İçeriğe geçmek için "Enter"a basın

Prezident “Polis haqqında” Qanunda edilmiş dəyişiklikləri təsdiqlədi

28-02-2016


28.02.2016 / 10:35 xeber –

Prezident İlham Əliyev “Polis haqqında” Qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Lent.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qanunda aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

“yaşayış yeri – bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutu və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu qanunun məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir).”.

2. 21-ci maddə üzrə:

2.1. III hissənin:

2.1.1. 1-ci və 2-ci bəndlərindən “və ya inzibati xəta” sözləri çıxarılsın;

2.1.2. 3-cü bəndində “mənzilində cinayətin və ya inzibati xətanın” sözləri “yaşayış yerində, nəqliyyat vasitəsində cinayətin” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:

“III-I. Şəxsin inzibati qaydada tutulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda həyata keçirilir.”.

3. 22-ci maddənin II hissəsində “III hissəsində” sözləri “III və III-I hissələrində” sözləri ilə əvəz edilsin.

4. 24-cü maddə üzrə:

4.1. I hissədə “mənzilə” sözü “yaşayış yerinə” sözləri ilə əvəz edilsin;

4.2. II hissə aşağıdakı redaksiyada verilsin:

“II. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.”.

5. 25-ci maddə üzrə:

5.1. I hissənin:

5.1.1. 1-ci, 2-ci (hər iki halda) və 5-ci bəndlərində “mənzilə” sözü “yaşayış yerinə” sözləri ilə əvəz edilsin;

5.1.2. 3-cü (hər iki halda), 4-cü və 7-ci bəndlərində “mənzilə” və “mənzildə” sözləri müvafiq olaraq “yaşayış yerinə” və “yaşayış yerində” sözləri ilə əvəz edilsin;

5.2. II hissədə “qanunvericiliyində” sözü “Cinayət-Prosessual Məcəlləsində və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.

mənbə :
lent.az

Prezident “Polis haqqında” Qanunda edilmiş deyişiklikleri tesdiqledi