İçeriğe geçmek için "Enter"a basın

Hitlerin pərəstiş etdiyi gümrülü qızın MACƏRA DOLU HƏYAT HEKAYƏSİ

11-10-2016

11.10.2016 / 15:24 xeber –

O, bütün dövlət tədbirlərində Hitlerlə bir yerdə əyləşirdi. Elə fürer də onu çox sevirdi, harada görsəydi, xüsusi diqqət göstərirdi. O, Hitlerin sevgilisi Yeva ilə rəfiqə idi, faşist Almaniyasının baş ideoloqu Gebbelsin xanımı Maqdayla tez-tez ziyafətlərə qatılırdı.

Amma Almaniyada heç kim bilmirdi ki, o…

 

…1897-ci ildə, Qərbi Azərbaycanda, Gümrüdə anadan olmuşdu. Olqa ailənin ortancılı idi. Hələ uşaq ikən teatra, musiqiyə vurğunluğu onun aktrisa olacağından xəbər verirdi. 16 yaşı tamam olmamış Olqanı Moskvaya, təhsil almağa göndərirlər. Olqa qısa zaman ərzində çar Rusiyasının ən böyük teatrlarından biri olan Moskva Bədaye Teatrında aktrisalığa başlayır. Elə ilk rollarıyla da uğur qazanır. Elə ilk sevgisini də burada tapır. Məşhur rus yazıçısı Anton Çexovun qardaşı oğlu Vladimir İvanoviç Olqadan ötrü dəli-divanəydi. Olqa isə ona rədd cavabı vermişdi. Sevgisindən rədd cavabı alan Vladimir özünü öldürmüşdü. Amma taleyin işinə bax, sonradan elə həmin Çexovun başqa bir qardaşıoğluna, Mixailə ərə getmişdi. İl yarımdan sonra onların qızı anadan olmuşdu: Ada. Bir il sonra isə onlar boşanmışdılar…

 

Olqa Mixaildən boşanandan bir il sonra qızı Adanı Gümrüyə aparmış, valideynləri ilə vidalaşmışdı. Səhhətindəki problemlə əlaqədar Almaniyaya gedəcəyini demişdi.

***

 

Almaniyada isə uğur onu bir göz qırpımında haqlamışdı. Əvvəl teatrda, sonra isə kinoda. Bir-birini ardınca çəkildiyi “Maskarad”, “Hannerl və onun sevgilisi”, “Gözəl səhləblər”dəki istər avantürist, istərsə aristokrat rolları onun fitri istedadından xəbər verirdi. Olqanın baş rolu canlandırdığı və  öz dövrünün məşhur filmi “Mülen Ruj” dan sonra onu artıq bütün Avropada tanıyırdılar. Bu populyarlıq özünü çox göstərmədi. 1923-cü ildə aktrisa alman vətəndaşlığını qəbul etdi. Bu addımından sonra hər tərəfdən təkliflər yağmağa başladı. Və demək olar, gənc aktrisa ildə altı-yeddi filmə çəkilirdi.

33-cü ildə Hitlerin hakimiyyətə gəlməyi ilə Almaniyada kino sənayesi öz inkişafını yaşayırdı. Əksəriyyəti faşist ideologiyasının təbliğ etdiyi bu filmlərdin əksəriyyətində Olqa baş rolları oynayırdı. 1936-cı ildə Olqa “Almaniya dövlət artisti” fəxri adına layiq görüldü. Bu ad o demək idi ki, Olqa artıq Almaniya rəhbərliyinin iştirak edəcəyi əksər tədbirlərə dəvətli olacaq.

 

Elə də olur. Tezliklə o, 3-cü Reyxdə təşkil olunana əksər ziyafətlərdə görünməyə başlayır. Olqanın xatirələrindən:

 

“1933-cü ilin yanvarında Hitler dövlət kansleri, doktor Yozef Gebbels isə xalq maarifi və təbliğatı  naziri təyin edilmişdi. Günlərin birində bildirdilər ki, məni günün ikinci yarısında cənab təbliğat nazirinin qəbulunda gözləyəcəklər; Fürer də orada olacaq. Az keçmiş qapıda iki SS zabiti göründü. Paltarımı dəyişməyə macal vermədən məni maşınla Vilqelmştrassa gətirdilər. Çay süfrəsi təşkil edilmişdi. Hitler mülki geyimdə ayaq üstündə durmuşdu. O, həmin vaxt mənim “Alovlu sərhəd” filmim haqqında danışıb təriflədi. Onlar mənə ilk görüşdə cəsarətsiz, bacarıqsız, özlərini qadınların yanında ələ almağı bacarmayan lütfkar avstriyalı təəssüratı bağışladılar. Fürer mənə öz şəklini hədiyyə etdi. Arxasına isə belə yazmışdı: “Frau Olqa Çexovaya, təəccüb və heyranlıqla”. Bu foto sonradan Olqanı doqquz ildən artıq qoruyacaqdı.

 

Elə həmin ildə o, sevgisini uzun müddət rədd etdiyi belçikalı milyoner Marsel Robinsə ərə getməyə razı olur. Nikah mərasimində məhdud dairədə baş tutur. Və bu izdivac nəticəsində də sovet kəşfiyyatçılarının hədəfinə düşür. Sən demə, Marsel Robins sovet agentiymiş.

 

Jurnalist Svetlana Bestujevanın “Smena” jurnalında Olqa haqqında dərc olunan “Ramedilməz avantürist” məqaləsindən:

 

“Müharibə illərində sovet xarici kəşfiyyatının rəhbərlərindən biri olan general-leytenant P.A. Sudoplatovun memuarlarında yazırdı: “Şöhrətli yazıçının bacısı oğlunun keçmiş arvadı, məşhur aktrisa Olqa Çexovanın Radzivill və Herinqlə yaxınlığı, bundan başqa dolayısı yollarla Beriyayla əlaqələri vardı… Birinci şərtimiz məhz elə onun özünü Radzivill ilə əlaqə qurmaqda istifadə etməkdi. Bizim qarşımıza Hitleri öldürmək planı qoyulmuşdu. Olqa Çexova və Radzivill alman aristokratiyası arasında olan dostlarının köməkliyi ilə bizim adamların Hitlerə yaxınlaşmasını təmin etməliydi. Berlində gizli fəaliyyət göstərən agentlər qrupu İqor Miklaşevskiyə tabe idi. 1942-ci ildə Miklaşevski böyük cəsarət göstərib Olqa Çexovayla görüşməyə nail oldu. Sonralar o, Moskvaya məlumat göndərmişdi ki, Herinqi aradan götürmək asanlıqla mümkündür; lakin Kreml buna xüsusi maraq göstərmədi”.

 

1938-ci ildə Olqa Marsel Robinsdən boşandı. Nikah bir anda pozuldu və üstəlik də Marselin Almaniyaya gəlib-getməsinə qadağa qoyuldu. Olqa gənc kapitan Valter Yep ilə eşq macərası yaşamağa başladı. Yepin taleyi isə faciəylə başa çatdı. O, 1941-ci ilin dekabrında İngiltərə səmasında hava döyüşlərinin birində həlak oldu.

 

Olqanın xatirələrindən:

 

“Almaniyanın SSRİ-yə soxulduğu birinci gün Gebbelsin bağına dəvət edilmişdim. Gebbels bildirdi ki, 1941-ci ilin Milad gününə qədər alman ordusu Moskvada olacaq. Mən fikrimi bildirmək üçün izn istəyib kiçik əraziyə malik Almaniyanın SSRİ üzərində qələbə çalmasını mümkünsüz olduğunu dedim. Gebbels cavab verdi ki, Rusiyada inqilab olacaq və bu da SSRİ üzərində qələbəni asanlaşdıracaq. Mən müraciət üçün icazə alıb inqilabın yalnız müxalifət olan ölkələrdə baş verdiyini söylədim. Söhbətimiz kifayət qədər soyuq qurtardı. Nəticəsində isə məni daha heç bir qəbula dəvət etmədilər”.

 

Amma bununla belə müharibənin sonunacan İqor Miklaşevski ilə əlaqəni də kəsmədi. Onun yüksək rütbəli alman zabitləri ilə də əlaqələri dururdu. Və Olqanın ötürdüyü hər bir xəbər ciddi əhəmiyyətə malik idi.

 

***

 

Müharibədən sonra Olqa Almaniyanı tərk etmədi. Elə Şərqi Berlində qaldı. Filmlərə çəkildi.

 

 

Svetlana Bestujevnın yazdıqlarından:

 

“1954-cü ildə Olqa kinoya çəkilməyi tamamilə dayandırdı. 60-cı ildə isə ümumiyyətlə teatrla da vidalaşdı. Həmin ərəfədə aktrisa gənclik rəfiqəsi Alla Tarasovaya SSRİ-yə baş çəkmək arzusunu yazmışdı: “Ailəvi gəlmək fikrindəyəm, mənimlə ancaq qızım, nəvəm, katibim, həkim və masajistim olacaq. İstəyirəm heç olmasa dayım Antona, xalam Olqaya baş çəkim”. Rəfiqəsi isə ömrünün sonunadək onun gəlişindən ehtiyatlandı və belə cavab verdi: ”Hələ gəlmək vaxtı deyil”.

 

Bundan sonra Çexova, Moskva ilə bütün əlaqələrinə son qoydu və heç vaxt da SSRİ xəbərlərinə nə qulaq asdı, nə də izlədi. Hətta o, ətrafındakılara bu mövzu barəsində danışmağı tamamilə qadağan etmişdi. Aktrisa Şərqi Berlindəki evini satıb mərkəzində kosmetik salon açdığı Münhen şəhərinə daşındı. Olqa Paris Gözəllik Universitetinin rəsmi diplomunu aldı. Belçika və Almaniyada kosmetika üzrə məruzələri dinlədi və məşğələlərdə oldu. Beləcə, onun salonu tərəqqi edib tədricən çox da böyük olmayan “Olqa Çexovanın Kosmetikası” firmasına çevrildi. 1980-ci ilin sonunda Olqa beyin xərçəngindən dünyasını dəyişdi. Qızı Ada da bir neçə ildən sonra təyyarə qəzasında vəfat etdi. Sevimli nəvəsi Vera Çexova-Rust isə indi Almaniyanın tanınmış aktrisalarından biridir.

 

mənbə :
lent.az

Hitlerin perestiş etdiyi gümrülü qızın MACƏRA DOLU HƏYAT HEKAYƏSİ