İçeriğe geçmek için "Enter"a basın

Can verən şəhər, Xəzər üçün atom bombası, kömür məzarlıqlar... – SƏBUHİ MƏMMƏDLİ YAZIR – II YAZI

23-09-2016

23.09.2016 / 16:21 xeber –

 

Burda, bu respublikada 78 min göl var. Hə, təəccüblənməyin bu qədər. Ərazisinin 7 milyon hektarı bataqlıqlarla örtülüdür. Bataqlıqların altı isə qızılla, yəni neftlə, qazla. Dünyada yeganə yerdir ki, Mendeleyevin tərtib etdiyi məşhur cədvəldəki kimyəvi elementlərin hamısına bu torpaqlarda rast gəlmək olar. Ərazisi Azərbaycandan 6 dəfə böyükdür. Əhalisi isə 12 dəfə az – 800 min nəfər. 70 faizi meşəlikdir, tayqadır buraların. Amma bu meşəliyin 20 faizinə hələ insan ayağı dəyməyib.

 

 

Əfsanələr, rəvayətlər dolaşır buralarda. Buraların yerləri və adamlarıyla bağlı. Qar adamların varlığından tutmuş, Timofey babanın öz gözüylə gördüyünü iddia etdiyi saçını darayan su pərisinədək…

 

(Əvvəli burada http://news.lent.az/news/254437)

 

 

…1943-cü ilin 26 noyabrında , “Pravda” qəzetində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı dərc edilir. Həmin sənədə görə, Komi Muxtar Sovet Sosialist Respublikasının Kojvisnk rayonunun Vorkuta qəsəbəsinə şəhər statusu verilirdi.

O vaxt Vorkutada yaşayanların sayı 50 min nəfərə güclə yaxınlaşırdı. Həmin 50 min nəfərin 30 mini isə bu yerlərdə cəza çəkən dustaqlar idi. Elə şəhərin özü də məhz bu dustaqlar tərəfindən tikilmişdi. Bu fərmandan bir neçə il qabaq…

 

***

 

Vorkuta qütb dairəsində yerləşir. Əhalisinin sayına görə qütb zonasının üçüncü şəhəridir. Hazırda bu şəhərdə 51 mindən bir qədər çox adam yaşayır. Amma bir neçə il bundan əvvələdək Vorkutada əhalinin sayı 80 mini keçmişdi. Bura, Vorkutaya gedib çıxmaq dünyanın sonunun görməkdir sanki. Gedər-gəlməz deyirdilər ha, bax, elə həmin yerdir. Elə bu ifadənin bütün mənalarında.

 

Vaxtıyla bu gedər-gəlməzdə onlarla həbs düşərgələri olub. Bəzi mənbələrə görə, bu gedər-gəlməzlərdən, QULAQ-dan (Qlavnoe Upravlenie Laqerey – Həbs Düşərgələri Baş İdarəsi) – 90 mindən çox məhbus gəlib keçib. Onların arasında yüzlərlə azərbaycanlı da olub. Bura həm də ona görə gedər-gəlməzdir ki, inzibati ərazicə daxil olduğu Komi Respublikasının paytaxtı Sıktıvkardan belə saat yarımlıq yoldu. Qatarla? Yox, təyyarəylə! Avtomobil yolu? Hə, təsəvvür edin, Vorkutanın paytaxtla, başqa şəhərlərlə birləşdirən avtomobil yolu bir neçə il əvvəl istifadəyə verilib. Buna qədər isə şəxsi avtomobiliylə bu şəhərə getmək istəyənlər əsil zülmə qatlaşırdılar. Təsəvvür edin, avtomobil yolu Uxta şəhərinə qədər imiş. Uxtada isə avtomobilləri qatar vaqonlarına yükləyirmişlər. Və Uxtadan Vorkutaya 680 km yolu da beləcə qət edirmişlər. Yol yerli hökumətin yadına 2011-ci ildə düşüb. O da qazın hesabına. Yamalda iri qaz yatağı tapılandan sonra Rusiya hökuməti buralara yol çəkmək qərarına gəlib. Çünki qaz yatağının istismarıyla məşğul olanları bu və ya digər ərazilərə daşımaq əməlli problemə çevrilibmiş. Təyyarə isə bura həftədə iki dəfə uçur. Ona bilet tapmaq üçün gərək iki ay əvvəldən bilet sifariş verəsən.

 

***

 

Şəhərdən Şimal qütbünə vur-tut 150 km qalır. Şimal Buzlu Okeanla arası da təxminən bu qədərdir. Əbədi buzlaqların başladığı yerdir bura. İlin cəmi 60 günü burada havanın temperaturu 0-dan yuxarı olur. 300 gündən çoxunu isə vorkutalılar şaxtada yaşayır və çalışırlar. Elə şəhər sakinlərindən birinin yarızarafat, yarıgerçək dediyi kimi: “Qorxmayın, Vorkutada iki ay soyuq olur, qalan vaxt şaxtadı”.

 

Burada yayın ortasında, iyul ayında belə tundranın çox da uzaq olmayan dərinliklərində qara rast gələ bilərsən. Günəşi buralarda az görürlər. Hətta qışın bir çox günlərində burada gündüz 1 saat 15 dəqiqə davam edir. Səhər saat 10.30-da çıxan günəş, 11.45-də batır.

 

***

 

Vorkutadan azca aralanmağın kifayətdir ki, mobil rabitəni itirəsən. Ümumiyyətlə, buradan tundranın başqa ərazilərinə maşınla getməli olsan, avtomobilini dönə-dönə yoxlamalısan. Çünki mobil rabitə bir yana, yüzlərlə kilometr ərazidə ins-cins gözə dəymir, nəinki yanacaqdoldurma məntəqəsi və ya yol qırağı kafe.

 

Vorkutanı Çernov adlı geoloq kəşf edib. Daha doğrusu, Vorkutada nəhəng kömür yataqlarını. 34-cü ildə 40 nəfərlik ekspedisiya ilə bu əraziyə gəlib. Və təxminən 1 metr dərinlikdən daş kömür çıxarmağa başlayıb kəşfiyyatçı-geoloqlar. Bundan sonra Moskva əraziyə mütəxəssis və fəhlələr göndərib. Əslində  şaxtalarda fəhləliyi burada cəza çəkən məhbuslar edirmiş. Buralarda həbs düşərgələrinin sayı 30-u keçibmiş. Ən ağır işlərə də onları göndərirmişlər. Buradan, mədənlərdən. Həbs düşərgələrindən qaçıb can qurtaran isə olmayıb. 50-ci illərin ortalarınadək mövcud olan həbs düşərgələrində həlak olanların sayı indiyədək bəlli deyil. Müxtəlif rəqəmlər səslənsə də, fakt budur ki, dəhşətli şaxtanın, aclıq və xəstəliklərin, kömür şaxtalarının aldığı canların sayı 30 mini keçib.

 

 

Sovet hakimiyyəti Vorkutadakı amansız həbs düşərgələrində təkcə “insan eksperimentləri”ni yox, insanlığa yaraşmayan nəyi desən sınaqdan keçirib. Məsələn,

14 iyul 1971-ci ildə yerli sakinlərə xəbərdarlıq etmədən Vorkutadan vur-tut 15 kilometr aralı, yerin 500 metr dərinliyində atom bombasını sınayıb. Bundan 3 il sonra isə Vorkutaya bitişik Seyda qəsəbəsi yaxınlığında növbəti atom bombasını sınayıb. Düzdür, sovet hökuməti bu sınaqların dinc məqsədlə aparıldığını deyirdi. Hətta bu layihənin Xəzər dənizini xilas etmək məqsədiylə həyata keçirildiyini bəyan edirdi. Hə, məhz Xəzər. Sən demə, həmin vaxt suyu həddən artıq çox azalan Xəzəri xilas etmək üçün. Məqsəd yerin dərinliyində partlayışlar törətməklə layları açmaq, Peçora və Kama çaylarını birləşdirmək imiş. Bu çaylar isə birləşəndən sonra Volqaya tökülməliymiş. SSRİ bu məqsədlə 215 partlayış törətməliymiş. Amma sonradan bu ağlasığmaz layihənin icrası dayandırılıb.

***

 

 

Hə, orda qaldıq axı… Məhz bu “eksperiment”lərdən sonra Vorkutada və İntada xərçəng xəstəliklərinin sayı durmadan artıb. Qeyri-rəsmi məlumatlara görə, hazırda hər 8 nəfərdən birində ağır şiş xəstəliyi mövcuddur.

 

 

Sovetlər dağılandan sonra Vorkutada əhalinin sayı da azalmağa başladı. Dözülməz sosial problemlər, xəstəliklər, infrastrukturun darmadağın olması burada yaşayışı cəhənnəmə çevirdi. İndi Vorkuta ölü şəhəri xatırladır, əslində. Şəhərin bir balaca abad olan küçəsi hələ də Leninin adını daşıyır. Bu şəhərdə gənclərin əyləncə mərkəzi, üz tutacağı bir yer yoxdur. İnzibati cəhətdən Vorkutaya tabe olan elə qəsəbələr var ki… ümumiyyətlə, boşdur. Məsələn, Rudnik qəsəbəsi. Buradakı şaxtalarda kömür hasilatına son verilib. Daha doğrusu, yerin təkindən əl satan yerə qədər kömür çıxarılıb. “Kömür yoxdursa, iş də yoxdur. Burada qalmağın nə mənası? 5-6 təqaüdçü qalıb, hamı dağılıb gedib. Qəsəbə bomboşdur. Şaxtaların üstünü də açıq qoyub” – deyir həmsöhbətimiz Viktor Qluşko. Şaxta demişkən, son 14 il ərzində Vorkuta şaxtalarında 160 qəza baş verib, 164 nəfər həlak olub.

 

 

Vorkutanın elə mikrorayonları var ki, faktiki olaraq boşalıb. Məsələn, neneslərin yaşadığı Xalmer Yurt. Bu regionunun köklü xalqlarından olan neneslər əsasən maralçılıqla məşğul olurmuş. Amma bu sahəyə maraq ölüb. İndi nəinki maralı, özünü saxlamaq belə problemə çevrilib buralarda. Düzdür, hər il oktyabrın 1-də Maralçılıq günü keçirilir. Həmin gün Vorkutanın küçələri avtomobillərin hərəkəti üçün bağlanır. Küçələrdə ancaq marallar hərəkət edirlər, Müxtəlif yarışlar və əyləncəli oyunlar təşkil edilir. Maral toyu da deyirlər buna. Amma vur-tut bircə gün. Maral demişkən, buralarda hər bir kafenin menyüsündə maral ətindən  müxtəlif növ yeməklər təqdim edilir.

 

Yeri gəlmişkən, şəhərdə barmaq sayı qədər kafe var. Onların da sahibi elə bizimkilərdir. azərbaycanlılar şəhər əhalisinin sayının bir faizini təşkil edirlər. Təxminən 500 nəfər.

 

Amma 70 il bundan əvvəl bu yerlərdə, Stalinin amansız həbs düşərgələrində minlərlə azərbaycanlı canıyla əlləşirdi. Onlardan az bir hissəsi bu amansız sınaqdan çıxa bildi. Yerdə qalanlar isə…

Sonrakı yazıda onlardan yazacağıq. Şaxtalı, uzaq Vorkutada katorqa çəkən soydaşlarımızın qan donduran həyat hekayələrini oxuyacaqsınız.

Tanınmış diplomatımızın atasının məzarını tapmaq üçün hansı zülmləri çəkdiyini biləcəksiniz.

Növbəti yazılar daha maraqlı olacaq. Lent.az-ı oxuyun. Başqa heç yerdə olmayacaq…

 

 

+5

mənbə :
lent.az

Can veren şeher, Xezer üçün atom bombası, kömür mezarlıqlar… – SƏBUHİ MƏMMƏDLİ YAZIR – II YAZI