İçeriğe geçmek için "Enter"a basın

Sabiq nazir Əli Abbasov 7 milyon manat ziyan ödəyib - MƏHKƏMƏDƏN

16-11-2016

16.11.2016 / 13:36 xeber –

 

 

Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlərlə çıxış edib. O, çıxışında Vidadi Zeynalov barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

 

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov isə vəsatətində sabiq nazir Əli Abbasov və onun müavini olmuş İltimas Məmmədovun şahid qismində dindirilməsini istəyib: "Onlar əlavə şahid kimi yox, birbaşa şahiddirlər. İstintaq dövründə şahid qismində dindirilsə də, iş məhkəməyə gələn zaman şahidlər siyahısına salınmayıb. Onların ifadəsi çox önəmlidir. Sizə siyahı təqdim edirəm, başda Əli Abbasov olmaqla həmin şəxslərin prosesdə şahid qismində dindirilməsini təmin etməyinizi xahiş edirəm. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016- cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb".

 

 

Bəylər Məmişov və Ceyhun Yusifov digər vəsatətlərində Vidadi Zeynalovun əmlaklarına həbs qoyulması məsələsinə toxunublar. Bildiriblər ki, ittihamda Vidadi Zeynalovun  2009-2016-ci illərdə bu cinayətləri törətdiyi vurğulanıb. "Baxın Vidadi Zeynalovun atasının dünyaya gəldiyi evə həbs qoyulub. Həmin ev 1942-ci ildə alınıb. Digər bir misal. Onun oğlu İqtisadiyyat Universitetində çalışır. İnistutun müəllimləri üçün nəzərdə tutulan bina tikilib həmin binadan Vidadi müəllimin oğluna ev verilib, məhz əmək fəaliiyəti ilə bağlı. Həmin evə də həbs qoyulub. Həbs qoyulan evlərin çoxu 2000-2005 ci illərdə alınıb. İttiham isə 2009dan başlıyır. Məhkəmədən xahiş edirik ki, Vidadi Zeynalova məxsus 67 daşınmaz əmlakın üzərinə qoyulan həbs götürülsün".

 

Təqsirləndirilən digər şəxslərin  vəkilləri də müdadiə etdikləri şəxslər barəsində olan həbs -qətimkan tədbirinin dəyişdirilməsini ev dustaqlığı ilə əvəz olunması istəyiblər.

 

 

 

Anar Mustafayevin və Namazalı Məmmədovun vəkilləri cinayət işində ciddi qanun pozuntuları olduğundan cinayət işinin geri qaytarılmasını istəyib.

 

 

Təqsirlləndirilən şəxslər də vəkillərinin vəsatətlərin təmin edilməsini istəyib.

 

 

 

Proses nahar fasiləsindən sonra davam edəcək.

 

**

11:22

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edir.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əfqan Hacıyev sədrlik edir.

 

Xatırladaq ki, ötən proses Vidadi Zeynalovun vəkillərindən olan Elxan Süleymanov cinayət işi ilə tanış olmadığı üçün vaxt istəmişdi.

 

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

 

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

mənbə :
lent.az

Sabiq nazir Əli Abbasov 7 milyon manat ziyan ödeyib – MƏHKƏMƏDƏN