcək.
Y. Zquladze 1978-ci ildə Tbilisidə doğulub. ABŞ-ın Oklahoma Universitetinin kollecində hüquq təhsili alıb. 2004-2005-ci və 2006-2012-ci illərdə Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. 2012-ci il sentyabrın 19-dan oktyabrın 25-nə qədər nazir vəzifəsini icra edib. İlk nikahı boşanma ilə nəticələnib. Hazırda isə tanınmış fransalı publisist-yazar Andre Qlüksmanın oğlu Rafael Qlüksman ilə evlidir, bir oğlu var.
Xatırladaq ki, bundan bir gün öncə Y. Zquladzeyə Ukrayna vətəndaşlığının verilməsi haqda Ukrayna prezidenti Petro Poroşenko fərman imzalayıb və Ekaya Ukrayna pasportu təqdim edib.