Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP), polkovnik Nuşirəvan Səfərovun “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə Xətai rayon Məhkəməsinin çıxardığı hökmdən verilmiş apellyasiya şikayətinə baxılması yekunlaşıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən 2 dəqiqəlik iclasda qərar elan olunub. Azərbaycan reallığında möcüzə baş verməyib – ilkin instansiyanın sifarişli qərarı qüvvədə saxlanılıb.
E.Məhərrəmlinin vəkili Elçin Sadıqov bildirib ki, hakim, Nuşirəvan Səfərovun məhkəməyə gətirilməsi barədə vəsatəti təmin etməyib və qanunsuz qərarı qüvvədə saxlayıb. “Qərar qanunsuz və əsassız olduğu üçün kassasiya şikayəti verəcəyik. Kassasiya şikayətimiz təmin olunmadığı təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Söz azadlığına qarşı cinayət sanksiyasının tətbiq edilməsi, birmənalı şəkildə Konvensiyanın ifadə azadlığına təminat verən 10-cu maddəsinə ziddir”.
Xatırladaq ki, “Azpolitika.info” saytında 31 dekabr 2015-ci il tarixdə yayımlanmış “Nuşirəvan və “bayquşlarının” sərgüzəştləri” adlı yazı BDYP rəisini qəzəbləndirmişdi və o, məhkəməyə üz tutaraq, E.Məhərrəmli barəsində sifarişli qərarın qəbul olunmasına nail olmuşdu. Halbuki, həmin məqalədə bütün ölkəyə məlum olan reallıqlardan söhbət açılmış, DYP-də, o cümlədən BDYP-də rüşvət və korrupsiyanın ildən-ilə azalmaq əvəzinə artdığına diqqət çəkilmişdi. Məhkəmə proseslərinin gedişi zamanı “AzPolitika”da yayımlanmış sonrakı yazılarda isə BDYP-idəki rüşvət və korrupsiya mexanizminin başında duranlardan birinin şəxsən N.Səfərov olduğunu ehtimal etməyə əsas verən tutarlı faktlar ortaya qoyulmuşdu. Məsələn, DYP rəisinin hazırda yaşadığı möhtəşəm sarayın bazar qiymətinin bir neçə milyon dollar təşkil etdiyi, üstəlik bu saraya bitişik ərazidə hazırda yeni milyonluq villanın tikintisini apardığı fotofaktlarla sübut olunmuşdu. N.Səfərov bu faktlara heç bir münasibət bildirmədi. Təkcə onu sübut etməyə çalışdı ki, YENİ MİLYONLUQ VİLLANI OĞLU ÜÇÜN DEYİL, NÜFUZLU BİR ŞƏXS ÜÇÜN TİKİR! Niyə tikir, hansı pulla tikir, bu suallar, hələ ki açıq qalır. Hələ ki…
Lakin şübhəsiz ki, hər ay DYP-də toplanmış on milyonlarla manatın üzərində sərəncam vermək imkanı olan “DYP mafiyası”nın Azərbaycan məhkəmələrindən “öz ədalətini” satın alması bir stəkan suyu içmək qədər asan bir işdir. Bunu da yaxşı bilirik. Ancaq ondan da xəbərdarıq ki, DYP sistemində kök salmış və buranı şəxsi qazanc mənbəyinə çevirmiş bu bandanın “dişi” Ali Məhkəməyə bir qədər çətin batır…
“AzPolitika”