İçeriğe geçmek için "Enter"a basın

“Kreml hesabatı” konqresdə! – Azərbaycanlı oliqarxlar da siyahıdadır

30-01-2018


[r32]
Amerikanın Maliyyə Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matviyenkonun adını sanksiya tətbiq ediləcək şəxslərin siyahısına daxil edib.

“Report” TASS-a istinadla xəbər verir ki, nazirliyin Konqresə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

Hələlik sanksiyaların nədən ibarət olduğu tam açıqlanmayıb.

ABŞ-ın yeni sanksiya siyahısında D.Medvedev və V.Matviyenko ilə yanaşı, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin, Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Anton Vaynonun, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun, prezidentin köməkçisi Vladislav Surkovun, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovun, “Rosneft”in İdarə Heyətinin sədri İqor Seçinin, “Qazprom” Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerin, general Boris Qromovun, milyarder iş adamları Alşir Usmanovun, Roman Abramoviçin, Süleyman Kerimovun, Vladimir Potaninin, Pyotr Avenin, Arkadiy və Boris Rotenberqlərin, Gennadi Timçenkonun, Oleq Tinkovun və “Kasper laboratoriyası”nın qurucusu Yevgeni Kasperskinin də adları var.

Oliqarxlar siyahısında isə Əlişir Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, Yevgeni Kasperski, Oleq Deripaska, German Qref, Vladimir Kostin yer alıb.

***

“Kreml hesabatı”na Rusiya Nazirlər Kabinetinin əksər üzvləri daxil edilib.Axar.az xəbər verir ki, siyahıda Nazirlər Kabinetindən 30 nəfərin adı yer alıb. Bunlardan bir neçəsini təqdim edirik:

1. Dmitri Medvedyev – Baş nazir;

2. İqov Şuvalov – Baş nazirin müavini;

3. Sergey Prixodko – Baş nazirin müavini;

4. Aleksandr Xlopin – Baş nazirin müavini;

5. Vitali Mutko – Baş nazirin müavini;

6. Arkadi Dvorkoviç – Baş nazirin müavini;

7. Olqar Qolodets – Baş nazirin müavini;

8. Dmitri Kozak – Baş nazirin müavini;

9. Dmitri Roqozin – Baş nazirin müavini;

10. Sergey Şoyqu – Müdafiə naziri;

11. Maksim Oreşkin – İqtisadi İnkişaf naziri;

12. Vladimir Medinski – Mədəniyyət naziri;

13. Nikolay Nikiforov – Rabitə naziri;

14. Aleksandr Tkaçev – Kənd Təsərüffatı naziri;

15. Aleksandr Novak – Energetika naziri;

16. Anton Siluanov – Maliyyə naziri;

17. Sergey Lavrov – Xarici işlər naziri;

18. Vladimir Kolokotsev – Daxili işlər naziri.

Siyahıda həmçinin Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev, Baş Qərargah rəisi Valeri Gerasimov, Prezidentin Ətraf Mühitin Qorunması, Ekologiya və Nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri İqor Korobov, Moskva meri Sergey Sobyanin, Baş prokuror Yuri Çayka, Rusiya Dəmiryollarının rəhbəri Oleq Belozerov, “Rostex”in rəhbəri Sergey Çemezov, “Rosatom”un rəhbəri Aleksey Lixaçev, “Transneft”in rəhbəri Nikolay Tokarev, “Qazprombank”ın rəhbəri Andrey Akimov, “Aeroflot”un rəhbəri Vitali Savelyev, “Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar.

Oliqarxların siyahısında azərbaycanlı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var.

Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. ABŞ burada Rusiya ermənilərinin ən varlı iş adamı olan Samvel Karapetyanı da unutmayıb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib.

Qeyd edək ki, bu siyahıda yer alan şəxslərin heç birinə sanksiyalar tətbiq edilməyəcək. Ekspertlər sadəcə olaraq bu hesabatla ABŞ rəhbərliyinin CAATSA qanununun öhdəliklərini icra etdiyini bildiriblər. Onların fikrincə, siyahıdakı şəxsləri heç bir məhdudiyyət gözləmir, amma bu siyahı onlara gələcəkdə müxtəlif bölgələrdə müxtəlif əngəllərin yaradılmasına, onlara qarşı xüsusi diqqət göstərilməsinə səbəb ola bilər. Bir sözlə, bu şəxslər daima “arzuolunmazlar” siyahısında yer alacaqlar.

Qeyd edək ki, 2017-ci il iyulun 25-də Konqresin Nümayəndələr Palatası, iyulun 28-də isə Senat Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini qəbul edib. Sənəddə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etdiyinə, Suriyada Bəşşar Əsəd rejimini dəstəklədiyinə və ABŞ-dakı 2016-cı il prezident seçkisinə müdaxilə etdiyi üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulmuşdu.

“Kreml hesabatı” konqresdə! – Azərbaycanlı oliqarxlar da siyahıdadır