İçeriğe geçmek için "Enter"a basın

Dağlıq Qarabağ məsələsində təhlükəli dönüş – Con Kerridən kritik açıqlama

02-10-2016

abs
ABŞ münaqişənin həllinə görə məsuliyyəti Azərbaycan və Ermənistan rəhbərlərinin üstünə atdı, Rusiya isə…

“Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil”. Musavat.com-un məlumatına görə, belə bir bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib. Amerika xarici siyasət idarəsinin başçısı hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı Qarabağ konfliktinin həlli üçün şərait hələ yetişməyib.
“Bu gün bir sıra dondurulmuş münaqişələr, o cümlədən Qarabağ münaqişəsi var ki, onların hazırda nizamlanma mümkünlüyü nəzərdən keçirilmir. İlk öncə ona görə ki, liderlər buna hazır deyillər”, deyə – Con Kerri bildirib.
Bu açıqlama bir neçə mühüm məqamı ilə diqqət çəkir.

Biri və birincisi odur ki, Kerri bununla Dağlıq Qarabağ ixtilafının həllinin Ağ Ev üçün ən azı, yaxın perspektivdə prioritet məsələ olmadığına açıq işarə vurub. Bu da əslində anlaşılandır.

Söhbət təkcə Amerikanın başının Suriya böhranına, İŞİD-ə qarışmasından getmir. Həm də ondan gedir ki, Obama administrasiyasının siyasi ömrü 1-2 aydan sonra bitəcək. Bu üzdən Qarabağ konflikti kimi qəliz problemin həllinə Ağ Ev hökumətinin vaxtı və diplomatik potensialı, sadəcə, yetməyə bilər.

İkincisi, ABŞ dövlət katibi son açıqlama ilə çox güman ki, bir daha münaqişənin həllində Ermənistanın müstəqil qərar verməyinin nə dərəcədə önəmli olmasına diqqət yönəltməyə çalışıb. Müstəqil qərarı isə İrəvan yalnız Moskvadan siyasi-hərbi asılılığı azaldacağı təqdirdə mümkündür. Hər halda, ABŞ-da da bilirlər ki, hazırda Ermənistan rəhbərinin Qarabağ məsələsində söz sahibliyi Azərbaycan prezidentindən fərqli olaraq, faktiki, sıfırın yanındadır.
Bu mənada Kerri “liderlər sülhə hazır deyil” sözləri ilə həm də Rusiyanın sülhə hazır olmadığını bəyan edib. Çünki Qarabağa dair danışıqlarda Ermənistanı, faktiki, Rusiya əvəz edir və problemin çözümündə ABŞ-ın da öncələr etiraf elədiyi kimi, Moskva həlledici amil rolundadır.

Rusiya isə belə görünür, ABŞ kimi yaxasını kənara çəkib, danışıqlar prosesində dönüş olmaq üçün işğalçı tərəfə ciddi təzyiq göstərmək həvəsində deyil. Əksinə, son vaxtlar Ermənistanın təhlükəsizliyini gücləndirmək yönündə addımlar atmağa, ona müəyyən təhlükəli silahlar ötürməyə başlayıb.

Dağlıq Qarabağ məsələsində təhlükəli dönüş – Con Kerridən kritik açıqlama