İçeriğe geçmek için "Enter"a basın

Mağazalarda məişət cihazlarında bahalaşma

31-03-2015

meişet
Bahalaşma ilə bağlı tez-tez yazılar dərc edirik. Amma mağazalarda buna baxmayaraq 35-40 faizlik artım var, müştərilərin sayı isə yarıbayarı azalıb
Manatın devalvasiyasından sonra qiymət artımı sürətlə bütün sahələri “ağuşuna” alıb. Məişət avadanlıqları, elektron cihazlarda da artımın necə və hansı prinsiplə dəyişdiyini görmək üçün bir neçə mağazada müşahidə apardıq. Ukrayna dairəsindəki “Beko” mağazasında alıcı görünmürdü. Durumun həmişəki kimi bayram sonrası bir “afterşok” olduğunu düşünmək də olardı, dolların boynuna yıxmaq da. Mağazaya girən kimi qiymətlərdə “yumşaqlıq” hiss etmədim. 2 ay əvvəl elektriklə işləyən duxovkaların qiyməti 60-100 manat civarında idi, artıq burada qiymət 120-130 manat olmuşdu. Hətta 190 manata da vardı. Menecer Elgün and-aman elədi ki, mağazada qiymət dəyişməyib, hər yerdə manatın şıdırğı dollara çevrildiyi vaxt onlarda qiymət sabitdir, hələ üstəlik kampaniya da var, bəzi mallara hədiyyələr verilir. İddiasına görə guya ki, mən başqa firmanın məhsulunu görmüşəm, sanki bu firma Marsdan gəlib. Amma yaxın günlərdə bahalaşmanın mümkünlüyünü də istisna etmədi. Daha nə qədər bahalaşacaq ki?! Əvvəllər bu dükanda 300-400 manat civarında televizor, paltaryuyan, kondisioner görmüşdüm, amma indi minimum 500-600 manatdan başlayırdı.

Menecerin dediyinə görə, hələlik təzə partiya mal gətirilməyib, əksəriyyət 2014-cü ilin modelləridir. Yeni mallar ola bilsin ki, yeni qiymətlərlə gəlsin. Adətən netbookların qiyməti 200 manatdan başlayırdı, dükanda 450 manat idi. Dedi ki, artıq ölkəyə netbook gətirilmir və daha kompakt olanlara tələbat qiymətləri də qaldırıb. Dedim, deyəsən alıcı azalıb. Təsdiqlədi. Səbəbi ilə maraqlandım, “qiymətlər qalxıb” cavabını verdi. Bu da sizə etiraf! İrad tutdum ki, bəs qiyməti qaldırmadığınızı dediniz. Fikrinə düzəliş verdi: “Camaat elə düşünür ki, biz bahalandırmışıq, əslində isə qiymət əvvəlki kimidir. Əhalidə pul yoxdur, birinin maaşını kəsirlər, o birinin əməkhaqqını vaxtında vermirlər. Novruz bayramından əvvəl vəziyyət necə idisə, indi də eynidir. Keçən illə müqayisədə müştərilərin sayı yarıbayarı azalıb”.

Köhnə partiya malı “Beko”da yeni qiymətlə satdılar

Almaniyanın “Blomberg” markalı paltaryuyan maşınlarının ən ucuzu 833, Türkiyə istehsalı “Beko”lar 610 manatdan başlayır. “Samsung”un 6 kiloluğu 520 manatdır, ən ucuzu da budur. Dediyinə görə, “Beko” ilə “LG” məhsulları eyni dərəcədə alınır, “Samsung”a o qədər üstünlük verilmir. “Blomberg”i də sevirlər, amma qiyməti bahadır, onun 6 kiloluq paltaryuyanının dəyərinə 8 kiloluq “Beko” almaq olar.
Qabyuyan maşınlar 680 manatdan başlayır, 890 manata da var. Qiymət artdıqca, təbii ki, funksiyaları da çoxalır. Soyuducuların ən kiçiyi 480 manatdan başlayır, qiymət 2600 manata qədərdir. Mikrodalğalı sobalar 170-200 manat arasındadır. Elektrik və qazla işləyən soba 1060 manatdır, dostdoğma aspiratoru (hava, qaz, tozu soran) da üstündə “hədiyyə”. Bizdə onları ayırıb satırlar. Gözümü açandan bu dükanda aspiratoru “hədiyyə” görmüşəm. Əlbəttə, qiymət 1060 manat olanda “hədiyyə”si də gərək 200 manatlıq olsun. Ümumiyyətlə, qaz sobaları 510 manatdan başlayır. Keçən il bu vaxtlar 380 manata da soba vardı. Qaz sobalarına təlabat azdır. Indi mətbəx mebelində yerləşdirilən duxovkalara üstünlük verilir. Bununla belə qiymətlər keçən ilkinə nisbətdə azalmayıb, əksinə artıb.

Dükanda daha çox televizor satılır. Tələbat daha çox 800 manata qədər olan televizorlaradır, uzaqbaşı 1000 manat. Ondan çox olanları az-az alırlar. Dediyinə görə, çoxluq daha çox böyük ekranı olanlara üstünlük verir. Qiyməti 4000 manata panorama ekranlı da var, amma rayonun əhalisinin kasıb olduğunu nəzərə alıb bahalı televizorlar tək-tük hallarda gətirirlər ki, birdən kimsə alar.
Kondisionerlərin qiyməti əsasən 700 manat civarındadır. “LG”nin 45 kvadratlıq kondisioneri 567, “Beko”nun 30 kvadratlığı 700 manatdan yüksəkdir. Əksər mallarda nisbətən ucuz olanlar sanki eksklüziv mal kimi 1, uzaqbaşı 2 nümunədir. Əsasən iri məişət əşyalarında orta qiymətlər 700-800 manatdan başlayır. Elektrik ətçəkənlər 127-192 manat arasındadır. Tozsoran 70 manata da var, 350 manata da.

Satıcı Ülfətə də suallar verdim. Alıcı sayı azmış: “Əvvəllər gün ərzində 50 nəfər mağazaya baxmağa gəlirdi və onlardan heç olmasa yarısı potensial alıcı idi. İndi bu rəqəm uzaqbaşı 15-dir. Bunların yarısı baxmağa gələnlərdir, “bahadır”, deyirlər. Camaat faizsiz kredit verilən yerlərə üz tutur, halbuki həmin faizi qiymətin üstünə qoyub satırlar. Əhali daha çox kreditlə mal alır. 10 nəfərdən 7-si kreditə götürür”.

Onunla da duxovka söhbətinə gəldim. Ülfət dedi ki, 100 manata ancaq “İvea” markalı duxovka ola bilər. Xəbəri yox idi ki, artıq dükan sahibi onu vitrinə 120 manata qoyub. Bu dəfə Elgün onun səhvini düzəltdi ki, həmin markada duxovkanın ağ rəngi 100 manata ola bilər, qarası yox. Heç ağ vardı ki?! Əvvəlki qiymətlərlə tanış etmələrini istədim, o boyda dükanda qiymətlər yoxmuş, qiymətlərin firmada olduğunu söylədilər. Nəysə, 2 ay əvvəl 100 manata gördüyüm duxovkanı nağd alındığına görə 10 manat “endirim”lə bizə 120 manata satdılar.

Elgün dedi ki, hazırda nağd pula alan, demək olar, yoxdur. Devalvasiya işlərə 50 faiz təsir edib, hər sahədə qiymət artdığına görə camaat elektron əşya hayında deyil. Gözləmə mövqeyində olanlar da pullarını xərcləməyib, saxlayırlar.

Mobil telefonlar 35-40 faiz bahalanıb

“Texnoplus Electroniks” mağazasında səmimi danışdılar. Menecer mallarda 27-30 faizlik bir artım olduğunu boynuna aldı. 2 ay əvvəl reklamı gedən 129 manatlıq telefon 179 manata qoyulmuşdu, arada 30 yox, 34 də yox, tam 39 faizlik bir fərq var. İndi bilmirəm, dükan sahibi qiymətlə manipulyasiya edib, yoxsa firma. 34 faizlik devalvasiya malın üzərinə gəlir, bəs qalan 5 faiz nəyin nəsidir? Bəzi sahibkarlar deyirlər ki, dollar bahalaşanda avtomatik ona uyğun gömrük dəyərində də fərq yaranıb. Yəqin ki, bu fərq o fərqdir. 539 manatlıq telefon əvvəl 399 manat olub. 140 manatlıq bir fərq var, yəni 35 faiz.

Dükanda İPhone telefonları yoxdu, satıcı dedi ki, şirkət özü onun satışını dayandırıb. Bazada var, amma üzə çıxartmırlar, uyğun vaxt gözləyirlər. Dükanın administratoru Mirzə müəllimin sözlərinə görə, artım bəzi mallarda daha çoxdur, bəzilərində nisbətən az: “Telefonlarda, “Samsung” mallarında bahalanma var. Gələn mallar dollarladır. İstəməsək də, bahalanıb. Məsələn, əvvəl 100 dollarlıq telefona 78 manat verirdik, indi həmin telefon 106 manat olub. Yəni indi 100 dollara 106 manat verirəm. Biz onun üstünə əlavə pul qoymuruq, qazancımız əvvəlki səviyyədə qalır. Heç qiyməti artırmağa da gərək yoxdur, dolları əvvəlki kursla manata çevirəndə qiymət avtomatik yaranır. Məsələn, bu kondisionerlər yeni gətirilib, qiyməti əvvəllər 720 manat olub, hazırda 890 manatdır. 170 manat, yəni 24 faizlik bir bahalaşma var. hazırda bəzi şirkətlər malı anbarlarda “yatırıb”, satmır”.

Televizorlarda çox artım olmadığını desə də, menecer bunun 27-28 faiz olduğunu söylədi. Məhz burada köhnədən gördüyüm “Sony” markalı 82 ekranlı, qiyməti 400 manat civarında olan televizor indi 529 manata qoyulmuşdu. Menecer ən azından 100 manatlıq bir fərqin olduğunu söylədi, administrator isə 50-60 manat dedi. Kimə inanasan? Mirzə müəllim məni inandırmağa çalışdı ki, əvvəlki mal olduğundan üzərinə 10 faiz gəliblər. Köhnə qiymətinə baxmağı təklif etdim, “kompüter bağlıdır, mühasib gedib” dedi. Nağd götürsək, administrator qiymətdən 70 manat güzəşt edə biləcəkmiş. “Beko”da qiymət artımının olmadığını deyəndə, bu, dükandakılarda gülüş doğurdu: “Birinci qiymətləri elə “Beko” bahalaşdırdı. “Beko”nun paltaryuyan maşını 420-450 manat olub, indi 550-580-dən yuxarıdır. 150 manat həddində bahalaşıb. Malı ucuza satdıqları inandırıcı deyil”. Əlavə şərh də verdilər ki, fərqi yoxdur, köhnə, təzə partiya malların hamısının qiyməti qalxıb. Burada da 10 nəfərdən 8-9-nun kredit götürdüyünü öyrəndim.

“Böyük mağazalar faizi də malın qiymətinə “oturdurlar””

“Metro Market” mağazasında da nisbətən populyar markalardan olan duxovkaların qiyməti 120-130 manat arasındadır. Dükan sahibi bir həftə əvvəl həmin duxovkaları 100 manata satdığını dedi: “Başqa firmalarda qiymət qalxsa da, köhnədən qalanları elə köhnə qiymətə satırdım. Təzə partiyanı baha aldığıma görə özüm də artıq o fərqi üzərinə gəlirəm. Hazırda bütün elektron malların qiyməti yerində avtomatik 30 faiz qalxıb. “Beko”, “Maqnit”, “Optimal”, “Kontakt” kimi mağazalarda bahalandı, ya bahalanmadı, onsuz da qiymətlər yüksəkdir. Yanımızda “Optimal” mağazasında 420 manata qoyulan televizoru mən 350 manata satıram, burdan-bura 70 manat fərq var. Biz də onlar kimi böyük firmalardan malları alırıq, fərqimiz ondadır ki, onların mağazası böyükdür, bir də işçiləri var. Bizdə işçi özümüzük və ona görə icarəhaqqı ilə işçilərin maaşını malların qiymətinə “oturtmuruq”. Paltaryuyan maşınlarımız 380 manatdan başlayır, artan istiqamətlə 780 manata qədər davam edir. Qaz sobası bizdə 370 manatdır, adını çəkdiyim dükanlarda 450 manata verirlər. Onların hələ elə malları var ki, keyfiyyətsizdir. Brend olmasa da, hazırda məişət texnikasından “LG” öndə gedir. Kiçik soyuducuların qiyməti 350 manatdan başlayır, 1400-ə qədər var. Bizim 950 manata satdığımız soyuducuları 1000 manatdan aşağı verən yoxdur – 1200-1300 manatdır”.

Sahibkar dedi ki, 700 manatlıq paltaryuyanı devalvasiyadan əvvəl 500 manat civarında satıb: “O vaxt qiymətlər bir həftəyə qədər əvvəlki kimi qaldı, ayın sonundan qalxmağa başladı. Hazırda minimum 30 faizlik bir fərq var. Bizə firmadan hansı qiymətə verirlər, o qiymətə də götürürük. İqtisadiyyat və Sənaye Nazirliyindən bizə qarışmırlar, burada istehsal yoxdur, malı dollarla alırıq. Manatın devalvasiyası qiymətlərə təsir etdiyi kimi, alıcılığı da xeyli aşağı salıb. Devalvasiya 34 faizdir, alıcı isə əvvəlki vaxtla müqayisədə 40-50 faiz azalıb. Kredit əvvəllər manatla verilirdi, indi banklar da əsasən dollarla kredit ayırır, ona görə də çox adam götürmür. Bu səbəbdən bizim işimiz də zəifləyib. İri mağazalarda qiymət onsuz da baha olduğundan kredit də daxildədir, odur ki, manatla verə bilirlər. Qiymətləri yüksək olduğundan riskləri də çox deyil. Müştəriləri də bizimki kimi qəhətə çıxmayıb. Hazırda manatla işləmək onlara sərfəlidir, müştəriyə isə yox. Haradan baxsanız, yenə də sonda hər şey eyni nöqtəyə gəlib çıxır. Biz 16 faizlə kredit veririk, onlar 18 faiz desələr belə, yenə də üzərinə çox qoyurlar. Çünki müştəri onsuz da malın qiymətini bilmir, onu biz hansı qiymətə aldığımızı bilirik və neçəyə satacağımız halda özümüzə sərfəli olacağını əvvəlcədən hesablayırıq. Hətta faizsiz kredit verdiklərini iddia etsələr də, malın üzərinə biz 100 manat qoyanda onlar 200 qoyurlar. 10 faiz kredit faizi gəlsələr, yenə də “qabağadırlar”. Yalandan 6 aylıq faizsiz deyirlər, boş şeydir. Elə faizsiz də Azərbaycanda iş görmək mümkündür. Əvvəlcədən həmin faiz qiymətin üzərinə qoyulur.

“Kontakt”da gözümlə gördüm, mənim 510 manata satdığım paltaryuyanı 658 manata qoyublar, özləri də yalandan 6 aylıq faizsiz kreditlə verdiklərini deyirlər. Aralarında 150 manat fərq var. Əlbəttə, “faizsiz” qoyacaq.
Azadliq.az

Mağazalarda məişət cihazlarında bahalaşma