[r32]
Azərbaycan hakimiyyətində sözün əsl mənasında sensasiyalı dəyişiklik baş verib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu gün Vergilər naziri Fazil Məmmədov və Təhsil naziri Mikayıl Cabbarov vəzifələrindən azad olunublar, M.Cabbarov dərhal da Vergilər naziri vəzifəsinə təyin olunub.
Fazil Məmmədov gözlənildiyi kimi, yenidən vəzifə almayıb, Təhsil naziri postuna da yeni təyinat yoxdur.
Bu dəyişiklikləri niyə sensasiyalı adlandırırıq? Əslində, hər iki nazirin vəzifəsindən azad olunacağı gözlənilən idi. Fazil Məmmədovun son zamanlar vəzifədə formal olaraq oturduğu, bəzən günlərlə işə çıxmadığı, səhhətində ciddi problemlərin olduğu, hətta alkoqolizmdən əziyyət çəkdiyi barədə məlumatlar gəlirdi. “AzPolitika” cəmi bir neçə ay əvvəl – 09 iyun 2017-ci il tarixli buraxılışında “FAZİL MƏMMƏDOV İŞƏ ÇIXMIR… VƏ SƏFİR OLMAQ İSTƏYİR! – Vergilər Nazirliyində daha nələri danışırlar?” sərlövhəli yazısında bu barədə ətraflı bəhs etmişdi. Həmin vaxt bildirmişdik ki, Fazil Məmmədovun payız aylarında işdən çıxarılacağı gözlənilir, o özü də bununla razıdır və hansısa ölkədə səfir postunu tutmaq və beləliklə də sakit həyata çəkilmək üçün çabalar göstərir. Faktiki olaraq, bu məlumatlar öz təsdiqini tapdı.
O ki qaldı Mikayıl Cabbarova, onun Təhsil naziri kimi fəaliyyətindən şəxsən Prezident İlham Əliyevin narazı olduğu haqda məlumatlar var idi. Bugünkü dəyişiklikləri gözlənilməz edən də elə bu məqamdır – M.Cabbarov Təhsil naziri vəzifəsindən azad olunsa da, heç də az əhəmiyyətli olmayan Vergilər naziri postuna təyinat alıb. Belə görünür ki, Prezident Əliyev onu öz ixtisası üzrə çalışdırmağı daha məqsədəuyğun sayıb.
Beləliklə, indi ən vacib suallardan biri Təhsil naziri vəzifəsinə kimin təyin olunacağıdır.