İçeriğe geçmek için "Enter"a basın

Deputat Elmira Axundova Port-Bakıdakı evindən, villalarından və ittiham olunduğu hər şeydən – Danışdı

19-02-2016

elmira
Millət vəkili Elmira Axundova son zamanlar özü və oğlu Həbib Axundov barəsində yayılan bir sıra ittihamlara cavab verib. E. Axundova “Qafqazinfo”ya göndərdiyi cavab məktubunda Fərman Məmmədovun onun deputatlıqdan məhrum edilməsi ilə bağlı ölkə prezidentinə etdiyi müraciətdən, oğlu Həbib Axundovun dələduzluqla ittiham olunması ilə bağlı iddialardan danışıb.

Deputat bildirib ki, ilk və son olaraq məsələyə nöqtə qoymaq və hər şeyi təfsilatı ilə açıqlamaq niyyətindədir.

Millət vəkilinin “Qafqazinfo”ya ünvanladığı cavabı olduğu kimi təqdim edirik:

“Əvvəla, bu, onların cənab prezidentə birinci müraciətləri deyil. Həmin şəxslər ən azı 6-7 dəfə belə müraciət ünvanlayıblar. Özləri də etiraf edirlər ki, onların müraciətlərinə heç bir reaksiya yoxdur. Ola da bilməz. Çünki bu cür məsələlər KİV və ya prezident vasitəsilə həll edilmir. Biz hüquqi dövlətdə yaşayırıq, əgər bu şəxslərin mənə qarşı iddiaları varsa, onlar məhkəməyə və ya digər hüquq mühafizə orqanlarına müraciət etməlidirlər. Yeri gəlmişkən, mən artıq bu cür etmişəm, şərəf və ləyaqətimin qorunması üzrə iddianı qazanmışam.

Fərman Məmmədovun məqsədinə gəldikdə isə, bunu onun özündən soruşmaq lazımdır. O, bu kampaniyada əsas ilhamverici qüvvədir, qalanları isə onun çaldığı havanı oynayırlar. Mənim oğlum Fərmana qarşı bu çirkin kampaniyaya görə Binəqədi rayon məhkəməsində iddia qaldırıb. Qoy Fərman və onun əlaltıları orada vuruşsunlar, dediklərini sübut etsinlər. KİV-ləri bu işlərə nə üçün qatırlar? Deməli, məqsəd nəyisə sübut etmək yox, ancaq bizi ləkələməkdir. Bilirsiniz, bu dəstənin hərəkətləri məntiqsizdir: əvvəl özləri mətbuatda yazırlar ki, müraciətlərinə baxan yoxdur, lakin istintaq orqanları onları çağıranda, ya da biz məhkəməyə müraciət edəndə yenə şivən qopardırlar: vay, bizi ora-bura çağırırlar, bizə təzyiq edirlər. Əvvəla, heç kim onlara təzyiq etmir, əksinə onlar məhkəmənin və istintaqın gedişatına mane olurlar. Bu işi aparan müstəntiqlər barədə hər yerə şikayətlər yazırlar. Fərmanın istəyi odur ki, istintaq faktlara və şahidlərə yox, onun dediyinə arxalansın”.

Həbib Axundov
hebib
Millət vəkili bildirib ki, uzun müddət Fərman Məmmədova və onun “dostlarına” cavab vermək istəməyib: “Əvvəla, mənim oğlum bir neçə dəfə KİV-də bununla əlaqədar çıxış etmişdi, onların səviyyəsinə enmək və eyni məsələni on dəfə çeynəmək nəyə lazımdır? Məsələ orasındadır ki, Fərmanın ailəsi mətbuatda apardıqları bir sıra hay-küylü kampaniyalar, həmçinin əfqan döyüşçüləri ilə məhkəmə çəkişmələri üzrə məşhurdur. Buna görə də mən onların əsassız məktub və ərizələrinə cavab verməmək qərarına gəlmişdim.

Amma “Azadlıq” və “Yeni Müsavat” Fərmanın dəstəsini aktiv şəkildə təbliğ edirlər, “Qafqazinfo” da onlara istinadən dəfələrlə Fərmangilin müxtəlif qurumlara olan eyni xarakterli müraciətlərini dərc etmisiniz. Buna görə saytınız onların ittihamlarını şərh etməyimi istəyəndə mən razılaşdım. O şərtlə ki, siz mənim məktubumu və təqdim etdiyim sənədləri tam şəkildə dərc edəcəksiniz. Əvvəlcədən sizə öz minnətdarlığımı bildirmək istəyirəm.

Mənə qarşı şikayətçi olan şəxslərdən heç birini, Fərman Məmmədovdan başqa, heç vaxt görməmişəm, onları ümumiyyətlə, tanımıram. Heç bir vəsaiti onlardan götürməmişəm. Ziya Vəliyev, Elnur Vəliyev, Sabir Ağayev və başqaları pullarını Elnur İbrahimova veriblər. Bu, onların Bakı şəhər Baş Polis İdarəsinə verdikləri izahatlarda da öz əksini tapıb. Onlar ərizələrində qeyd ediblər ki, Həbib Axundova qarşı onların heç bir iddiaları yoxdur. Heç kəs onlara təzyiq də etməyib, bu insanlar Elnur İbrahimovu tapmaq və axtarış elan etməklə bağlı özləri Bakı şəhər Baş Polis İdarəsinə müraciət ediblər və bunları öz ərizələrində qeyd ediblər. Amma bu hadisədən iki il yarım keçdikdən sonra onlar nədənsə öz müraciətlərində iddia etməyə başladılar ki, pulları şəxsən mənim oğluma, hətta mənim özümə veriblər. Belə də yalan olar?!

Bizdə və eyni zamanda hüquq mühafizə orqanlarında ciddi sübutlar var ki, bu insanları ətrafına toplayaraq mənə və oğluma qarşı müxtəlif ərizələr yazmağa razı salan, məhz Fərman Məmmədovdur. Fərman onları müxtəlif şirnikləndirici vədlər və maddi ödəmələrlə yanında saxlayır. Sizin dərc etdiyiniz sonuncu müraciətin altında adama elə gəlir ki, çox insanın adı və imzası var, amma diqqətlə baxanda görürsən ki, onlar hamısı Ziya Vəliyev, Elvin Vəliyev və Sabir Ağayevin qohum əqrəbasıdır. Nə mən, nə də ki oğlum onları tanımırıq və gözümüzlə də görməmişik.

Fərman öz çirkin kampaniyasında hər vasitədən istifadə edir, məsələn, o, öz müraciətlərində bəzi şəxslərin imzalarını saxtalaşdırır, onları aldadır. Onlardan biri olan Şahin Məhərrəmov artıq bununla bağlı Prezidentə müraciət edib.
Azadliq.az

Deputat Elmira Axundova Port-Bakıdakı evindən, villalarından və ittiham olunduğu hər şeydən – Danışdı