İçeriğe geçmek için "Enter"a basın

Ramil Usubov iranlı həmkarı ilə görüşüb

03-10-2016

03.10.2016 / 17:53 xeber –

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Azərbaycana rəsmi səfərə gəlib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün  Ramil Usubov İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. R.Usubov aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, cari ilin avqust ayında Bakıda üçtərəfli İran- Azərbaycan-Rusiya Yüksək Səviyyəli Sammitin keçirilməsinin bunun növbəti bariz nümunəsi olduğunu məmnunluqla xatırladıb. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

 

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında ətraflı məlumat verilib. Cari il oktyabrın 18-də respublikamızda dövlət müstəqilliyinin bərpasının 25-ci ilinin tamam olacağını nəzərə çatdıran Ramil Usubov sözügedən müddətdə cəmiyyət həyatının bütün sahələrində qazanılan uğurlarla yanaşı qarşılaşdığımız çətinliklər, xüsusən Ermənistanın hərbi təcavüzü və onun doğurduğu nəticələr barədə danışıb, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə İranın hər zaman tərəfdar olduğunu, bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində ölkəmizin haqq işini dəstəklədiyini vurğulayaraq, buna görə təşəkkürünü bildirib.

 

Söhbət zamanı həmçinin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi və müasir texniki vasitələrin alınması, demokratik prinsiplərin möhkəmləndirilməsi sahəsində görülən işlər diqqətə çatdırılıb.  Nazir son illər Azərbaycanın nail olduğu dinamik inkişafın, qlobal layihələrin həyata keçirilməsində ölkəmizdə yaradılmış, ulu öndər və möhtərəm Prezidentimizin öz nitqlərində dəfələrlə vurğuladıqları sabitlik amilinin dayandığını, eyni zamanda, respublikamızda əmin-amanlıq, təhlükəsizlik şəraitindən vətəndaşlarımızla bərabər əcnəbilərin də yararlandıqlarını, iqtisadiyatımıza xarici investorların və sərmayənin cəlb olunmasında bu amillərin həlledici rol oynadığını xüsusi qeyd edib. Bildirilib ki, ölkəmizin hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə cinayətkarlığa, o cümlədən mütəşəkkil cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirirlər.

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edərək deyib ki, həqiqətən belə səfərlər, görüşlər və imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki ölkənin mənafelərinə tam uyğundur və bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir. İstənilən inkişafın təməlində sabitlik amilinin dayandığı barədə həmkarının mövqeyini bölüşən cənab Əbdülrza Rəhmani Fəzli  İran və Azərbaycandan fərqli olaraq, regionda qeyri-sabit situasiyanın hökm sürdüyünü, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin bölgədəki vəziyyətə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

 

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.                                       

 

mənbə :
lent.az

Ramil Usubov iranlı hemkarı ile görüşüb