Hakim : “Ülkər İsayevanı dindirmişəm”.
“Mən sadəcə iddianın təmini tədbiri barədə məsələyə münasibət bildirmişəm.”
Azadliq.Az xəbər verir ki, bunu Arqument.Az-a açıqlamasında Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva ilə bağlı yayılan iddialara cavab olaraq bildirib.
Onun sözlərinə görə, istintaq hələ də yekunlaşmayıb:
“Fakt varsa, cinayət sübuta yetiriləcək. Hazırda Bakı Apelyasiya Məhkəməsində işə baxılır, nəticəni gözləsəniz daha yaxşı olar.
O ki qaldı Ülkər İsayevaya, onu dindirmişəm və heç bir şikayəti olmayıb. O bildirib ki, döyülməmişəm, sadəcə müqavimət göstərdim, onlar da məni sakitləşdirib evə aparıblar. Yəni o, döyülmək faktını qəbul etmir. Biz də tərəfləri dindirib məhkəmə başlayana qədər onları sərbəst buraxmaq barədə qərar qəbul etmişik”.
Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur və Elin Məmmədov qardaşları tərəfindən fiziki işgəncəyə məruz qalıb.
Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib və Z.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Azərbaycan Baş Prokurorluğu hakimin bu qərarından protest verib. Məsələyə bu gün Bakı Apelyasiya məhkəməsində baxılacaq.