10/08/2016 [21:47]: xeber –
Dəniz mövsümü ilə əlaqədar
olaraq çimərliklərdəki obyektlərdə uşaq əməyindən istifadə hallarının sayı kəskin
surətdə artmaqdadır. Həm obyektlərdə müştərilərə xidmət göstərən, həm də səyyar
şəkildə müxtəlif məhsulların satışını həyata keçirən bu azyaşlıların arasında hətta
5-ci-6-cı sinif şagirdləri belə mövcuddur. Və nə qədər qəribə olsa da uşaq əməyinin
aşkar şəkildə istismarına heç bir dövlət orqanı müdaxilə etmir.
Maraqlıdır, azyaşlıların
bu şəkildə istismar edilməsinə hüquq-mühafizə orqanları müdaxilə etməlidirmi? Qanunda
azyaşlı əməyindən faydalanan sahibkarların cəzalandırılması nəzərdə tutulubmu?
Bununla bağlı
sayt-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bunun ciddi
qanun pozunusu olduğunu vurğuladı:
“Konstitusiyanın 17-ci
maddəsinə görə, 15 yaşdan aşağı uşaqları işlətmək, onları işə qəbul etmək
olmaz. Bu, çox ciddi, konstitusyon norma pozuntusudur.
Dəniz kənarında fəaliyyət
göstərən bəzi sahibkarlar uşaq əməyindən sui-istifadə edirlər. Uşaq əməyi ucuz
olduğuna görə onlar müxtəlif xidmətlərin tətbiqində bu əməkdan faydalanırlar. Bir
çox hallarda onlara bu əməyin müqabilində çox az pul ödənilir və ya ödənilmir. Bu,
çox ciddi qanun pozuntusudur. Uşaq əməyindən istifadə edən sahibkarla cinayət məsuliyyətinə
cəlb edilib cəzalanmalıdır. Bu, qanun və konstitusiyanın tələbidir”.
Seymur Əliyev
mənbə : moderator.az