23.11.2016 / 18:40 xeber –
Akif Çovdarovun qohumu ifadə verdi: "Şahmar Türkiyədə axtarışdadır"
Günün ikinci yarisinda şahid qismində "Riyad" mühafizə xidmətinin rəisi Etibar Qasımov ifadə verib.
Lent.az-ın məlumatına görə, o, istintaqa verdiyi ifadəni təsdiqləyib. Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə açıqlamasında bildirib ki, prosesə mətbuatın buraxılması ilə bağlı vəsatət versək də təmin edilmədi. Vəkilin sözlərinə görə, zərərçəkmiş Şahmar Qurbanovun epizodu ilə digər bir şahid ləğv edilən MTN-in sabiq əməkdaşı hazırda təqaüddə olan İsgəndər Hüseynov ifadə verib: "O, ifadəsində dedi ki, Şahmar Qurbanov Bakıda bir çox şəxsə qarşı dələduzluq edib. O, uzun müddət Türkiyədə ticarətlə məşğul olurdu. Orada Hindistan vətəndaşına qarşı dəyəri 100 min dollardan baha olan briliantı ələ keçirilib. Sonradan həmin qızılı Rusiyada satmaq istəyərkən dağıstanlılar əlindən alıb". Vəkil bildirib ki, şahid ifadəsində Şahmar Qurbanov barəsində Türkiyədə axtarış elan edildiyini deyib: "İsgəndər Hüseynov Şahmar Qurbanobu ifşa elədi. Şahmar ifadəsində dedi ki, Çovdarov tutulandan sonra Azərbaycana qayıdıb. İsgəndər onun ağ yalanı ifşa etdi və barəsində axtarış olduğundan geri gəldiyini dedi". Zərərçəkən Şahmar Qurbanov Lent.az-a açıqlamasında şahidin dedikləri qara yalan adlandırıb: "İsgəndər Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Həm də ki, Çovdarovun qonşusu olub. Bir başa mənim ələhimə ifadə verdi. Çovdarova briliantı elə onunla birgə gətirmişəm. Mən MTN-ə gələndə Akif Çovdarovun otağına İsgəndər aparıb. Əhməlidəki evimi onun arvadının adına keçirmişəm". Proses noyabrın 28-də davam edəcək.
14:50
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub. Prosesdə baş verənlərlə bağlı vəkil Şahin Rəfiyev məlumat verib. O bildirib ki, prosesdə vəsatətlə çıxış edərək, cinayət işinin xitam verilməsini və müvəkkili ilə istintaq təcridxanasında görüşə icazə verilməsini istəyib. Vəsatət baxılmamış saxlanılıb. Prosesdə zərərçəkmiş Şahmar Qurbanov vəkillərin və prokurorun suallarını cavablandırıb. Şahin Rəfiyev qeyd edib ki, zərərçəkən şəxs vəkillərə qarşı aqressiv cavablar verib:
" Suallarımıza "xatırlamıram", "unutmuşam", "sizə adiyyatı yoxdur" kimi cavablar verdi. O, Çovdarova 500 min və brilyant verdiyini desə də yerini və vaxtını xatırlamadığını bildirib. Məhkəmə də bunları cavab kimi qəbul edib".
Vəkil onu da qeyd edib ki, prosesdə fasilə elan edilib: "Şahmar Qurbanovun dindirilməsi başa çatıb. Yalnız həmin epizodla bağlı şahidlər dindiriləcək. İlkin olaraq "Riyad Farm" mühafizə xidmətinin rəisi Etibar Qasımov şahid qismində ifadə verəcək".
Şahin Rəfiyev onu da qeyd edib ki, Akif Çovdarov nəfəs almaqda çətinlik çəkir: "İki həkimin nəzarətindədir. Özünü pis hiss edir, nəfəs ala bilmədiyi üçün prosesdə fasilə elan edildi".
Zərərçəkmiş şəxs Şahmar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə Çovdarovun vəkilləri ona işə aid olmayan suallar verib: "Hadisə 10 il bundan qabaq baş verib. İndi bəzi detalları unuda bilərəm. Adam 1 ay qabaq nə geyindiyini yadından çıxarır. Amma bu sualların mənim biznes əlaqələrimə aiddiyatı yoxdur".
Zərərçəkmiş şəxs onu da qeyd edib ki, Çovdarova 300 minlik qızıl brilyant və 500 min dollar nağd pul verib: " Çovdarov özünə 1 ədəd 3 karatlıq, 9 ədəd də 1 karatlıq brilyant aldı. Sonradan o, məndən Eldar Mahmudovun adından 2 dənə 4 karatlıq, 1 dənə 5 karatlıq brilyant aldı. Dedi Eldar Mahmudova çatacaq".
Proses fasilədən sonra davam edəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
mənbə :
lent.az