İçeriğe geçmek için "Enter"a basın

Gömrük Komitəsinin Akademiyasında Xocalı faciəsi anılıb

26-02-2016


26.02.2016 / 19:53 xeber –

Fevralın 25-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, mərasim iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbiri giriş sözü ilə Akademiyanın rəis müavini Nizami Quliyev açıb.

Xocalı soyqırımının Azərbaycan xalqının tarixində silinməz izlər buraxdığını, XX əsrin sonlarında ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan bəşəri bir cinayət olduğunu bildirən rəis müavini bir şəhərin yer üzündən silinməsindən, uşaqların, qocaların, qadınların məhv edilməsindən, əsir və girovlara verilən işgəncələrdən bəhs edib. Bu cinayətin cəzasız qalmaması və Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməli olduğu bildirilib.

Daha sonra Akademiyanın müəllimi Müzəffər Qurbanlı, karyera mərkəzinin əməkdaşı Rəşad Zeynalov və digər əməkdaşlar Xocalı soyqırımı haqqında öz fikirlərini bölüşüblər. Ölkəmizdə hərbi-vətənpərvərlik təbliğatına xüsusi önəm verildiyi və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində gənclərin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb. Tədbir Xocalı faciəsindən bəhs edən kadrların nümayişi ilə başa çatıb.

 

mənbə :
lent.az

Gömrük Komitesinin Akademiyasında Xocalı faciesi anılıb