İçeriğe geçmek için "Enter"a basın

Türk ordusu o "zülmət şəhər"i İŞİD-dən niyə almalıdır? - Səbuhi Məmmədli yazır...

24-08-2016

24.08.2016 / 14:04 xeber –

 

 

Türkiyə ordusu ötən gecə Suriya ərazisinə girdi. Tanklarla, toplarla, təyyarələrlə. Qaziantep vilayətinin Karkamış kəndi istiqamətindən Suriyanın Cerablus qəsəbəsinə doğru hərəkətə keçən ordu hissələri İŞİD-ə qarşı əməliyyata başlayıb.

Artıq politoloqlar ilkin şərhlərini verir, Türkiyənin qəfil Cerablus əməliyyatının səbəbləri, nəticələri barədə danışırlar: Türkiyə sərhədlərinin İŞİD-in nəzarətindəki hissəsini, yəni Cerablusu təmizləmək üçün Azad Suriya Ordusuna dəstək verir; Suriyanın şimalı – Türkiyənin cənubunda kürd zolağının yaranmasına yol vermək istəmir və s. və i.

 

Amma bütün bu geosiyasi proseslərə rəğmən türk ordusunun bu əməliyyatı həm də böyük bir insan kütləsinin əsirlikdən, girovluqdan xilası deməkdi. Məncə, bu barədə daha çox yazılmalı, deyilməlidir.

 

İki ildir ki, Cerablus İŞİD-in qara bayraqlarının gətirdiyi zülmətə bürünüb. Bu sətirlərin müəllifi elə ötən ilin bu vədəsində həmin o qara bayrağın 10 addımlığına qədər gedib çıxmışdı. Elə həmin Cerablusu Karkamışla ayıran təmas nöqtəsinə. Elə həmin cerabluslularla görüşmüşdü. Elə həmin cerabluslular hər gün səhərdən axşama qədər həmin təmas xəttində dayanıb, öz doğma yurdlarına baxırdılar. Və bu, həm də o cerabluslular idi ki, canlarını götürüb Türkiyəyə qaçsalar da, kiminin anası, bacısı, kimininsə qardaşı, əmisi, dayısı, bir sözlə, əzizi hələ də ordaydı. Cerablusda – İŞİD-in əlində.

 

“Haradan gəldilər, necə tutdular bu qəsəbəni, hələ də qaranlıq yuxu kimi gəlir bizə. Qəsəbəni tutan günün səhəri camaatı meydana yığdılar. Cavanları ayırıb apardılar. Onlara qəsəbənin ətrafında xəndək qazdırdılar. Türkiyə sərhədi boyunca hər tərəf dövrələmə xəndəkdi. İçərisini də suyla doldurublar. Xəndəyin ətrafı da minalanıb. Gələn kimi öz qayda-qanunlarını elan elədilər. Onsuz da namaz qılan, dindar camaatıq. Amma saqqız çeynəməyə görə də adam asarlar?! Bu, dəhşət idi. Qonşumuz Mahmudun oğlunu buna görə asdılar. Cibindən də siqaret çıxmışdı. Əvvəlcə 70 şallaq vurdular. Sonra biri gəlib dedi ki, cibindən saqqız da tapılıb. “Şeytan əməlidir” dedilər, yazıq uşağı günün günorta çağı asdılar. Məktəbləri bağlayıblar. Ancaq Quran dərsləri keçirlər. Allah göstərməsin, kiminsə mobil telefonunda musiqi, ya hansısa video tutalar, əlini kəsərlər. İkinci dəfə tutsalar – başını. Əlaqə saxlaya bilmirik. Hər gün gəlib dururuq burada baxırıq. (Kövrəlir) Bax, bu vəziyyətdə Cerablusda İŞİD-in əlinə keçsən, səni azı 3 dəfə asa bilərlər. Ya da başqa bir edam cəzası alarsan. Niyə? Deyim də. Əvvəla cins şalvardasan. İkincisi, qısaqol köynəkdə və yaxan da açıq. Üçüncüsü isə siqaret çəkirsən”.

 

Bunu Azra demişdi mənə. Anası və atası Cerablusda İŞİD girovluğunda olan Azra.

 

Cerabluslu Hüseyn. İŞİD-in əlindən qaçıb, elə Cerablusla üzbəüz Türkiyənin Karkamış kəndinə sığınmış 5 mindən çox suriyalıdan biri. Hə, Hüseynin ayaq barmaqlarını kəsiblər. Çəkələk – daha dəqiqi, “vyetnamka” geydiyinə görə. Cəzasının səbəbini isə belə izah ediblər: Çəkələyin barmaqlığı ayaq barmaqlarını bir-birindən ayırır. Elə beləcə də deyiblər: “Bu, böyük günahdır. Bu qardaşı qardaşdan ayırmaq mənasını verir. Beş barmaq, beş qardaşdır. Qardaşları bir-birindən ayırmaq isə küfrdü”.

Bax, beləcə, bir çəkələyin, “vyetnamka”nın qurbanı olub Hüseyn. Amma hələ buna da şükür edir…

 

“Heç kimi qoymurlar Cerablusdan çıxmağa. Ətrafı minalayıblar. Mənim bacım oğlanları – əliylə göstərir – bax, o təpənin dalında minaya düşdülər. Tikə-tikə oldular. Bədənlərini payaya keçirdib, bir neçə gün təpənin başında saxladılar ki, hamıya görk olsun. Bacım isə havalandı bu dərddən”.

Bunu isə Azim demişdi…

 

İndi, mən bu sətirləri yazanda Azra bəlkə yenə də təmas xəttində dayanıb Cerablusa baxır. Barmaqları kəsilmiş Hüseyn axsaya-axsaya onun yanına tələsir. Azim isə havalı bacısının əsirlikdən qurtulacağı saatın, dəqiqənin intizarındadı.

 

Və indi bu sətirlərin yazıldığı anda gözlər Cerablusdadı. Türk əsgərində. Bax, şəkildə mənim arxamdakı qara bayrağın yıxılacağının intizarında.

Yəqin axşama, şər qarışana qədər… “səhər açılar” Cerablusda… 

+2

mənbə :
lent.az

Türk ordusu o "zülmet şeher"i İŞİD-den niye almalıdır? – Sebuhi Memmedli yazır…