ABŞ İranın üçüncü ölkələrlə neft ticarətinə tətbiq etdiyi sanksiyaları ləğv edib
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, sanksiyalar İran neftini əldə edən və ya İran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək.
Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a İran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi.
Sanksiyaları ləğv etməklə ABŞ İranın nüvə proqramı ilə beynəlxalq saziş üzrə üzərinə götürdüyü öhdəlikləri icra edir.
ABŞ İrana qarşı sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb
Bu barədə jurnalistlərə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib. “ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi ABŞ İrana dair sanksiya siyahısından 400-dək şirkət və fiziki şəxsi çıxarıb, lakin 200-dək İranla əlaqəli şəxs siyahıda qalacaq”, deyə məmur bildirib.
İrana 50 mlrd. dollar məbləğində dondurulmuş aktivlərinə sahib olmaq hüququ verilib
ABŞ-ın Tehrana qarşı sanksiyaları ləğv etməsi nəticəsində İran dondurulmuş 50 mlrd. dollar məbləğində olan aktivlərinə sahib olmaq hüququ əldə edib. Bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi Ağ Evin keçirdiyi xüsusi brifinqdə bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.
Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.
Ruhani təbrik etdi
İran prezidenti Həsən Ruhani İran xalqını Birgə Hərtərəfli Tədbirlər Plana uyğun olaraq nüvə proqramı üzrə sazişin rəsmi icrasına başlanılması münasibəti ilə təbrik edib. O, “Twitter” səhifəsində yazıb:
“Mən bu uğura görə Allaha minnətdaram və İran xalqının əzəməti və səbri qarşında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!”, deyə Ruhani yazıb.
Azadliq.az