İçeriğe geçmek için "Enter"a basın

Astan Şahverdiyevin mandatı alınacaq? – Konstitusiyanın yeni tələbi

28-12-2016


[r32]
Millət vəkili Astan Şahverdiyevin xaricdə yaşayan soydaşlarımızı təhqir etməsi bir neçə gündür ki, ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.

“Qafqazinfo” xəbər verir ki, deputatın Rusiya bazarlarında işləyənləri millətin “otxod”ları, “tör-töküntüləri” adlandırması ictimaiyyətin və soydaşlarımızın qəzəbinə tuş gəlib. Deputat işlətdiyi ifadəsinə görə Azərbaycan xalqından üzr istəsə də, bu məsələnin mahiyyətini dəyişməyib. Məsələyə Prezident Administrasiyası səviyyəsində də reaksiya verilib.

İctimaiyyət, xüsusilə də xaricdə yaşayan soydaşlarımız millət vəkilinin mandatından məhrum edilməsi tələbi ilə çıxış edirlər. Bəs hüquqi cəhətdən bu mümkündürmü?

Bildiyiniz kimi, sentyabr 26-da Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş referendumda Konstitusiyanın 89-cu maddəsinə 6 və 7-ci bəndlər əlavə olunub. Əlavə edilmiş 7-ci bəndin mahiyyəti odur ki, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, etik davranış qaydaları geniş bir məfhumdur: “İndi bu davranış qaydalarının kriteriyaları müəyyən olunmalıdır. Milli Məclisin İntizam Komissiyası yəqin o kriteriyaları müəyyən edəcək. Artıq Konstitusiya aktına əlavə və dəyişiklikləri qəbul etmişik. Bunun şərhi də ola bilər. Lazım gələrsə, bu şərhi Konstitusiya Məhkəməsi də verə bilər. Hələlik Astan Şahverdiyevin fikirlərindən söhbət gedir. Yəni o, fikirlərini bu cür ifadə edib. Fikir ifadə etmək etik davranış qaydalarına şamil olunmur. Sadəcə olaraq o öz fikrinə görə hansısa məsuliyyət daşıya bilər. Fikirdə təhqir ifadə olunması etik davranış qaydalarına şamil edilsə, o zaman Konstitusiyanın təsirinə altına düşə bilər. Fikri hansı şəraitdə ifadə etmək, necə vəziyyətdə vermək isə tamamilə başqa məsələdir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Parlament iclaslarında millət vəkilləri müxtəlif fikirlərini ifadə edə bilirlər və buna görə məsuliyyət daşımırlar. Parlamentdən kənar məsələlərə fikir bildirmək isə İntizam Komissiyasının səlahiyyətinə daxildir”.

Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, məsələnin mandatdan məhrum edilmə kimi sərt şəkildə qoyulması bir qədər mübahisəlidir: ”Çünki burada işlənmiş müəyyən fikir var və bundan sonra edilmiş üzrxahlıq var. Bura çox güman ki, töhmət variantı daha çox uyğun gəlir. Deputat mandatından məhrum edilmə çox sərt bir cəzadır. Hər hansı bir şəkildə xüsusi bir cinayət törətmək, hansısa şəxsin həyatına qəsb etmək, vətənə xəyanət, dövlətlərarası münasibətlərə zərər verən addımlar olarsa, bunun üzərinə gəlmək olar. İndiki halda isə verilmiş açıqlamaya görə üzr istənməsi halı var. Hər halda məsələ Komissiyada müzakirə olunanda fikirlər səslənəcək. İntizam Komissiyanın bilavastiə hüququ olan məsələ tənbeh verməkdir”.

Onun sözlərinə görə, etik davranış qaydaları mücərrəd məsələdir: “ Burada hansı qaydanı pozmağı müəyyən etmək üçün xüsusi rəy, ekspertiza aparılmalıdır. Ona qalsa, deputatın hər hansı açıqlaması bu cür yozula bilər. Ona görə də mandatdan məhrumetmə sərt qərar ola bilər. Adam üzr istəyibsə, elədiyi addımdan da peşmançılıq duyursa töhmət variantı daha məqsədəuyğun ola bilər”.
Azadlıq.az

Astan Şahverdiyevin mandatı alınacaq? – Konstitusiyanın yeni tələbi