Azadlıq.az-ın xüsusi verdiyi xəbərə görə, bu gün Mersin vilayətinə bağlı Tarsus şəhərində Heydər Əliyev Parkının açılışı oldu. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Milli Məclisin komitə sədri Səməd Seyidov, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon Bələdiyyə sədri Teymur Məmmədov və digər rəsmi şəxslər iştirak etdilər.
Parkda Heydər Əliyevin abidəsinin də açılışı oldu.
Açılışda Türkiyədən Mersin Valisi Özdemir Çakacak, Mersin Bələdiyyə sədri Burhanettin Kocamaz, Adana Bələdiyyəsi sədri Hüseyin Sözlü, Tarsus Bələdiyyə sədri Şevket Can və MHP sədr muavini, deputat Oktay Öztürk və başqa vəzifəli şəxslər iştirak etdilər.
Azadlıq.az yaydığı məlumata görə, Türkiyə və Azərbaycanın tanınmış müğənnilərin ifasında konsert keçirildi. Şəhərin mərkəzində yerləşən “Cumhuriyet Meydanı”nda keçirilən konsertdə Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Mübariz Tağıyev, Aşıq Əli, Abbas Bağırov və birçox müğənni mahnıları ifa etdi. Konsertdə yerli əhali və Adana və Mersin vilayətlərindən gəlmiş Azərbaycanlı həmvətənlərimiz tamaşaçı olaraq iştirak etdilər.
Meydan, Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi.
Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu ilə Türkiyənin Mersin vilayətinə bağlı Tarsus şəhəri 2007-ci ildə qardaşlaşıb. Bu münasibətlə Tarsus şəhərində Xətai parkı və ulu öndər Heydər Əliyevin adına körpü tikilərək əhalinin istifadəsinə verilib. 2011-ci il 16-20 mart tarixlərində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adına salınmış körpünün açılış mərasimində Xətai rayonundan olan nümayəndə heyəti iştirak edib. Mövcud qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə 2012-ci il aprelin 12-dən 15-dək Tarsus Şəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamazın rəhbərliyi ilə qardaş Türkiyədən olan nümayəndə heyəti Bakı şəhərində, eləcə də Xətai rayonuna işgüzar səfərdə olub. Səfər çərçivəsində Tarsus şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə Heydər Əliyev adına yeni parkın salınması və burada Ulu Öndərin abidəsinin ucaldılması qərara alınıb.Artıq Tarsus şəhərində parkın tikintisi tamamilə yekunlaşıb, ulu öndər Heydər Əliyevin abidəsi ucaldılıb. Tuncdan hazırlanmış, çəkisi 3 tona yaxın olan abidəsinin hündürlüyü 5 metrdir. Abidənin postamenti isə qara mərmərdəndir. Parkda, həmiçinin 20 kvadratmetrlik rəngli monitor və uşaq əyləncə elementləri quraşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri aparılıb, dekorativ gül kolları əkilib. Qeyd edək ki, Tarsus Şəhər Bələdiyyə Məslisinin 2015-ci il 6 aprel tarixli qərarı ilə parka ulu öndər Heydər Əliyevin adı verilib.