[r32]
Ukraynada ötən gecə Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan eks Gürcüstan prezidenti Mixail Saakaşvili təcridxanada müddətsiz aclıq elan edib. Virtualaz.org xəbər verir ki, bunu Saakaşvilinin vəkili Ruslan Çernolutski jurnalistlərə bildirib.
“Saakaşvili müddətsiz aclıq aksiyasına başladığını elan edir. O, məcburi qidalandırmaya müqavimət göstərəcək”-vəkil deyib. Onun sözlərinə görə, əgər məhkəmə Saakaşvilinin barəsində 60 günlük həbs qətimkan tədbiri seçsə siyasətçi “daha sərt formada” aclıq edəcək. Hərçənd Ukrayna Baş prokurorluğu bildirib ki, məhkəmədə Saakaşvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə yox, elektron qolbaq gəzdirmək şərti ilə ev dustaqlığı seçilməsi barədə vəsadət qaldıracaq. Saakaşvilinin bu gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Saakaşvili mütəşəkkil qruplaşma ilə əlbir olmaqda və dövlət çevrilişi cəhdində ittiham olunur. İttihama əsasən o, keçmiş prezident Viktor Yanukoviçin tərəfdarı olan və hazırda Rusiyada yaşayan oliqarx Sergey Kurçenkodan pul alıb və hakimiyyət çevrilişi hazırlayıb. Saakaşvili bu ittihamları qurama adlandırır.
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanılıb. APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Saakaşvilinin silahdaşı David Sakvarelidze bəyan edib.
“Mixeili tutdular! Təhlükəsizlik Xidmətinə aparırlar”, deyə D. Sakvarelidze özünün “Feysbuk” səhifəsində yazıb.
“Yeni Qüvvələr Hərəkatı”nın mətbuat katibi Maryana Poçtar faktı təsdiqləyib.
Kiyevdə saxlanılan Mixeil Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Bunu Ukrayna baş prokuroru Yuri Lutsenko bəyan edib.
Onun sözlərinə görə, M.Saakaşvili Kiyevin Otradnoye küçəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
“Saakaşvili müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bundan sonra müvafiq istintaq hərəkətləri və məhkəməyə müraciət nəzərdə tutulub”, deyə Y.Lutsenko bildirib.
Qeyd edək ki, M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.