İçeriğe geçmek için "Enter"a basın

Ülkər İsayeva üçün yubka geyinəcəklərmi?

19-03-2015

miniyubkaZaur Qurbanlı: “Biz qoltuğumuzda yubka gözləmirik ki…”; İsmi Şahzadə: “Bu, o demək deyil ki, bütün oxşar hadisələrdə yubka geyinəcəyik”
Türkiyədə böyük səs-səda doğuran Özgəcan Aslan cinayətinə etiraz əlaməti olaraq Bakıda bir neçə tanınan gəncin etiraz aksiyası hələ də yaddan çıxmayıb. Belə ki, NİDA-nın həbsdən yeni çıxan üzvü Zaur Qurbanlı, jurnalistlər İsmi Şahzadə və Cavid Abdullayev “Özgecan için mini etek giy” aksiyası keçirmişdilər. Onlar mini yubka geyinərək, fotolarını çəkdirib sosial şəbəkədə paylaşmışdılar. Bu aksiya Türkiyədə də ciddi diqqətə səbəb olmuş və bizim gənclərin məlum fotoları qonşu ölkənin mətbuatını da bürümüşdü.

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayevanın küçədə döyülməsi, bununla bağlı ölkədə yaranan ajiotaj da hazırda günün ən aktual mövzusudur. Qadına şiddət, insan haqlarının pozulması…. Ö.Aslan olayı qədər olmasa da, burda da vəhşiliyin əlamətləri özünü göstərir. Məhz bu səbəbdən sosial şəbəkələrdə də bu paralellər aparılmağa başlanıb: “Özgecan üçün yubka geyinənlər Ülkərə görə niyə səsini çıxarmır?”

Biz də eyni sualla məlum aksiyanı keçirənlərə müraciət etdik.

İsmi Şahzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, şəxsən kimliyindən , şəxsiyyətindən, bütün hallarda, hətta cinsiyyətindən belə asılı olmayaraq zorakılığa – şiddətə qarşıdır: “Bizim məsələyə münasibətimizi , “Özgecan hadisəsinə reaksiya verənlər hardadır?” sualını bütün tanıyanlar, yarızarafat-yarı ciddi soruşublar. Arada baxdım gördüm ki, sosial şəbəkələrdə də bu sual çıxıb ortalığa. Biz əvvəlki mövqeyimizdəyik. Etirazlarımız da var və olacaq – müxtəlif formalarda. Amma bu, o demək deyil ki, bütün oxşar hadisələrdə yubka geyinəcəyik. Bir az da bu sualı bizə verənlər kreativlik eləsin”.

Aksiyanın iştirakçılarından olmuş NİDA üzvü, keçmiş siyasi məhbus Zaur Qurbanlı isə bildirdi ki, bu sualı verən cəmiyyətin bizim cəmiyyət olması qanunauyğunluqdur. Onun fikrincə, öz intim hüququnun da başqası tərəfindən müdafiə olunmasını gözləyən toplumdayıq: “Biz qoltuğumuzda yubka gözləmirik ki, bir hadisə baş versin, dərhal geyinək. Hər hadisəyə etiraz edib-etməmək də hər kəsin şəxsi işidir. Özüm barədə isə onu danışa bilərəm ki, mən “döyülməmişəm” deyən döyülmüş xanımı sosial şəbəkədə müdafiə etmişəm. Başqa nəsə etməyi də düşünmürəm”.

Z.Qurbanlı dedi ki, kimsə başqa nəsə etməyin – yubka geyinib və ya başqa kreativ üsulla etiraz etməyin vacibliyini düşünürsə, buyura bilər: “Etsinlər, kreativliyə, yeniliyə açıq cəmiyyət olmadığımızdan kreativlik edən hər kəsi hədəfdə saxlamağa çalışırlar. indi də bizi hədəfdən salmaq istəmirlər. Axı kreativlik baş verib, statikliklərinə kölgə düşüb”.

Sevinc Telmanqızı / musavat.com

Ülkər İsayeva üçün yubka geyinəcəklərmi?