İçeriğe geçmek için "Enter"a basın

Şəkidə ölmüş heyvanların sümükləri zərərsizləşdirilib

23-09-2016

23.09.2016 / 18:06 xeber –

 

 

Şəki Rayon Baytarlıq İdarəsinin əməkdaşları Şəkinin şimal-qərb hissəsində, şəhərdən 5-6 km məsafədə 15-20 gün əvvəl atılmış xeyli sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş-ayaq və bədən sümüklərinin olduğu əraziyə baxış keçiriblər.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Lent.az-a verilən məlumata görə, baxış zamanı ərazidə müxtəlif ölçüdə çoxlu sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanlara məxsus sümüklər, baş-ayaq  və çürümüş skeletlər aşkar edilib.

 

Özbaşına əraziyə atılmış heyvan skeletləri, baş-ayaq və heyvana məxsus digər hissələr baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq, Şəki məişət tullantıları poliqonunda dərin quyu qazılaraq zərərsizləşdirilib və ərazi DUK maşını vasitəsi ilə 2%-li formaldehid məhlulu ilə dezinfeksiya edilib.

 

Ata və digər heyvanlara məxsus sümüklərin həmin əraziyə kimlər tərəfindən atılmasını aydınlaşdırmaq üçün idarə əməkdaşlarına xüsusi tapşırıq verilib. Eləcə də bu məsələnin aydınlaşdırılması üçün Şəki Şəhər Polis Şöbəsinə rəsmi müraciət edilib: "Əhalidən xahiş edirik ki, hər hansı səbəbdən ölmüş və ya kəsilmiş heyvanların toplanması və tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək".

 

mənbə :
lent.az

Şekide ölmüş heyvanların sümükleri zerersizleşdirilib