İçeriğe geçmek için "Enter"a basın

Türkiyə-Rusiya yaxınlaşması və “İsgəndər” raketləri

23-09-2016

23.09.2016 / 17:18 xeber –

“Panoram” proqramında qlobal gündəmin trendləri müzakirə olunur. ilə qarşınızdayıq. Həftənin başlıqları çox zəngindir. Rusiya Ermənistana İsgəndər raket kompleksləri satıb, Suriyada uçuşlara bağlı bölgənin yaradılması təklif olunub, Fərat qalxanı əməliyyatından bir ay keçir, Ankara ilə Avropa Birliyi arasında gərginlik davam edir, ABŞ-ın vitse-prezidenti Ukraynaya ultimatum verib, Konqres Ukraynanı dəstəkləyən yeni sənəd qəbul edib, Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini əvvəlki səviyyədə saxlayıb, ABŞ-da prezident seçkiləri ən qızğın mərhələyə qədəm qoyub, neftin qiyməti stabilləşib, OPEK neft hasilatını dondurmaq barədə növbəti müzakirələr hazırlaşır. Politoloq Şahin Cəfərli ilə aparıcı Vüqar Hüseynov bölgədə və regionda gedən proseslərə dair aşağıdakı fikirləri səsləndiriblər:

 

– ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanı siyasi islahatları ləng aparmaqda ittiham edib və bildirib ki, bu lənglik Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları ləğv etməsinə gətirib çıxara bilər. Ukraynanın islahatları gecikdirməsində bir neçə səbəb var. Birincisi, bu siyasi sistemdə olan ziddiyyətlərlə bağlıdır. Prezident müdafiə məsələlərinin təşkilinə dair geniş səlahiyyətlərə malik olsa da, iqtisadi xarakterli məsələlərin həllinə parlamentin formalaşdırdığı hökumət cavabdehdir. Bu isə prezident Poroşenkonun istisadi islahatlar aparmasını ləngidir. Çünki Ukrayna parlamentində bir-birini qəbul etməyən çoxlu siyasi qüvvələr təmsil olunub, hətta eyni blokun tərkibində belə bir-birinə qarşı çıxan şəxslər var.

 

– Cozef Bayden ABŞ-ın Ukrayna siyasətini kurasiya edən şəxsdir, bu işin ölkənin iki nömrəli şəxsinə tapşırılması Vaşinqtonun Kiyevə nə dərəcədə yüksək qiymət verdiyini göstərir.

 

– Siyasi islahatların aparılması həm də Minsk razılaşmalarının həyata keçirilməsini nəzərdə tutur. Bu məsələdə Ukraynanın ciddi tərəddüdləri var. Kiyev razılaşmalarla bağlı ilk olaraq Rusiyanın addımlar atmasını istəyir. Razılaşmalara əsasən, Donbas regionuna xüsusi status verilməli, bu status Ukrayna Konstitusiyasında təsbitini tapmalı, separatçıların əlində olan o regionda özünüidarə orqanlarına seçkilər keçirilməli və rəsmi Kiyev bu seçkilərin nəticələrini tanımalıdır. Ukraynanın bu öhdəliklərə əməl etməsi ölkədə dərin siyasi böhran yarada bilər, bu səbəbdən prezident Poroşenkonun özü belə konkret atmaqda maraqlı görünmür.

 

– Ukraynaya letal silahların verilməsi həm də Minsk razılaşmalarına əməl etməkdən asılı olacaq. ABŞ-ın bununla bağlı tərəddüdləri var, Vaşinqton faktiki olaraq Ukraynanı müasir texnoloji silahlarla təmin etməyin Rusiyanın ən ciddi formada narazılığına səbəb olacağını anlayır. Bu narazılığı önləmək üçün isə Kiyevdən siyasi islahatları sürətləndirməyi, yəni həm də Minsk razılaşmalarına əməl etməyi tələb edir.

 

– Rusiya isə müttəfiqini silahlandırmaqda ABŞ-dan fərqli olaraq heç vaxt tərəddüd etməyib. Ermənistana “İsgəndər” operativ raket komplekslərinin verilməsi bunu sübut edir. Rusiyanın Ermənistanı bu cür müasir silahlarla təmin etməsinin kökündə aprel əməliyyatlarının nəticələri dayana bilər.

 

– Aprel əməliyyatları müasir texnologiyalara əsaslanan silahlar baxımından Azərbaycanın Ermənistandan çox üstün olduğunu hər kəsə göstərdi. İstər İsraildən alınmış pilotsuz uçuş aparatları, istərsə tank əleyhinə sistemlər əməliyyatlarda özünü yaxşı tərəfdən göstərdi. Bu, həm də təchizat baxımından balansın Azərbaycanın lehinə ciddi dəyişdiyi faktını ortaya qoydu. Ermənistana “İsgəndər” raketlərinin, müasir radioelektron müharibə vasitələrinin verilməsi bu balansı bərpa etmək məqsədi də daşıyır. Rusiya Azərbaycana da silah satır, amma heç vaxt bu tip silahlar satmayıb. Moskvanın Ermənistana “İsgəndər” raketləri verməsi başqa məqsədlər də daşıyır. Birincisi, aprel əməliyyatlarında sonra Ermənistanda Rusiyaya qarşı ciddi etiraz əhval-ruhiyyəsi formalaşdı, raket komplekslərinin verilməsi bu əhval-ruhiyyəni dəyişdirmək məqsədi daşıyır. İkincisi, bu, Rusiyanın Ermənistana güclü siyasi dəstək verməsinin bariz nümunəsidir.

– Aprel əməliyyatları zamanı Rusiyanın hər iki tərəflə intensiv dialoq aparması bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında arbitr rolunu önə çıxardı. Amma indi Ermənistanın müasir silahlarla silahlandırması Rusiyanın münaqişədə arbitr deyil, jandarm rolu oynadığını ortaya qoyur.

 

– Ermənistana “İsgəndər” kompleksinin satılması Azərbaycanı da bu kimi sistemlərdən müdafiə edəcək müasir texnoloji silahlar almaq məcburiyyətində qoyur və Azərbaycan bu silahları hansı ölkədən almağa müstəqil şəkildə qərar verə bilər.

 

– Aprel əməliyyatları Türkiyə-Rusiya münasibətlərində gərginliyin davam etdiyi dönəmə təsadüf etdi. Azərbaycan münaqişənin hərbi yolla həllində ən böyük uğuru məhz bu iki ölkə arasında gərginlik mövcud olduğu zaman qazanıb. Maraqlıdır ki, Rusiyanın Ermənistana müasir silahlar verməsi Moskva-Ankara münasibətləri normallaşdıqdan sonrakı dövrə təsadüf edir. Bu iki fakt arasında əlaqənin olduğunu iddia etməsək də, fakt faktlığında qalır – Bu regionda Türkiyə-Rusiya arasında rəqabət getməsi Azərbaycanın xeyrinədir. Bu rəqabət Azərbaycanın manevr imkanlarını artırır. 

 

– Türkiyə-Rusiya yaxınlaşması Qafqaz regionunda proseslərə Azərbaycanın maraqları baxımından hələlik mənfi təsir etsə də, Suriyada bunun əksini görürük. Türkiyə məhz bu yaxınlaşmadan sonra Suriya ərazisində hərbi əməliyyatlar keçirərək 5000 kvadrat kilometrlik ərazini faktiki nəzarətinə götürüb. 

mənbə :
lent.az

Türkiye-Rusiya yaxınlaşması ve “İsgender” raketleri