İçeriğe geçmek için "Enter"a basın

Qızın atasından ŞOK İDDİA: "O direktor zorlamaya görə 4 il türmədə yatıb" - YENİLƏNİB

16-11-2016

16.11.2016 / 15:04 xeber –

 

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli tərəfindən seksual hərəkətlərə məruz qaldığı deyilən 11-ci sinif şagirdinin atası Rəmzi Abduləliyev Lent.az-a danışıb. Rəmzi Abduləliyevin dediyinə görə, Şahhüseynlidə onlar həmin şəxsin nəinki direktor, hətta sıravi müəllim kimi işləməyinin əleyhinə olublar: “Çünki adamın müəllimlik kimi şərəfli peşəyə heç bir aidiyyəti yoxdu. Bütün kənd bilir ki, – bunu Şahhüseynlidə hamı təsdiqləyər – o şəxs zorlamaya görə 4 il həbsdə olub. Volqoqradda belə bir hərəkət etmişdi, cəzasını çəkib kəndə gəldi. Sonra da hansısa yolla müəllim düzəldi”.

 

Rəmzinin dediyinə görə, qayınanası ağır xəstədir və həyat yoldaşı da ona dəyməyə gedibmiş. Qayıdanda görüb ki, qız evdə yoxdur. Elə bu an qızın səsinə evdən çıxıb: “Gedib görüb ki, darvazanın ağzında Ceyhun qızımı qucaqlayır, paltarlarını cırmağa çalışır. Özü də içkili imiş. Anası gücü çatdığı qədər onu vurub. Ceyhun qaçıb. Qaçanda ayaqqabısının bir tayı və telefonu da düşüb qalıb. Ceyhun qızı kitab adıyla bayıra çıxarıbmış. Qızım hazırlığa gedir, zəng edib ki, gəl, sənə kitab və hədiyyə gətirmişəm. Qızım da inanıb, gedib”.

 

Hazırda işin rayon prokurorluğunda olduğunu deyən Rəmzi Abdulaliyev bir məqamdan narahatdır. O, ekspertizanın Zərdabda aparılmasının tərəfdarıdır: “Zərdabın eksperti elə adamdır ki, nə təklif etsələr də, düzgün nəticə çıxaracaq. Mənə elə gəlir ki, bu işi uzatmaq üçün belə edirlər. İşi niyə Ucara göndərirlər bilmirəm”.

 

Abduləliyevin dediyinə görə, qızı məktəbin ən yaxşı oxuyan şagirdlərindəndir və ali təhsil almaq istəyir: “Rayonun bütün tədbirlərində iştirak edir. Məktəb direktorları, icra başçısı da onu tanıyır, birgə fotoları var. Özüm hər gün rayona hazırlığa aparıb gətirirəm. Bu gün də ad günüdür, baxın başımıza nə gəldi”.

 

Səbuhi MƏMMƏDLİ

 

 

**

13:26

Zərdab Rayon Təhsil Şöbəsi Şahhüseynli kənd orta məktəbinin direktorunun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, Təhsil Şöbəsinin müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23.00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

 

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb: “Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma  aparılır. Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilmiş və heç bir təcavüz halının olmadığı müəyyən edilib”.

 

 

***

 

10:51

 

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru həbs olunub. Lent.az-ın məlumatına görə, orta məktəbə rəhbərlik edən 1984-cü il təvəllüdlü Ceyhun Tofiqli barəsində Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə başlanmış işlə bağlı həbs edilib. O, orta məktəbdə bir  şagirdinə qarşı seksual xarakterli hərəkətlər törətməkdə ittiham olunur.

 

Bildirilir ki, şagirdlərdən birinin valideynləri bir müddət əvvəl hüquq-mühafizə orqanlarına C.Tofiqlinin əməli barədə məlumat veriblər.

 

C.Tofiqli barəsində Zərdab rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir, zəruri ekspertizalar təyin edilib.

 

Qeyd edək ki, hadisə barədə ilk olaraq avropa.info saytı xəbər yayıb.

 

mənbə :
lent.az

Qızın atasından İDDİA: "O direktor zorlamaya göre 4 il türmede yatıb" – YENİLƏNİB